Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan seçkilərə doğru

10.03.17, 7:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Siyasi blokların Qarabağ haqda təklifləri və ekspertlərin buna münasibətləri

Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq. Seçkilərin önəmi ölkənin ötən il dekabrın 6-da yeni konstitusiya qəbul etdikdən sonra parlament respublikasına keçməsi ilə bağlıdır. Yəni seçkilərdə qalib gələn siyasi partiya geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq yaxın 5 il ərzində ölkənin gündəmini müəyyən edəcək.
Seçkiqabağı təbliğat kampaniyası çərçivəsində düşmən ölkənin siyasi gücləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz mövqelərini açıqlayıb.
Həmin seçki vədlərini təqdim edirik.

Ermənistan Milli Konqresi

Milli Konqres Ermənistanın blokadadan çıxması və qonşu ölkələrlə sülh şəraitində yaşaması üçün qarşlıqlı güzəşt proqramı təklif edir.
“Yalnız Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə ölkəmiz iqtisadi inkişafa və miqrasiyanın dayanmasına nail ola bilər. Bu həm də təmas xəttində yüzlərlə insanın ölümünə son qoyacaq, Ümumi Daxili Məhsulun 4-5%-nin hərbi xərclərə ayrılmasının qarşısını alacaq. Yalnız sülh Ermənistanda siyasi və iqtisadi sistemin sabitliyinə səbəb ola bilər”.

“Oskanyan-Raffi-Ohanyan” bloku

Keçmiş xarici işlər nazirləri Raffi Ovanesyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyan münaqişənin həlli naminə hərbi balansın saxlanılmasını vacib sayırlar.
“Həm ermənilər, həm də azərbaycanlılar bir-biri ilə qonşuluqda yaşamağa məhkumdur. İlk növbədə regionda güc balansı qorunmalıdır ki, balansın pozulması fəlakətli nəticələrə yol aça bilər. Tərəflər arasında xalq diplomatiyasını dəstəkləmək lazımdır. Qarşılıqlı etimad olmadan Qarabağ münaqişəsinin həlli mümkünsüzdür”.

Ermənistan Respublika Partiyası

İqtidardakı hakim partiya münaqişənin həlli üçün Dağlıq Qarabağın yekun statusunun yerli sakinlərin iradəsi ilə müəyyən olunması üzərində dayanır. Bundan başqa, ölkənin silahlanmaqda davam edəcəyini bəyan edir.
“Münaqişənin sülh yolu ilə həllinə çatmalıyıq. Paralel olaraq, ölkənin müdafiə qabiliyyətini artıracağıq. Bununla yanaşı, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı üçün səyləri davam etdirməliyik”.

“Tsarukyan” bloku

“Çiçəklənən Ermənistan” partiyasının başçılıq etdiyi siyasi blok da münaqişənin kompromislər yolu ilə həllinə tərəfdardır.
“Qarabağ münaişəsi istisnasızolaraq, sülh yolu ilə həll olunmalı, qarşılıqlı kompromislər və konsensus olmalıdır”.

“Azad demokratlar” bloku

Bu siyasi blok isə Dağlıq Qarabağ münaqişəsinin həllində radikal təkliflər verir. “Azad demokratlar” hərbi xərclərin artırılmasını, Qarabağdakı separatçı rejimin tanınmasını təklif edir.

“Yelk” bloku

“Yelk” ilk növbədə Azərbaycanla hərbi balansın bərpasına tərəfdardır.
“İlk növbədə hərbi balans bərpa olunmalıdır. Eyni zamanda, sülh müqaviləsi Qarabağda mütləq şəkildə bölgədə referendumun keçirilməsini tələb edir. Digər tərəfdən, Avrasiya İttifaqına üzvlüyümüz münaqişənin həllinə heç bir fayda vermir”.

“Daşnaksütyun” partiyası

Radikal “Daşnaksütyun” partiyası isə öz millətçi proqramı ilə seçilir. Partiya Qarabağın dərhal Ermənistana birləşdirilməsini tələb edir.
“Qarabağ mütləq Ermənistana birləşməlidir. Qarabağın dünya tərəfindən tanınması bu prosesdə ilk mərhələ olmalıdır. Danışıqlarda heç bir halda təktərəfli güzəştlərə getmək olmaz”.
Ekspertlərin namizədlərin platformalarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yer alan bu nöqanslara münasibətlərini təqdim edirik.
Erməni politoloq İqor Muradyan bildirib ki, Ermənistanda parlament seçkilərində iştirak edən demək olar bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir.
Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ siyasətçilər hesab oluna bilərlər: “Lakin əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”.
Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır: “Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib. Rusiya “broker” kimi fəaliyyət göstərir, lakin faktiki olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır”.
Erməni politoloq bildirib ki, Ermənistanda siyasi partiyaların Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur.
“Bu, parlament seçkilərindəki mübarizədə ən mühüm amildir. Ərazilərin Azərbaycana qaytarılması ideyasını Levon Ter-Petrosyan açıq şəkildə irəli sürür. Hansı ki, bu, yeni deyil, hələ 1988-ci ildən etibarən o, vəzifəsinə sadiqdir. Azərbaycana ərazilər qaytarılacaq, hətta Dağlıq Qarabağ rəhbərliyi (işğal edilmiş ərazilərdə yaradılan qondarma “DQR” rejimi-red) də razılaşacaq və deyiləni yerinə yetirəcək. Heç bir əks fikir ola bilməz”, - deyə erməni politoloq qeyd edib.
Siyasi ekspert, Rusiya Qloballaşma və sosial hərəkatlar İnstitutunun beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov isə deyib ki, bir çoxlarının 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişlərin olacağına ümidləri var, amma hələlik münaqişə ətrafındakı vəziyyətin yaxşılaşmasının əlamətləri nəzərə çarpmır.
Onun sözlərinə görə, Ermənistan parlament seçkilərinədək və dövlət orqanlarında bütün dəyişikliklərin yerinə yetirilməsinədək bu məsələdə heç bir ciddi addım atmayacaq.
Ekspert qeyd edib ki, parlament seçkiləri keçirilənədək Qarabağda münaqişənin eskalasiya təhlükəsi Yerevan üçün daha həssas nəticələrə səbəb ola bilər.
M.Neyjmakov bildirib ki, 2017-ci ildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın regiona maraq göstərmək, Bakı və Yerevana səfər etmək, hətta öz bəyanatlarında Qarabağ məsələsinə toxunmaq ehtimalları böyükdür.
Ekspert Elşən Həsənovun fikrincə isə, namizədlərin seçkilərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri vədlər daxili auditoriyanın və xarici erməni diaspor təşkilatlarının diqqətini özlərinə cəlb etməkdir. Ermənistan Milli Konqresi, “Oskanyan-Raffi-Ohanyan” bloku bu məsələdə bir qədər yumşaq mövqe nümayiş etdiriblər. Onları da başa düşmək olar: “Çünki, bir vaxtlar hakimiyyətdə təmsil olunublar və Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında yaxından iştirak ediblər. Onlar artıq dərk ediblər ki, Qarabağ münaqişəsinin həllində Ermənistan hakimiyyəti rəsmi Bakıya uduzub. Ermənistan Qarabağla bağlı verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Azərbaycanın müharibə edə biləcəyindən isə əndişələnib. Ona görə də münaqişənin sülh yolu ilə həllini önə çəkirlər. Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanıya bilmirsə, başqa dövlətlərə necə bunu qəbul etdirsin. Təbbi ki, qorxur. Hakimiyyətdə olan sabiqlər bunu dərk edərək münaqişənin həllində güzəştlərdən danışırlar. Sarkisyanın “Hakim Respublika” partiyası isə yenə də “Qarabağ bizimdir, bizim olacaq” şüarını irəli sürürlər və elə zənn edirlər ki, belə sərsəm şüarlar səsləndirməklə nəyəsə nail olacaqlar. Bu seçkilərdə hansı siyasi qüvvənin qələbə qazanmasından və verdiyi vədlərdən asılı olmayaraq Qarabağ məsələsində Ermənistanın Azərbaycana məğlub olduğu göz önündədir”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu seçkilər, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişə təkan verəcəyi seçkidən sonra bəlli olacaq:”Hazırda seçkilərə müxalifət olaraq, Sarkisyan rejiminə qarşı Seyran Ohanyanın rəhbərlik etdiyi blok və Levon-Ter Petrosyanın lideri olduğu "Milli Konqrensi" öz platformalarında sülh danışıqlarına yer veriblər. Qeyd edim ki, bu siyasi müxalifətin liderləri Qarabağ müharibəsini həyata keçirənlərdi. Indi bunların platformalarında sülhün yer alması, görünür Ermənistanın bir dövlət kimi iqtisadi və siyasi böhrana getməsində işğalçılıq faktorunu dərk etməsidir. Həm də bu ölkənin nə qədər müstəqilliyini Rusiyaya güzəşt etdiyinin fərqindədirlər. Sarkisyanın "Hakim Respublika" partiyası savaş partiyasıdır və öz platformasında hər hansı konpromis və sülh danışıqları yer almayıb. Hesab edirəm ki, bu seçkilərdə Sarkisyanın partiyası saxtakarlıq yolu ilə parlamentdə üstünlüyü əldə saxlasada, güclü olan Ohanyan və Petrosyan siyasi müxalifəti ilə koalisiya hökuməti yarada bilər. Bu qüvvələr sülh danışıqlarının tərəfdarı olduğuna nəzər salsaq, kompromis tərəfdarı olmayan Sarkisyan bloku ilə siyasətləri toqquşa biləcək. Bu seçkilər bir başa Rusiyanın nəzarəti altında keçəcəyinə şübhə yoxdur. Amma seçki günü qarşldurmalarda istisna deyil. Müxalifət xalqı meydanlara toplayacaq. Seçkilərdən sonra istər Sarkisyan və yaxud digər siyasi müxalifət hakimiyyətə gələrsədə, mütləq irəlləyən aylarda Qarabağ münaqişəsinin nizamlanmasında dönüşün həyat keçirilməsində Azərbaycan istənilən variantdan istifadə edəcək. Qeyd edim ki, Azərbaycanda aprel seçkilərini gözləyir. Və, bu seçkilərdən sonra Ermənistanın substantiv danışıqlara başlaması, rəsmi Kremlin göstərişi ilə reallaşa bilər. Hazırda aprel seçkiləri Ermənistanda Qarabağ siyasəti üzərində qrulub. Bir tərəfdə sülh tərəfdarları bir tərəfdə müharibə tərəfdarları qarşı-qarşıyadır”.

Bu xəbər oxundu
- - -