Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cəbhədə gərginlik müharibəyə səbəb ola bilərmi?

03.03.17, 9:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Rəşidoğlu: “İrimiqyaslı savaş ehtimalı böyük deyil”

Mirsamir Məmmədov: “Azərbaycan istənilən zaman müharibəyə başlaya bilər”

Elman Məmmədov: “Biz son nəticədə müharibə edib, torpaqlarımızı işğaldan azad edəcəyik”

Cəbhədə gərginlik səngiməyib və bu da döyüşlərin genişlənəcəyi ehtimallarını istisna etmir. Bir sıra xarici ekspertlər də müharibə proqnozları verirlər. Bəzi politoloqların fikrincə, yaz aylarında döyüşlər müharibə fazasına keçə bilər.
Maraqlı məqamlardan biri isə ermənilərin hələ də muzdlu döyüçülərdən istifadə etməsidir. Bu fakt təsdiqini tapandan sonra erməni ordusunda ciddi problemlərin olması ilə bağlı daha tutarlı arqumentlər səsləndirilir.
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, Sarksyan rejimi ölkə daxilində ciddi problem yaşayır. Onun sözlərinə görə, 2 aprel tarixində Ermənistanda yeni parlament seçkiləri keçiriləcək: “Sarksyan anlayır ki, iflası qaçılmazdır və buna görə Qarabağ kartından növbəti dəfə istifadə etmək istəyir. Lakin seçkilərə qədər irimiqyaslı savaşa getmək Sarksyan üçün risklidir və savaşda məğlubiyyət onun sonunu yaxınlaşdıra bilər. Bu baxımdan, irimiqyaslı savaş ehtimalı böyük deyil”.
Politoloq Mirsamir Məmmədov isə diqqətə çatdırdı ki, müharibə ağır bir proses deməkdir: “Azərbaycanın öz torpaqlarını azad etməyə tam haqqı var. Müharibə olsa belə, bu, Azərbaycan xalqının və dövlətimizin şəxsi məsələsidir. Dövlət başçısı bu barədə istənilən an qərar qəbul edə bilər. Bu, məsələ ancaq dövlət başçısının müstəsna səlahiyyətinə daxil məsələdir, ikinci və ya üçüncü bir qüvvənin Azərbaycanın müharibəyə başlayıb, başlamaması məsələsinə heç bir aiddiyyəti yoxdur. Ümumiyyətlə, dövlətimiz bir qərar qəbul etdikdə heç kimdən izin almır və cənab Prezident müstəqil siyasət aparır. İşğalçı ölkəyə qarşı müharibə elan olunması məsələsi də, qeyd etdiyim kimi, ancaq Azərbaycanın daxili məsələsidir. Müstəqil beynəlxalq hərbi və siyasi ekspertlər aylardır ki, Azərbaycan və Ermənistan arasında müharibə anonsu verməkdədirlər. Təbii ki, bunlar tamamən subyektiv fikirlərdir”.
O əlavə etdi ki, bir çox halların obyektiv təhlili də bəzən beynəlxalq ekspertlərin bu kimi bəyanatlar səsləndirməsinə səbəb olur, ancaq bu məsələ birmənalı şəkildə Azərbaycan dövlətinin və xüsusən dövlət başçısının qəbul edəcəyi bir qərardır: “Aydındır ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində tam haqlı mövqe sərgiləyir, mövcud status-kvo ilə qətiyyən barışmır. Dövlət başçısı də dəfələrlə qeyd edib ki, "Biz heç vaxt mövcud status-kvo ilə barışmırıq və torpaqlarımızı işğaldan azad edənə qədər mövqeyimizdən dönməyəcəyik". Ümumiyyətlə tam təbii haldır ki, Azərbaycan istənilən zaman işğalçı və təcavüzkar Ermənistana qarşı müharibə elan etsin və öz qanuni torpaqlarını Ermənistanın hərbi təcavüzündən azad etsin. Ermənistanın işğal etdiyi torpaqlar dünyaın siyasi xəritəsində hal-hazırda Azərbaycan torpaqları olaraq qeyd edilir və "Google map" axtarış sistemində belə, bu torpaqların üzərində Azərbaycan olaraq qeyd edilib. Çünki, Azərbaycan BMT-yə bu torpaqlarla daxil olub və bu torpaqlar Azərbaycanın bölünməz və ayrılmaz tərkib hissəsi olaraq qəbul edilib. Eləcə də, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayan zaman, BMT Təhlükəsizlik Şurasında, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü pisləyən və bu əraziləri dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən 4 ardıcıl qətnamə qəbul edilib. BMT Təhlükəsizlik Şurasında Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq tanınıb. Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan istənilən zaman müharibə edərək, öz torpaqlarını azad edə bilər. Əgər bunu istəməyən hər hansısa qüvvə varsa, müharibənin olacağından narahat olan beynəlxalq təşkilatar və qüvvələr Ermənistana təzyiq etməli və Azərbaycan torpaqlarından çıxmasını təmin etməlidir. Əgər bu günə qədər Ermənistana qarşı hər hansısa belə bir tələb qoyulmayıbsa, o zaman heç bir kənar, üçüncü qüvvə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz”.
Ekspert əlavə etdi ki, Azərbaycan öz mövqeyində tam haqlıdır və sərgilədiyi mövqe birbaşa beynəlxalq hüquq normalarına əsaslanır, beynəlxalq platformada da Azərbaycan tam rəsmi olaraq hüquqi dildə danışmaqdadır: “İkincisi isə, Azərbaycan müstəqil ölkədir və dövlətimiz müstəqil siyasət yeridir. Heç kim, bu məsələdə Azərbaycanın daxili işinə qarışa bilməz və heçbir təzyiq ola bilməz. Dövlətimizin və ölkə rəhbərinin mövqeyi xalqımızın iradəsinə və mövqeyinə əsaslanır. Digər tərəfdən isə, Ermənistan prezidenti Serj Sarksyanın Avropaya səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdükdən sonra, Donald Tusk Ermənistana səslənərək bildirdi ki: “Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O yalnız istisnasız olaraq sülh yolu ilə həll edilmləlidir”. Bu açıqlama ehtiva etdi ki, Ermənistanın müharibə istəklərinə Avropadan "qırmızı işıq" yandırıldı. Amma Ermənistanın hər zaman olduğu kimi, cəbhə xəttində və münaqişə zonasında təxribat xarakterli hərəkətlərinə də göz yumulmaqdadır. Bu, birmənalıdır. Qoşunların təmas xəttində Ermənistan hər zaman Azərbayacana qarşı təxribat törətməyə çalışıb və bu gün də, bu, eynən davam edir. Lakin bu, təxribat əməlindən başqa bir hal deyil. Erməsnitan müstəqil bir ölkə deyil ki, Azərbaycana qarşı hər hansı hərbi əməliyyata və müharibəyə başlasın. Azərbaycanda isə bunun tam əksinədir, istənilən zaman ölkəmiz öz torpaqlarını işğaldan azad etmək üçün müharibə elan edib, hərbi əməliyyata başalaya bilər. Beynəlxalq siyasi ekspertlər rəylər səsləndirdikdə, mütləq Azərbaycanın mövqeyini və atacağı addımları da gözdən keçirməlidirlər. Azərbaycan zəif bir ölkə deyil, regionun ən güclü ordusuna malik ölkəsidir və kifayət qədər hərbi gücə sahib olan bir ölkədir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biri müharibə olacaqsa, bu, mütləq mənada Azərbaycan dövlətinin atacağı addımdır. Ermənistan işğalçı və təcavüzkar ölkədir və 20 faiz Azərbaycan torpağını işğal edib. Azərbaycan isə, təcavüzə uğrayan, ərazisi işğala məruz qalan ölkədir, amma dövlətimiz münaqişənin həllində sülh yolunu tutmağa üstünlük verməyə çalışır. Lakin münaqişənin sülh yolu ilə həlli baş tutmadıqda, təbii ki, müharibə qaçılmaz variantdır. Dövlət başçısı da hər zaman vurğulayır ki, "Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik". Cəbhədə son günlər baş verənlər isə, işğalçı ölkənin ölkəmizə qarşı növbəti təxribat əməlidir. Təbii ki, əgər Erməsnistan bu kimi addımlar atamağa çalışdıqca, adekvat cavablar olacaqdır. Davamlı şəkildə bu hal cəbhə xəttində yaşandıqca, müharibə riskini artırır. Əgər aprel hadisələrinə bənzər hallar yaşanarsa, təbii ki, müharibəyə çevrilə bilər. Ermənistanın indiki halda danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləməsi, eləcə də cəbhə xəttində davamlı təxribat yaratması, dinc sakinlərimizi, sivil insanları və yaşayış evlərini, mal-qoyun sürülərini atəşə tutmağa davam etdikcə müharibə risqini artırır. Məlumdur ki, Ermənistan davamlı şəkildə atəşkəsi pozur, nə atəşkəs rejiminə əməl edir, nə də danışıqlarda konstruktiv mövqe sərgiləyir. Təbii ki, son nöqtə müaharibədir. Ermənistanın Azərbaycanla hərbi dillə danışa biləcək gücü yoxdur və faktiki səfil bir ölkədir, sadəcə havadarlarının hesabına yaşaya bilir. Azərbaycanın hərbi gücü Ermənistann hərbi imkanlarından qat-qat çox və güclüdür. Bu halda, Ermənistan Azərbaycanla müharibəyə girişə bilməz və buna qətiyyən cəsarət edə bilməz. Hətta bunun nəticələri Ermənistan üçün çox ağır olar. 2016-cı ilin aprel döyüşləri bunu sübut etdi. Aprel döyüşləri həm də onu sübut etdi ki, Azərbaycan istənilən zaman müharibəyə başlaya bilər. Ölkəmizin buna hər formada maddi və texniki imkanı yetir...”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə hesab edir ki, 25 ildir ATƏT-in Minsk qrupu nəticəsiz fəaliyyət göstərir: "Bu gün onlar, həmçinin orda təmsil olunan dövlətlər, başqa qurumlar deyirlər ki, problem danışıqlar yolu ilə həll olunacaq və.s. Ancaq bu işdə heç bir nəticə yoxdur. Belə olan halda torpaqları işğaldan azad etmək üçün təbii ki, hərbi gücdən istifadə olunmasına ehtiyac olacaq. Bu arzu olunmazdır, yəni istəməzdik. Ancaq bizi buna həmin fəaliyyətsiz beynəlxalq qurumlar, işğalçını cəzalandırmayan, onu yerində oturtmayan, oturtmaq istəməyən, əksinə, ona havadarlıq edənlər məcbur edirlər. Yəqin ki, bu da asan olmayacaq. Çünki işğalçının tərəfini saxlayanlar da çoxdur. Ancaq bunlara baxmayaraq, biz son nəticədə müharibə edib, torpaqlarımızı işğaldan azad edəcəyik. Təbii ki, başqa variantlar da görünür. Hər an vəziyyət dəyişir...”.

Əli

Bu xəbər oxundu
- - -