Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğan “Almaniyanın hərəkətini” nasist zəmanəsinə bənzədib

06.03.17, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bu ölkədəki türk icmasının mitinqlərini qadağan etmiş “Almaniya hökumətinin hərəkətlərini” nasist hərəkətlərinə bənzədib. Almaniya hakimiyyət orqanları keçən həftə ölkənin iki şəhərində Türkiyə hökumətinin dəstəklənməsi üçün keçirilməli olan mitinqlərə verilmiş icazəni ləğv edib. Bu mitinqlərdə 1,5 milyonluq Almaniya türk icmasının nümayəndələri iştirak etməli idilər.
Ankara aprel ayında Türkiyədə keçiriləcək referendumda Almaniya türk icmasının Ərdoğana dəstəyini təmin etmək üçün təbliğat aparır. Bu referendumda hakim AKP-nin arzuladığı nəticə alınarsa, hazırkı prezident Ərdoğana misilsiz və demək olar məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri veriləcək. İstanbulda keçirilən mitinqdə Ərdoğan Berlinə müraciətlə deyib: "Almaniya, sənin demokratiya ilə heç bir əlaqən yoxdur və bilirsənmi ki, sənin hazırkı hərəkətlərin nasistlərin zamanında ediləndən heç fərqli deyil…”
Türkiyədə aprelin 16-da keçiriləcək referendumda Konstitusiyanın dəyişdirilməsinə dair sual qoyulub. Bu referendumun nəticələri Türkiyədə prezidentlik təsisatını Fransa və ya Birləşmiş Ştatlardakı kimi gücləndirə bilər. Türkiyə israr edir ki, dəyişiklik ölkəyə sabitlik gətirəcək. Lakin Ərdoğanın tənqidçiləri narahatdırlar ki, bu, ölkədə bir adamın – Ərdoğanın hakimiyyətini bərqərar edəcək. Bir sıra təhlilçilər Almaniyada türk mitinqlərinə qoyulan qadağanı Türkiyə əsilli Almaniya jurnalistinin İstanbulda həbs edilməsi ilə əlaqələndirirlər. Ərdoğan kürd separatçısı olmaqda ittiham edilən Die Welt qəzeti müxbirini “alman agenti” olduğunu söyləyib. Almaniya hökuməti bu iddiaları absurd adlandırıb.
Bu arada Avstriya kansleri bütün Avropa İttifaqı üzvü olan ölkələri Türkiyə siyasətçilərinin bu ölkələrdə mitinqlər keçirməsinə yol verməməyə çağırıb. Kristian Kern Almaniyanın Welt am Sonntag qəzetinə deyib ki, Aİ-nin türk mitinqlərinə kollektiv qadağanı Türkiyəni kimisə ittiham etmək imkanından məhrum edər.
Avstriya Türkiyənin bu ölkədə hər hansı referendum kampaniyası aparmasına qadağan qoyub. Bu arada o da söylənilir ki, Almaniya Türkiyəni daha yaxından təqib edə bilmək üçün hərəkətə keçib. Almaniya Daxili Kəşfiyyat Təşkilatına davamlı məlumat axışını təmin edəcək agent namizədlərinin yaxşı dərəcədə türkcə və kürdcə bilməsi lazımdır. Alman Daxili Kəşfiyyat Təşkilatı rəsmi internet saytından diqqət çəkici bir elan nəşr edib. Kəşfiyyat təşkilatına yeni agent namizədlərinin axtarıldığı məlumatı paylaşılan elanda, müraciət edən şəxslərin türkcə və ya kürdcə ləhcələrini çox yaxşı dərəcədə bilməsi istənilib.
Ayrıca bu namizədlərin gündəlik siyasəti yaxından təqib etmələri lazım olduğu və Türkiyəni yaxından maraqlandıran mövzulara hakim olmaları vurğulanıb. Yeni alınacaq agentlər Türkiyədəki bütün inkişafları anbaan təqib edəcək. Xüsusilə terror təşkilatı PKK ilə mübarizə əsnasında, təşkilatdan göndərilən ismarıcların anında kəşfiyyat xidmətinə çatdırılmasında mühüm rol oynamalıdırlar. Türk mediasında çıxan xəbərlər alman dilinə çevrilərək yenə təşkilata təslim ediləcək. Türkiyədəki siyasi mövzular haqqında da geniş məlumat sahibi olması istənilən agentlər, vəzifələrində müvəffəqiyyətli olsalar daha sonra məmur statusuna keçiriləcək.
Başda “Gezi Parkı” hadisələri olmaq üzrə, Türkiyədə xaos meydana gətirməyi hədəfləyən hər cür təxribat cəhdində barmağı olduğu ortaya çıxan Almaniyanın bu hücumu fərqli iddialara səbəb olub. İctimai həssaslığın yüksək səviyyələrə çatdığı günlərdə dövrəyə girəcək olan agent qrupunun, kütləvi reaksiyalara səbəb olacaq şəkildə təxribatlara imza ata biləcəyi, ya da planlaya biləcəyi qiymətləndirilir.

Bu xəbər oxundu
- - -