Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp Rusiya-Çin blokunu dağıda biləcəkmi?

07.03.17, 8:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“3 milyard insan bununla razı deyil…”

Donald Trampın ABŞ prezidenti seçilməsi bəzi ekspertlərdə onun ABŞ və Rusiya münasibətlərindəki gərginliyi azalda biləcəyi ümidini yaradıb. Bu iki ölkə arasında son gərginləşmə 2014-cü ildən başlayıb. Rusiya Krım yarımadasını ilhaq etməklə yanaşı, Ukraynanın şərqindəki separatçıları dəstəkləmək üçün oraya öz hərbçilərini yollayıb.
“The Trumpet” jurnalı (ABŞ) yazır ki, ABŞ və digər Qərb ölkələri baş verənlərə Rusiyaya qarşı sanksiyaların tətbiq olunması ilə reaksiya verdilər. Belə olan halda prezident Putin qərara aldı ki, əgər qərb dövlətləri Moskvanı cəzalandırmaq və onu təcrid etməyə çalışırsa, onda Rusiya üzünü Şərqə tərəf döndərəcək. Şərq dövlətləri isə onu çox xoş qarşıladılar.
“The Trumpet”-in baş redaktoru Cerald Flarri “Asiya Putinin tərəfində” məqaləsində yazır ki, Obama administrasiyası Rusiyanı təcrid etməyə cəhd göstərdiyi zaman “ən azından üç milyard insan bununla razı deyildi”. Burada söhbət Çin və digər Asiya ölkələrinin əhalisindən gedir.
Flarri bu barədə yazır: “Ukraynanın Rusiya tərəfindən sıxışdırılması Vladimir Putini diktator kimi ifşa etdi. Kremlin atdığı addımlar Şərqi Avropanı qorxudan titrətdi, Qərb dünyası isə narahat düşüncələrə daldı. Bəs, Çin və Hindistan? Asiyanın bu ağır çəkili dövlətləri aydın şəkildə Putini dəstəklədiklərini bildirdilər”.
Krımın Rusiyaya birləşməsindən üç il keçib və Rusiya ilə Çin arasındakı əlaqələr dayanıqlı xarakterini saxlamaqdadır. Katon İnstitutunun aparıcı elmi əməkdaşı Daq Bendou kimi analitiklər deyirlər ki, prezident Tramp Rusiya-Çin əlaqəsini dağıda bilər və o, Rusiyanı Amerikanın tərəfinə çəkmək üçün bunu etməlidir.
Əgər Donald Tramp Rusiya ilə münasibətləri yoluna qoya bilərsə, bu ABŞ-a qarşı ümumi Rusiya–Çin cəbhəsinin yaradılmasını çətinləşdirəcək. Çinlə münasibətdə Tramp Riçard Niksonun modelini izləməlidir. 1950-ci və 1960-cı illərdə kommunist aləmində Sovet İttifaqı və Çin liderlik uğrunda bir-birləriylə amansız mübarizə aparırdılar.
Niksonun və dövlət katibi Henri Kissincerin istifadə etdikləri “üçbucaq diplomatiya” modeli onlara bu gərginlikdən nəticə götürməyə və Çinlə yaxınlaşmağa imkan yaratdı. Həmin modelə görə ABŞ Sovet İttifaqı və Çinlə münasibətləri yumşaldaraq yeni formaya salıb.
Onu da deyək ki, bizim günlərin şərtləri Nikson və Kissincerin fəaliyyət göstərdiyi illərdən köklü surətdə fərqlənir. Analitik Con Van Oudenaren deyir ki, Nikson və Kissincerin təklif edilən “üçkünc diplomatiya” modelindən Trampın istənilən istifadə cəhdi uğursuzluğa düçar olacaq. SSRİ və Çini ayıran ideoloji mübahisələr indi yoxdur. Bu gün Moskva ilə Pekin arasındakı ideoloji fikir ayrılğı, onların ABŞ-a qarşı olan ümumi nifrəti tərəfindən örtülür.
Van Oudenaren yazır: ”Hər iki tərəf Qərb sisteminin baxışlarına və qlobalistlərin mövqeyinə qarşı güclü avtoritar düşmənçilik hissləri bəsləyirlər. Bununla yanaşı, artıq onları ümumi marksist-leninçi yönümlü siyasi ideologiya bağlamır. Məhz həmin ideologiya soyuq müharibə dövründə bu iki dövlət arasında mübahisə yaratmışdı. Putinin və Çin Kommunist Partiyasının Qərbin təqdim etdiyi demokratiya və insan haqları kimi “təhlükəyə” qarşı oxşar baxışları var. Onların fikrincə, “xarici təsirlər” qloballaşma, internet, sosial media və qeyri-hökumət təşkilatları vasitəsilə cəmiyyətə daxil olurlar. Bunu isə onlar öz hakimiyyətlərinin əsaslarına təhlükə hesab edirlər. Çin və Rusiyanın hakim elitası üçün bu təsirlər xüsusi olaraq, ”rəngli inqilablar”ı qızışdırmaqdan yana yaradılıb və Troya atına bənzəyir. Bunlar təkcə ölkədə qeyri-sabitlik yaratmır və həm də rejim dəyişikliyinə yol açır”.
Daha sonra Van Oudenaren izah edir ki, Rusiya və Çin bu cür inqilabi fəaliyyətləri öz sərhədləri yaxınlığında müşahidə ediblər. Rusiya 2013-2014-cü illərdə Ukraynada “Avromaydan”ı, Çin isə 2014-cü ildə Honkonqdakı “çətirlər inqilabı”nı görüblər. Həm Putin və həm də Si Çzinpin bu cür hərəkətlərdə öz hakimiyyətləri üçün ciddi təhlükə görürlər və Qərbi baş verənlərin müəllifi adlandırırlar. Moskva və Pekin hesab edir ki, bu fəaliyyətlər onların siyasi sisteminin sabitliyini pozmağa cəhddir və eyni zamanda da Amerika tərəfindən onların daxili legitimliyini dağıtmaq istəyinin sübutudur. Baxışların bu tərzdəki ümumiliyi Rusiya və Çinin sıx əməkdaşlıqlarının davam etdiriləcəyinin sığortasıdır.
Cənab Cerald Flarri yazır ki, 2014-cü ildə Çin aydın şəkildə göstərdi ki, o, Putin Rusiyasını dəstəkləyir. Bu, iki böyük Asiya ölkəsinin yeni əməkdaşlıq mərhələsinə başladıqlarının xəbərçisi idi. ABŞ siyası həyatında dəyişikliklərə baxmayaraq, Rusiya və Çinin əməkdaşlığı bu gün öz gücünü saxlamaqdadır. Flarrı yazıb ki, Bibliya öncəgörməsi kimi Rusiya-Çin əməkdaşlığı dünya üçün heç də xoş olmayan hadisələrdən xəbər verir.

Bu xəbər oxundu
- - -