Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hollandiyanın millətçi lideri Türkiyənin nazirinə “yaxamızdan əl çək“ deyib

09.03.17, 11:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The İndependent" yazır ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Almaniyanı "nasist hərəkətlərində" ittiham etdikdən sonra Almaniyanın xarici işlər naziri ilə görüşən türk həmkarı Mövlüd Çavuşoğlu Berlinin Türkiyəni dost görüb-görmədiyi barədə qərar verməsinin vaxtı olduğunu deyib. Ərdoğanın "nasist" söhbətindən sonra iki ölkə arasında diplomatik əlaqələr pozulsa da, iki nazir Berlində görüşüblər. Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, türkiyəli həmkarı ilə dialoqu "yaxşı, səmimi, dostcasına, amma həm də sərt və çətin olub".
Buna baxmayaraq Çavuşoğlu deyib ki, Türkiyə Almaniya ilə dost qalmaq istəyir, amma Almaniya Türkiyəni dost tutub-tutmadığı barədə qərar verməlidir. Onun sözlərinə görə, Türkiyə yalnız bundan sonra növbəti addımlarına baxacaq. Bu danışıqlardan əvvəl Almaniya bələdiyyələri bu ölkədə keçirilməsi planlaşdırlan Ərdoğana dəstək mitinqlərini ləğv ediblər. Buna baxmayaraq bəzi mitinqlər baş tutub və onlardan birində - Hamburqda keçirilən mitinqdə cənab Çavuşoğlunun özü də iştirak edib. Maraqlıdır ki, Çavuşoğlu Ərdoğanın Almaniyaya "nasist" ittihamını bu mitinqdə də təkrar edib.
Almaniyanın naziri bu cür bənzətmə ilə bağlı "aşılması qeyri-məqbul olan cızıqlar var" deyib. Digər tərəfdən Ərdoğan ona Almaniyada mitinq keçirmək imkanı verilməsə, "dünyanı bir-birinə qatacağı" ilə hədələmişdi. Çavuşoğlu deyib ki, Ərdoğanın Almaniyanın hansı şəhərində keçiriləcək mitinqdə çıxış edəcəyi məsələsini də Gabriellə müzakirə edib.
Bununla belə, "The İndependent" yazır ki, Türkiyə prezidenti Hollandiyadan daha sərt cavab alıb. Bu ölkədə millətçilərin lideri Geert Vilders Ərdoğanı diktator adlandırıb və Hollandiyada Ərdoğana dəstək mitinqlərinin keçirilməsi planlarına etiraz edib. Vilders onun anti-İslam Azadlıq Partiyası seçkilərə bir həftə qalmış reytinqini bir qədər itirdikdən sonra Amsterdamdakı Türkiyə səfirliyi qarşısında kiçik piketə başçılıq edib.
"Bizi dinc buraxın, lobbiçiliyinizi öz ölkənizdə edin və bizdən əl çəkin" - cənab Vilders Çavuşoğlunun Rotterdamda mitinq keçirmək planı barədə deyib. "Ərdoğan qatı diktatordur”, - deyib siyasətçi: “Biz öz ölkəmizdə Şimali Koreya və ya Səudiyyə Ərəbistanının da lobbiçiliyinə icazə verməzdik". Vilders Türkiyənin bütün hökumət kabinetinin Hollandiyada "persona non grata" elan edilməsinə çağırıb. Vildersin müxalif ifrat sağçı Azadlıq Partiyası hakimiyyətə gələrsə, Hollandiyadakı məscidləri bağlamağı, Quranı qadağan etməyi, Avropa İttifaqından çıxmağı və müsəlman mühacir axınını dayandırmağı vəd edib. Onun partiyası hazırda rəy sorğularına liderlik etsə də, son həftə ərzində populyarlığının bir qədərini mühafizəkar xristian demokratlara və ifrat solçu sosialistlərə itirib.

Bu xəbər oxundu
- - -