Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mənim üçün əsas öz xəbərim, öz məhsulumdur”

06.03.17, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“APAsport”un baş direktoru İxtiyar Əsgərov: “10 ildə bir dəfə də təkzib verməmişik”

“Çoxlu zənglər elədilər, xəbəri çıxarmadıq, gecə məni “razborka”ya çağırdılar”

Azərbaycan və rus dillərində fəaliyyət göstərən "APAsport" idman agentliyinin bu gün 10 yaşı tamam olur. "APA Holding" MMC-yə daxil olan "APAsport" Azərbaycanda ilk idman agentliyi kimi 2007-ci il martın 5-də fəaliyyətə başlayıb. İlk gündən "APAsport"a rəhbərlik edən İxtiyar Əsgərovun APA-ya müsahibəsini təqdim edirik.

- İlk olaraq 10 yaş münasibəti ilə səni və rəhbərlik etdiyin kollektivi təbrik edirik, 10 yaşla bağlı müsahibə təklifinə tərəddüdlə yanaşdın. Hətta “hazır deyiləm” dedin...
- Xoş sözlərə görə təşəkkür edirəm. Bilirsən, başqalarına qəribə gələ bilər. Amma əvvəllər də, elə indi də müsahibə verməyə meylli deyiləm. Mənim də, rəhbəri olduğum kollektivin də gördüyü iş göz qabağındadır. Biz hər zaman öz işimizi görmüşük. Buna görə də çox rahatam.
- 10 il əvvələ qayıdaq...
- 2006-cı ilin dekabr ayının sonlarında Vüsalə Mahirqızı belə bir idman agentliyinin yaradılmasını təklif etdi. O vaxt idman mətbuatında boşluq var idi, mən də APA-da idman xəbərləri hazırlayan müxbir idim. Təklifə müsbət yanaşdım, razılıq verib işə başladıq. İşçi heyəti Mehman Süleymanov, Kənan Həsənov, Elşən Məmmədov və Aqşin Əliyevdən ibarət idi. Darısqal bir otaqda fəaliyyətə başladıq. Bir o yadımdadır ki, ilk iş günü 16 xəbər oxumuşdum və işdən başımı götürüb qaçmaq istəyirdim. Elə hey “məndən redaktor olmaz” deyirdim. Həqiqətən də çox çətin idi. Elşən, Mehman və Kənan qəzetdən gəlmişdilər. Onların adaptasiya üçün vaxta ehtiyacları var idi. Problem hamıda və hər yerdə olur. Aqşin, Mehman, Kənan, Elşən hamısı insan kimi qızıl uşaqlar idi. Sadəcə, mənim APA-da ilk günlər üzləşdiyim çətinliklərlə onlar da üzləşmişdi. Bu sarıdan çətinlik olub. Sağ olsun bütün dostlar, Vüsalə xanım, Nurşən Quliyev, Vüqar Hüseynov çox kömək oldular, dəstəklərini bir gün belə əsirgəmədilər.
- Qeyd etdin ki, “APAsport” yaranan zaman idman mətbuatında boşluq var idi. Siz həmin boşluğu doldura bildinizmi?
- Hazırda saytı xəbərlə doldurmaq çox asan işdir. Mənim qəzetdə müxbir işlədiyim vaxtlar yadıma gəlir. Qəzetdə vəziyyət tamam başqa cür idi. İndi vəziyyət başqadır. “APAsport” yaranan dövrdə bildiyimə görə Azərbaycan dilində idman agentliyi yox idi. Mən indi durub desəm ki, ən yaxşı idman agentliyi “APAsport”dur, bu yaxşı çıxmaz, ən azı etik deyil. Bu barədə oxucular danışsalar, daha dogru olar. İmişlinin “MKT-Araz” futbol klubu dağılan gün Mehman Süleymanovla ikimiz ümumilikdə 42 xəbər yazmışdıq. İndi mən bu yaşda xəbər lentini boş-boş Türkiyə mətbuatının dezinformasiyaları, Rusiya mətbuatının sarı xəbərləri ilə doldurmağı özümə rəva bilmirəm. Bu, jurnalistika deyil. Mənim üçün əsas öz xəbərim, öz məhsulumdur. Beş xarici xəbərdənsə, bir yerli xəbər mənim üçün daha vacibdir. Biz Azərbaycan futbolunda bum yaşananda - 2007-ci ildə fəaliyyətə başlamışıq. Suala cavab olaraq deyə bilərəm ki, hər halda öz dəst-xəttimizlə yaxşı mənada fərqlənə bildik. Əsas olan budur.
- İndiyə kimi idman gündəmini dəyişən hansı xəbər və ya müsahibəni xatırlayırsan?
- Çox olub. Ölkədə idman maraqda olan bütün vaxtlarda biz gündəm yaratmışıq. 2007, ya da 2008-ci il idi. Şahmatçı Teymur Rəcəbov Meksikada beynəlxalq turnirdə iştirak edirdi və həmin turnir zamanı qarət olunmuşdu. Onun qarət olunması xəbərini ilk biz yazmışdıq. İndiki kimi yadımdadır. Azərbaycan telekanalları Teymur Rəcəbovun ilk turda keçirdiyi görüş haqda süjet verəndə, biz artıq onun qarət olunduğunu və turnirdə iştirakdan imtina etdiyi xəbərini yaymışdıq. Hadisədən düz 2 saat sonra müxbirimiz Kənan Həsənov Teymur Rəcəbovdan yerində müsahibə almışdı. Teymur Rəcəbov Kənana demişdi ki, bəli, mən sizin zənginizi gözləyirdim. Teymur Rəcəbov hadisəni bütün təfsilatı ilə danışmışdı. Mehman Süleymanov da həmişə əla müsahibələr götürüb. Elşən Məmmədovun Azərbaycan Güləş Federasiyasının keçmiş prezidenti Abbas Abbasovla qalmaqallı müsahibəsini də xatırlayıram.
- Elə idman adamları varmı ki, ondan müsahibə almaq sizin üçün sadəcə xəyaldır?
- Var, niyə yoxdu? FİFA-nın keçmiş prezidenti Zepp Blatterdən müsahibə almağı çox istərdim. Kaş ingilis dilini yaxşı biləydim, müsahibəni də elə özüm alaydım. Tərcüməçi ilə götürülən müsahibələr heç vaxt effektli olmur. Təbii ki, Blatterdən ilk “maxinasiyalar” haqda soruşmaq istədiklərim var. Blatterlə müsahibə hər an, hər dəqiqə ağlımdan keçir. Bir də gimnast Alina Kabayevadan müsahibənin “APAsport”da yayımlanmasını çox istərdim.
- “APAsport”un hazırkı kollektivini necə xarakterizə edərdin?

- Hazırkı kollektivdən çox razıyam. Əməkdaşlarımızı da xüsusi olaraq bir-birindən fərqləndirmək niyyətim yoxdur. Ümumiyyətlə, “APAsport”da bir cümlə, bir xəbər yazan hər bir kəsə minnətdaram. Çünki “APAsport”un brendə çevrilməyində bəlkə də məndən çox onların xidmətləri, onların payı var. Vüqar Xeyrullayevin gördüyü işi Azərbaycan idman mətbuatında heç kim görmür. Vüqar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) Azərbaycandakı nümayəndəsidir. Bu fakt özü çox mətləblərdən xəbər verir. Azərbaycanda əsl voleybol xəbərləri yazan iki jurnalist varsa, onun biri Tahir Hümmətovdur. Voleybol indi bərbad gündədir. Amma 3-4 il əvvəl voleybol klubları maliyyə cəhətdən güclü olanda 20 transfer xəbərindən 19-u Tahir yazırdı. Maraq var idi, oxucu xəbəri oxuyurdu. Ruslanın “APA Holdinqə” ikinci gəlişidir. Ruslan da, Tengiz Məmmədov da, o birilər də subardinasiya qaydalarını gözləyirlər. Mən öz ailəmdən çox onları görürəm. Hamısı dəyər verdiyim insanlardı. O ki qaldı mənə, mən özümü İngiltərənin “Arsenal” futbol klubunun fransalı baş məşqçisi Arsen Vengerə oxşadıram. “Arsenal”a bu 20 ildə o qədər futbolçu gəlib gedib, bircə dəyişməyən Vengerdi. “APAport”da da çox işçi dəyişib, dəyişməyən Venger kimi bircə mənəm (gülür).
- Yəqin bu 10 ildə səhvlər də olmamış olmaz…
- Kim səhvlərdən sığortalanıb?! 2008-ci ildə Pekin Olimpiadası vaxtı çox gərgin iş qrafikində çalışırdıq. Yazıda “Çinin paytaxtı Pekində” yazmaq əvəzinə “Pekinin paytaxtı Çində” yazmışdım. Topa tutdular məni. Söz atan kim, irad bildirən kim. Halbuki mən coğrafiyanı 5 barmağım kimi bilirəm. İş vaxtı səhvlər olur. 10 ildə bir dəfə təkzib verməyən idman agentliyiyik.
- Bakıda keçirilən I Avropa Oyunları zamanı kollektiv olaraq tam gücünüzlə çalışdınız. Qarşıdan gələn IV İslam Həmrəylik Oyunlarının işıqlandırılmasına tam hazırsınızmı?
- Bəziləri deyirdi ki, I Avropa Oyunlarına maraq Olimpiya Oyunları ilə müqayisədə az olacaq. Fakt odur ki, bizim I Avropa Oyunları vaxtı yayımladığımız xəbərlər oxundu, foto reportajlara, video-süjetlərə baxıldı. Bizim sayta ən çox Olimpiya oyunları vaxtı baxılır. I Avropa Oyunlarında da baxış sayı çox yüksək idi. I Avropa Oyunları ilə bağlı “Top 10”-da ən az oxunan xəbərə baxış sayı 5000-6000 arasında dəyişirdi. 30-40 jurnalistlə işləyirdik. IV İslam Həmrəylik Oyunları vaxtı da eyni templə çalışacağıq.
- Hər hansısa xəbərə görə təzyiqlərlə üzləşmisinizmi?

- Ciddi təzyiqlər olmayıb, amma zənglər, xəbər sildirmək cəhdləri olub. Yadımdadı, bir futbol klubu ilə 6 aylıq reklam müqaviləsi bağlamışdıq. Həmin ərəfədə Avropa çempionatının seçmə mərhələsinin yarışları zamanı Estoniya yığması Yerevanda Ermənistan yığması ilə qarşılaşacaqdı. Estoniyanın heyətində həmin klubun futbolçusu da çıxış edirdi. Biz də başlıqda klubun adı ilə yazmışdıq ki, filan klubun futbolçusu Yerevanda. Klubun vitse-prezidenti zəng etdi ki, ya o xəbər çıxacaq, ya da reklam ödənişləri olmayacaq. Biz xəbəri çıxarmadıq, doğrudur, sonra reklam yayılmış ayların vəsaitini ödədilər.
Bir dəfə də 2 sabiq futbol hakimi əlbəyaxa davaya çıxmışdı. Xəbəri 6-7 mənbədən dəqiqləşdirib yazmışdıq. Çoxlu zənglər elədilər, xəbəri çıxarmadıq, gecə məni “razborka”ya çağırdılar. Adam konkret mənə deyir ki, “görüşək, sənə həyatı başa salacağam”. Dedim, “hansı ağıllı döyüləcəyini bilə-bilə sizinlə görüşə gələr?!” Həmin adam bu cavabımdan sonra özü də güldü. Məsələ də həll olundu, xəbər də saytda qaldı.
Bir dəfə də futbol komandalarının danışılmış oyunu barədə xəbər yazmışam. Uduzacağı deyilən komanda 2:0 hesablı qələbə ilə fasiləyə yollanmışdı. Bir nəfər zəng edib dedi ki, oyun satılıb, ikinci hissədə o biri komanda 3 qol vurub qələbə qazanacaq. İnandığım adam idi, yalan deməzdi. Elə fasilədə xəbəri yazdım, risk elədiyimi bilirdim. Hətta oyunu danışmış klubun vitse-prezidentinə mesaj da yazdım ki, narahat olmayın, 3 qol vurub qalib gələcəksiniz, oyun sizindi. 2-ci hissə başlayan kimi həmin komanda 3 qoldan birini vurdu. Oyunun 85-ci dəqiqəsi gedir, amma hesab 2:1-dir. Düşündüyüm ancaq budu ki, mən necə təkzib verəcəyəm? O sport sözünün əvvəlindəki APA-nın hesabatını vermək var. Bir tərəfdən də problem yaranıb, PFL-in saytı açılmır. Tez rayondakı tanışlara zəng elədim, hesabı dedilər: 2:3. Rahat nəfəs almışdım, amma oyun bitdi, bizim yazının müzakirəsi bitmədi, AFFA da rəsmi təkzib yaydı. 2014-cü ildə isə oyunu satan klubun futbolçusu bunu mətbuatda təsdiqlədi.

Bu xəbər oxundu
- - -