Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda namizədlər arasında toqquşmalar şiddətlənir

07.03.17, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistandan alınan xəbərlərə görə, aprelin 2-də keçiriləcək parlament seçkisi ərəfəsində namizədlər arasında qan tökülməsilə nəticələnən toqquşmalar baş verir.
Durum o qədər gərgindir ki, keçmiş prezident Robert Koçaryan hakimiyyətə qarşı açıq bəyanatla çıxış edib.
Azadlıq Radisounun erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın keçmiş prezidenti qarşıdan gələn parlament seçkilərinin “reytinq siyahıları” prinsipi ilə keçirilməsi qərarını kəskin tənqid edib.
Əslən qarabağlı keçmiş prezidentin fikrincə, Ermənistanda yenicə qəbul olunmuş seçki qaydaları seçkini “nadanlıq atmosferində pul kisələrinin müharibəsinə” çevirəcək.
Koçaryanın qənaətinə görə, bir çox seçicilərin ağır sosial vəziyyəti nəzərə alınarsa, onlar puldan imtinaya özlərində qüvvə tapmayacaq və “bu səs hərracında” iştirak edəcəklər.
Robert Koçaryan deyib ki, 2015-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklər Ermənistanın gələcəyinə uzunmüddətli mənfi sonuclar yaradacaq.
Keçmiş prezidentin fikrincə, yeni səsvermə qaydaları majoritar sistemin proporsional sistem üzərində üstünlüyü ilə nəticələnəcək, bununla da partiyalararası rəqabət şəxsiyyətlərarası rəqabətə çevriləcək.
Koçaryan deyib ki, bu sayaq seçkidə ideoloji mübarizə mənasını tamamilə itirəcək.
Lakin hakim Respublika Partiyasının mətbuat katibi və Milli Məclisin sədr müavini Eduard Şarmazanov Azatutyun radiosuna deyib ki, keçmiş prezidentin mövqeyi respublikaçıların mövqeyinə qətiyyən təsir göstərməyəcək.
O söyləyib ki, yeni seçki məcəlləsi iqtidar və müxalifətin müzakirələrinin məhsulu kimi ortaya çıxıb və demokratik seçkilərin keçirilməsinə əlverişli şərait yaradır.
Lakin bu sistemi həm Ermənistan hakimiyyətinə yaxın dairələrdən, həm də müxalifətdən tənqid edənlər az deyil.
Bir sıra təhlilçilərin fikrincə, hazırkı prezident 2018-ci ildən sonra da hakimiyyətdə baş nazir kimi qalmaqdan ötrü “idarəedilən xaos” yaratmaq istəyir, lakin ən təhlükəlisi bu xaosun idarə altından çıxmaq ehtimalıdır.
7or.am saytının yazdığına görə, Serj Sarkisyan yeni seçki qaydalarına getməklə “Ermənistanın ideoloji bütövlüyünü” təhlükə altına salıb.
Məqalədə deyilir ki, yeni sistemin həm majoritar, həm də proposional sistemlərdən ibarət olduğu deyilsə də, əslində, söhbət tam şəkildə majoritar sistemə keçilməsindən gedir.
Əgər əvvəllər Ermənistanda 41 majoritar mandat vardısa, indi onun yerini 164 “reytinqli” namizəd tutacaq.
Tənqidçilərin fikrincə, Sarkisyan öz partiyasının mövqelərini proporsional səsvermə ilə yanaşı,reytinq səsverməsi ilə də möhkəmlətməyə çalışır. Lakin opponentlər bunu da qeyd edirlər ki, yeni sistem onun rejissorunu, yəni bu halda Sarkisyanı məğlub vəziyyətinə sala bilər.
Müstəqil ekspertlərin fikrincə, Ermənistanda yeni seçki sisteminə keçilməsi hakimiyyətin öz daxilindəki dərin ixtilaflardan xəbər verir.
Ermənistan mediası yazır ki, müxtəlif sistemlərdən verilmiş namizədlərin arasında, hətta bəzən eyni partiyadan olmalarına baxmayaraq, sözün əsl mənasında əlbəyaxa mübarizə başlanıb.
Martın 4-də hakim partiyanın Artaşat şəhərindəki qərargahında baş vermiş dava-dalaşda odlu silaha əl atılıb.
Regnum agentliyinin məlumatına görə, ölkənin başqa regionlarında da “seçki toqquşmaları” baş verib.
Fevral ayının sonlarında Masis şəhərində hakim RP-nin ərazi siyahısı üzrə iki namizədi – Araik Qriqoryan və Murad Muradyan arasında dava olub.
Bundan bir neçə gün sonra Daşnaksutyun partiyasının üzvü Geqam Manukyan iddia edib ki, hakim partiyanın namizədi Bazmaser Arakelyan Parpi kəndindəki evində bir neçə tərəfdarının iştirakı ilə həmkəndlisini qəddarcasına döydürüb. Guya səbəb həmin adamın daşnaklara səs vermək niyyəti olub.
Daha bir xəbərə görə, martın 1-də Ararat vilayətinin Sayat Nova kəndində Firavan Ermənistan Partiyasının fəalı Abram Adamyan bıçaqlanıb. Hadisənin hakim partiyanın üzvü tərəfindən törədildiyi iddia edilir.
Yeni sistemə görə, partiya və bloklar ümumi namizədlərinin (proporsional) siyahısından başqa, hər seçki dairəsi üzrə (seçicilərin sayından asılı olaraq) azı 5 namizədinin siyahısını da təqdim edir.
Yeni seçki məcəlləsinə əsasən, ölkə 14 seçki dairəsinə bölünüb – yəni, hər partiya 1 ümumi siyahıdan başqa, 14 siyahı da tərtib etməlidir. Partiyanın ümumi siyahısına salınan namizəd seçki dairəsi üzrə siyahıya da daxil edilə bilər.

Bu xəbər oxundu
- - -