Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ziya Məmmədovun müşaviri Çovdarova pul verib?

09.03.17, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Çingiz Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: "Həmin gün onların evində xidmətçi qadın da vardı".
Sonra prosesdə şahidlər ifadə verib.
Mübariz Ələkbərov ifadəsində deyib ki, Çingiz Baxşıyev onun qayınatasıdır. Onun sözlərinə görə, itən əşyalar arasında onun da qızılları olub: "Mənim orda 50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılım vardı. Onları saxlamaq üçün qayınatam Çingiz Baxşıyevə vermişdim. O da qızılları Rövşənə verdi saxlamaq üçün, sonradan xəbər tutduq ki, oğurlanıb".
Sonra Rövşən Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova ifadə verib. O deyib ki, Rövşən Əhmədovla Çingiz Baxşıyev arasında normal münasibətlər olub: "Bir gün Rövşən qara çantanda pul gətirdi və dedi ki, Çingiz Baxşıyevin pullarıdır. Dəfələrlə olub ki, Çingiz Baxşıyev bizə çantalarla külli miqdarda pullar əmanət edib. Mən həmişə yoldaşımın evə bu qədər pul gətirməsinə qarşı çıxmışam. Çünki pullar sayılıb verilmirdi. Qorxurdum ki, nəsə olar və heç nə bizim üstümüzdə qalmasın. Qızılları bizə verəndən sonra martın 30-da bizə zəng elədilər ki, guya qızıllar yerində yoxdur. Çingiz Baxşıyev deyib ki, qızılları guya mən götürmüşəm. Məni ittiham edirdilər. Bizdə Çingiz Baxşyevin çantalarla əmlaklarının sənədləri olub. Bizə hər şeyi etibar edib. Necə oldu ki, birdən-birə oğurluq oldu? Qızıllar itəndən sonra Çingiz Baxşıyev məni və Rövşəni təhdid edirdi. Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm, mənim əlim hər yerə çatır. Çingiz Baxşıyev qızılların itməsinə görə məni həbs etdirmək istəyirdi".
Xanımqız Əhmədova prokurorun suallarını cavablandırarkən deyib ki, qızılları evdə kənar şəxslər olduğu üçün təhlükəsizliyə görə vaxtından əvvəl Çingiz Baxşıyevə qaytarılıb.
Xanımqız Əhmədova onu da deyib ki, Çingiz Baxşıyev həbsdə olan sabiq MTN generalı Akif Çovdarova pul verib.
Təqsirləndirilən Rövşən Əhmədov da bunu təsdiq edərək, Akif Çovdarova qara diplomatda təxminən 2 milyon manat verildiyini Çingiz Baxşıyevin özündən eşitdiyini bildirib: "Çingiz Baxşıyev həmişə Akif Çovdarovun onu bezdirdiyini deyirdi".
Digər şahidlərin də məhkəmə prosesində iştirakını təmin etmək üçün məhkəmə prosesi martın 15-dək təxirə salınıb.
Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.
Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.
Xatırladaq ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Bu xəbər oxundu
- - -