Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Yük maşınında sərnişin daşıyırlar”

09.03.17, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən səhər saatlarında Bakıdan Sumqayıta gedən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 17 nəfər yaralanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib ki, “Ford Transit” markalı mikroavtobus qanunsuz fəaliyyətlə məşğul olub: “Bizim idarə tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı verilməyib. Onlar qanunsuz fəaliyyət göstərirlər”.
Şəfa Mehmanqızı qeyd edib ki, müəyyən tələblər var ki, onlara cavab verən nəqliyyat vasitlərinə fərqlənmə nişanı verilir.
“Digesta” firmasının direktoru Ərşad Hüseynov deyir ki, “Ford Transit” markalı mikroavtobusa 28 nəfər yerləşdirmək mümkün deyil və qanunsuzdur: “Hətta şəhərarası daşımalarda istifadə olunan ortaq tutumlu avtobuslar da 23-24 nəfərdən artıq sərnişin götürə bilməz. Dünyanın hər yerində mikroavtobusda oturacaqların sayı 16 nəfər olur. Nadir hallarda 18 nəfər ola bilər.
Hazırda sərnişin daşınamsında istifadə olunan mikroavtobusların əksəriyyəti yük avtomobilləridir. Sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi edirlər. Yük maşınında yük yerinə sərnişin daşıyırlar”.
Ərşad Hüseynov deyir ki, “Ford-Tranzit” markalı avtobusun əksəriyyətini zavod 8, 13, 15 nəfərlik buraxır, amma sürücülər oturacaqlar artırır və 20-dən daha artıq adam aparırlar. “Ford-Tranzit”in konstruksiyasına çox ciddi müdaxilə olunub dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı çox olur.
Həmin mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalı, təhlükəsizlik kəməri ilə təchiz olmalıdır”.
Ərşad Hüseynovun sözlərinə görə, şəhərdə qanunsuz fəaliyyət göstərən mikoravtobuslar var: “Tutaq ki, kiminsə avtobusu var, çıxıb küçəyə adam daşıyır. Onun fəaliyyətinə Dövlət Yol Polis nəzarət etməlidir. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. Çünki 20 Yanvar metrosu yanında həmin mikroavtobuslar avtovağzal düzəldiblər və sərnişin daşıyırlar”.
Ekspert qeyd edib ki, şəhərarası daşımalar üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Dövlət Yol Polisi nəzarət etməlidir: "Bu cür avtobusa heç bir idarə fərqlənmə nişanı verə bilməz. Fərqlənmə nişanında vergi ödəyicisi kimi qeydiyyata düşməli, avtobusu harda işlədilməsi barədə müqaviləsi olmalıdır. Avtobusların bu cür özbaşınalıqları illərdir davam edir. Bunlara son qoyulmalıdır”.

Bu xəbər oxundu
- - -