Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz inanclarında qeyri-adi zaman nöqtəsi

03.03.17, 7:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Novruz bayramı ənənələrini bu bayramla qırılmaz şəkildə bağlı olan inanclardan kənarda təsəvvür etmək mümkün deyil: Novruzun bütün ənənələrinin əsasında inanclar durur. Bu inanclar həmin ənənələrlə yaşayan insanların düşüncəsinin, dünya haqqında, varlıq aləminin məkan-zaman quruluşu haqqında təsəvvürlərinin əsasında durur. Həmin məkan-zaman təsəvvürləri inanclarda obrazlar şəklində öz təcəssümünü tapıb. Bu cəhətdən Novruzun bütün fəlsəfəsinin, məna və mahiyyətinin kökləri inanclarda əks olunub.
İstənilən xalqın inancları, o cümlədən Azərbaycan xalqının Novruz ilə bağlı inancları bütöv bir sistemdir. Bizə ayrı-ayrı məsələlər, fərqli mətləblər təsiri bağışlayan inanclar vahid bir əsas ətrafında birləşərək sistem yaradır. Novruz inanclarını ümumi halda nəzərdən keçirdikdə burada da həmin inancların bağlı olduğu vahid bir əsası müşahidə etmək olur. Məlum olur ki, təzə ilin köhnə ili (yaxud təzə dünyanın köhnə dünyanı) əvəz etdiyi Novruz bayramında iki zaman üz-üzə gəlir. Bunlardan biri getməkdə olan zaman, o birisi isə gəlməkdə olan zamandır. Bunların bir-birini əvəz etməsi Novruz bayramında baş verir. Bu zaman əvəzlənməsində ən mühüm məqam ilin təhvil olunduğu zaman kəsiyidir. Həmin zaman kəsiyi ilə bağlı inanclar var. O inanclardan məlum olur ki, ilin təhvil olduğu məqam qeyri-adi zamandır. Bu zamanda qeyri-adi hadisələr baş verir. Həmin qeyri-adi zamanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, bir başlanğıc anı, qeyri-adi zaman nöqtəsidir. Bütün yeni zaman, yeni məkan və bu zaman-məkan daxilində baş verəcək hadisələr həmin zaman başlanğıcından, zaman nöqtəsindən başlanır. Bu zaman nöqtəsində baş verənlər fərqli xüsusiyyətlərə malik olur.
C.Bəydili (Məmmədov) göstərir ki, ilin təhvil olma anı xalq ənənəsində həm də “aləmin yatan vaxtı” adlanır. Müəllif yazır ki, aləmin yatan vaxtı Azərbaycan xalq inamlarında qışın sonunu, yazın başlanğıc anını göstərən mifik vaxtdır. Mifoloji təsəvvürlərdə aləmin yatan vaxtı ilin axır çərşənbəsinə təsadüf edir. Bununla bağlı deyilir ki, Novruz bayramına açılacaq gecədə gündüzlə gecə tən yarı olan zaman çaylar bir anlığa dayanır və sonra yenidən axır. Bu görüşlərə görə, aləmin yatan vaxtı deyilən həmin anda bütün canlı və cansız bilinən aləmdə nə varsa hamısı bir anlığa yuxuya gedər, yəni sanki ölüb-dirilər. O anda kim nə arzu eləsə, diləyi hasil olar.
İnanclardan məlum olur ki, ilin təhvil olma anını heyvanlar hiss edir, ağaclar qeyri-adi vəziyyətə düşür. İrəvan Çuxuru bölgəsi inanclarından birində deyilir ki, keçmişdə il təhvil olan gün çaydan xırda balıq tutub gətirər, ləyənə salıb, ətrafına səməni, şam düzər, diqqətlə balıqların hərəkətini izləyərdilər. Balıq şiddətlə çabalayanda, yaxud sudan atılanda alqış qopardı ki, “il təhvil oldu”. Hamı bir-birini təbrik edər, sonra da bütün kənddə bayramlaşma mərasimi başlayardı.
Ancaq ilin təhvil olma anını, yəni bu qeyri-adi zaman nöqtəsini təkcə balıqlar deyil, başqa heyvanlar da bilirlər. Qazax bölgəsindən toplanmış inanca görə, kim il təhvil olan anda atın oxranmasını, qoçun imrənməsini, təkənin mikkildəməsini eşidərsə, bütün niyyətləri, arzu-istəkləri baş tutar.
İnanc mətnindən məlum olur ki, il təhvil olma məqamı adi olmayan bir zaman nöqtəsidir və bu zamandan üç heyvan (at, qoç və təkə) xəbər tutur. Onlar da qeyri-adi səslər (oxranma, imrənmə, mikkildəmə) çıxararaq insanları xəbərdar etməyə çalışırlar. At ilin təhvil olmasını başqa şəkildə də bildirir. Naxçıvan bölgəsindən toplanmış inanca görə, at ancaq Novruz gecəsində üç dəfə gövşəyir. Deyirlər ki, onun gövşəməyini kim görsə, ona vergi verilər.
Həmin bölgəyə məxsus başqa bir inanc mətnində deyilir ki, Novruz bayramında su teşti qoyurdular. İçinə qırxayaq salırdılar. O dönəndə deyirdilər ki, il təhvil oldu. Ancaq ilin təhvil olduğunu təkcə heyvanlar bilmir. Bu qeyri-adi zaman nöqtəsində təbiət ünsürləri də özünü adi zamanda olduğu kimi yox, başqa cür aparır. Məsələn, ağaclar həmin an başını yerə vurur. Naxçıvandan toplanmış inancda göstərilir ki, ilaxır günü il təhvil olanda ağaclar başını əyib yerə vurar. Deyirlər bunu təkcə at bilir. Zəngəzur folklor yaddaşına görə, köhnə ildən təzə ilə keçəndə su dayanar, at kövşəyər, ağaclar səcdəyə gələr. Söyüd deyər:
- Mən də, mən də!..
Bu vaxt kim nə niyyət eləsə, niyyəti hasil olar.
Yeri gəlmişkən, Ləman Süleymanova Şəki Novruz adətləri haqqında məqaləsində göstərir ki, ilaxır çərşənbədə səhərə yaxın, hava hələ işıqlanmamış çaya, çay yoxdursa, bulağa – zəmzəm suyuna gedirlər. Ərazidə yayılmış inama görə, bu vaxt çayda su köpüklənməyə başlayır və bunu ancaq əməlisaleh adamlar görə bilirlər.
Göründüyü kimi, ilin təhvil olma anını insan yox, heyvanlar hiss edir, o cümlədən bu zaman nöqtəsində sular bir anlığa dayanır, ağaclarsa başını yerə əyərək torpağa toxundurur. Lakin bu zaman nöqtəsinin qeyri-adiliyi təkcə bunlarla qurtarmır. Əgər insan göstərilən əlamətləri başa düşüb, bunun ilin təhvil məqamı olmasını anlasa, həmin an ürəyində nə keçirsə, o da həyata keçər; insana vergi verilər, ürəyində tutduğu niyyət hasil olar, arzu-istəkləri baş tutar. Məsələn, Zəngəzur folklor yaddaşından qeydə alınmış bir nümunədə deyilir ki, bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ki, ağaclar səcdəyə gəldi. Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir. Güclə deyir ki, boynum sınaydı, bəs mən evə susuz necə gedəcəm? Arvadın o saatca boynu sınır.
Beləliklə, ilin təhvil olunduğu an qeyri-adi zaman nöqtəsidir və bu zamana təsadüf edən, ona tuş gələn insanın istənilən arzusu həyata keçir. Bəs bu, nə ilə bağlıdır? Müşahidə göstərir ki, ilin təhvil olduğu məqam köhnə zamanın bitdiyi və yeni zamanın başlandığı an, keçid məqamı, keçid nöqtəsidir. Köhnə zaman – axır çərşənbə, yeni zaman – Novruzdur. Ş.Albalıyev yazır ki, Novruz bayramı genetik olaraq öz mənşəyini məhz İlaxır çərşənbədən götürür. Mahiyyətcə, ilin axır çərşənbəsi bayramı Novruz bayramına – İlbaşına keçid funksiyasını yerinə yetirir. Yeni zamanın ilk başlanğıc nöqtəsində tutulan niyyət, edilən arzu həyata keçir. Çünki il həmin anla başlanır. Həmin anda edilən arzu, tutulan niyyət yeni zamanın məzmununu müəyyənləşdirir. Borçalı-Qarapapaq bölgəsindən toplanmış, eləcə də Azərbaycanın hər yeri üçün xarakterik olan inancda da deyildiyi kimi, ilaxır çərşənbəni hansı əhval-ruhiyyədə keçirərsənsə il boyu günlərin həmin əhval-ruhiyyədə olar.
Beləliklə, Novruz mərasim kompleksində ilin təhvil olma anı qeyri-adi zaman nöqtəsidir. Bu zaman anında hər şey fərqli olur: heyvanlar qeyri-adi hərəkətlər edib insanları bu andan xəbərdar etməyə çalışırlar. Başqa təbiət ünsürləri də adi hallarından çıxıb, bir anlığa qeyri-adi hala düşürlər: həmin an sular dayanır, ağaclar isə başlarını yerə əyib torpağa toxundururlar. Bu andan xəbər tutan insanın həmin məqamda ürəyindən keçirdiyi arzu, istək, niyyət hansı məzmunda olmasından asılı olmayaraq dərhal həyata keçir. Novruz inancları əski təbiət kultları haqqında təsəvvürləri özündə yaşadır. “Kult” – pərəstiş, tapınma deməkdir. Novruz inanclarının öyrənilməsi göstərir ki, babalarımız od, su, bitki, torpaq kimi təbiət ünsürlərini kultlaşdırıb, yəni bu ünsürlərin qeyri-adi varlıqlar olduğuna inanıb, onları müqəddəs varlıqlar hesab etmiş və bu ünsürlərlə bağlı mərasimi hərəkətlər icra ediblər.

S.Qasımova
Araşdırmaçı

Bu xəbər oxundu
- - -