Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Macarıstanda da hökumət QHT-lərə hücuma keçir

09.03.17, 11:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Macarıstan hökuməti ölkədə demokratiyanın və qanunun aliliyinin təbliğatıyla məşğul olan QHT-lərə zidd addım atmağa hazırlaşır. Bu haqda «Politico» saytı yazır. Saytın məlumatına görə, bu həftə Macarıstan parlamenti xaricdən maliyyələşən QHT-lər haqda yeni qanun layihəsini müzakirəyə çıxaracaq. Layihəyə əsasən, təşkilatlardan xaricdən aldıqları vəsaitin həcmini göstərmələri, vəsaiti qeydiyyatdan keçirmələri tələb olunacaq.
Hökumət bununla ölkə siyasətinə xarici müdaxilənin qarşısını almaq niyyətində olduğunu bildirir. Tənqidçilərin fikrincə, məqsəd ölkədə siyasi azadlığı məhdudlaşdırmaqdır. Müxalifətçilər hakim partiyanın məhkəmə sistemini və mətbuatı da nəzarətdə saxladığını vurğulayırlar. «Bu layihə müxalif fikrə yeni hücumdur və bu, Avropa Birliyinə (AB) üzv olan ölkədə baş verir. Budapeştdə Avropa dəyərləri təhlükə altında qalıb... Macarıstanda qanunun aliliyinin, demokratik standartların, toplaşmaq azadlığının və QHT-lərin fəaliyyətinin müdafiəsi vacibdir». Bunu Açıq Cəmiyyət Təşəbbüsü təşkilatının Avropa üzrə direktoru Goran Buldioski deyib.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaks isə söyləyib ki, ölkədəki QHT-lərin çoxunun fəaliyyəti demokratik qanunlara uyğun deyil və onlar daha çox xarici maraqları güdürlər. Əslində, Macarıstandakı QHT-lər maliyyə mənbələri haqda hesabat verirlər. Amma hökumət indiki standartların qənaətbəxş olmadığını bildirir. «O maliyyə hesabatları tam şəffaf deyil və əsas maliyyə mənbələri həmin hesabatlarda çox vaxt gizli qalır», – Z.Kovaks belə deyib.
Macarıstanın baş naziri Viktor Orban həmişə Açıq Cəmiyyət Fondunun və xaricdən maliyyələşən QHT-lərin əksinə olub, ancaq hökumətin belə qurumlara basqısı son zamanlar artıb. «Politico» saytı nazirin bu günlərdə radioda yayımlanan çıxışını xatırladır: «Macarıstan kölgədə çalışan, pulu haradan və nə məqsədlə aldıqlarını açıqlamayan təşkilatların fəaliyyətinə, onların miqrantların ölkə qanunlarını pozmasına şərait yaratmasına imkan verə bilməz», – deyən nazir özəlliklə filantrop Sorosla bağlılığı olan beynəlxalq təşkilatların həddi aşdığını vurğulamışdı.

Bu xəbər oxundu
- - -