Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Martın 8-də...

07.03.17, 8:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Şirinova

Deyirlər göz görür, könül sevir. Ancaq bu deyim Ramizə yaddır. Onun gözləri yoxdur ki, kimisə görsün və könlü də sevsin. Ramiz səsi eşidib və bu səsin sehrinə düşüb. Bu səs onu elə ovsunlayıb ki...Bir gün belə bu səsi eşitməyəndə dəli olmaq həddinə gəlir. Bu səsi tapandan bəri aşiq olub...
...24 ildir dünya işığına həsrətdir. Ermənilərlə döyüş zamanı snayperdən açılan atəş gözlərinin işığına son verib. O gündən bu günə valideynləri gümanı gəldikləri və imkanı çatdıqları bütün ölkələri gəzdiriblər. İlk əvvəllər bir gözünün açılmasına ümid vardı. Artıq bu ümiddən də əllərini üzüb. Yaxşı ki, ali təhsil alıb. Evdə də olsa uşaqlara ingilis dilini öyrədir. Boş vaxtlarında musiqi dinləyir, ingilis dilində danışığa qulaq asır. Öz aləminə çəkiləndə kimsəni yanında görmək istəmir. Qədəri ilə baş-başa qalıb için-için ağlayır. Əvvəllər anası ona ailə qurmasını tövsiyə edəndə əsəbləşərdi. Və deyərdi:"Məni bu halımda kim sevə, kim ömrünü bir kora qurban verə bilər. Bir də kimsəni bədbəxt etmək istəmirəm".
Məktəb vaxtlarından inadcıl idi. Bir iş ki, beyninə yerləşdi kimsə onu yolundan döndərə bilməzdi. Ramiz həm də gözəlliyə qiymət verən, dəyərləndirən idi. Həmişə deyərdi:"Mənim evlənəcəyim qız gözəl olmalıdır. Lap anam kimi". Anası bacısı qızını oğluna almaq istəyirdi. Fikirləşirdi ki, necə olsa özününküdür, oğluna yaxşı baxar, onun qayğısını çəkər. İnsafən qız da çox gözəl idi. Ancaq qızın anası razı olmadı. Elə açıqca bildirdi ki, qızının bədbəxt olmasını görməyə dayana bilməz. Xalasının bu sözləri Ramizə necə təsir etmişdisə bir həftə heç kimlə kəlmə kəsmədi. Özünə qapandı. Təsəllisi sevdiyi musiqilər oldu...
...Və bir gün... Telefon zəng çaldı. Dəstəyi Ramiz götürdü. Dəstəyin o başından məlahətli bir səs -"Sabahınız xeyir. Bağışlayın, Ramizlə danışa bilərəmmi?"- ürəyində qəribə hissilər yaratdı. Jurnalist qız məqsədini açıqladı-Ramizlə görüşüb onun həyatı, keçdiyi döyüş yolu barədə məqalə hazıqlamaq istəyir. Ramiz əvvəlcə tərəddüd elədi. Eşitdiyi andan qəlbinə hakim kəsilən səsin sahibinin onu bu vəziyyətdə görməsindən çəkindi. Ancaq qəlbi ağlına hakim kəsidi. O qızın gəlməsini, yenidən həmin məlahətli səsi doya-doya eşitməsini arzuladı. Ramiz qəlbinə qulaq asıb razılaşdı. İki gün ona bir il kimi uzun gəldi...
...Anası 24 il olardı ki, Ramizi bu əhval-ruhiyyədə görməmişdi. Üzü gülürdü. Oğlunun ürəyincə olsun deyə çay süfrəsi üçün nə lazımdır almışdı. Və süfrəni əvvəldən hazırlamışdı. Qapının zəngi çalındı. Anası jurnalist qızı qarşılayıb Ramiz olan otağa apardı. Qız Ramizlə salamlaşdı. Hal-əhvaldan sonra gəlişinin məqsədini bir daha açıqladı. Ramiz danışmırdı, sadəcə dinləyirdi. Elə bilirdi nəsə danışsa, həmin səsi incidə bilər. Ortaya sükut çökdü. Bu sükutu yenə qız pozdu. Bu dəfə Ramizin maraq dairəsində olan mövzulara yol açan jurnalist qız onun fikirlərini bölüşmək üçün sanki şərait yaratdı. Beləcə müxtəlif əsərlərdən, musiqidən bir sözlə hər şeydən danışdılar. Ramiz sanki doğması ilə dərdləşir, fikirlərini bölüşürdü. Anası da hərdən onların qulluğunda dayanır-çay süzür, meyvə doğrayırdı. Qız Ramiz həyatını danışsın deyə çox ustalıqla mövzunun istiqamətini dəyişdi. Başqa vaxtı olsaydı Ramiz sıxılardı, bu halından çəkinib nəsə anlatmazdı. Ancaq bu dəfə belə olmadı. Danışdı, danışdıqca da bir yüngüllük tapdı...
...Beləcə yarandı onların münasibətləri. Tək bircə dəfə anasından soruşdu:"Gözəl qızdır?" Anası təriflədi. Və bildirdi:"Səsi, xasiyyəti kimi özü də gözəldir". Artıq martın 8-də nişanlanacaqlar. Ramiz bu tarixi özü seçib. 20 ildir bu tarixi gün gələndə özünə qapanıb, kimsəni təbrik etməyib. Çünki gözlərinin işığını martın 8-də itirib. Qismətə bax-martın 8-də səsə aşiq olub və bu il martın-8-də isə sevdiyinin barmağına üzük taxacaq. Yox toyu gələn ilə, martın 8-nə saxlamaq istəmir. Onsuz da kifayət qədər zaman itirib. Hərdən ona elə gəlir ki, ilahi qüvvə toy gününə kimi onun gözlərini açacaq. Bəlkə də... Ancaq gözləri açılmasa da, Ramiz səsinə doymadığı ilə birgə ömür sürəcək...

Bu xəbər oxundu
- - -