Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Maliyyə Bazarlarına Nəzarət Palatasının bir illik fəaliyyətinə ekspert baxışı

10.03.17, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əkrəm Həsənov: "Artıq aydındır ki, bu ildə azı bir neçə bank müflis elan ediləcək"

Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasının 1 ili tamam oldu. Məlumat üçün qeyd edək ki, sözügedən qurum keçən ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında yaradılmışdı. 10 mart, 2016-cı il tarixdə isə Azərbaycan Prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsini təsdiq etdi və Direktorlar Şurasının sədrini təyin etdi. Məlumat üçün qeyd edək ki, belə bir qurumun yaradılması zərurəti 2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının milli valyutaya nisbətən kifayət qədər bahalaşması və ölkədə baş verən iki devalvasiya nəticəsində maliyyə bazarlarında hpkm sürən böhrandan irəli gəlirdi. Etiraf etmək lazımdır ki, ötən bir il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası pis-yaxşı fəaliyyət göstərdi və maliyyə bazarında müəyyən işlər gördü.Bəs görəsən ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatasının bir illik fəaliyyətini necə dəyərləndirirlər? Palata fəaliyyət gstərdiyi bir il müddət ərzində hansı işlər gördü və özünü doğrulda bildimi?
İqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, son həftələr ərzində Palata maliyyə sektorundakı vəziyyətin müsbət tərəfə dəyişməsi haqda bəyanatlar verərək bir illik fəaliyyətinin qənaətbəxş olduğunu göstərmək istəyir. Lakin reallıq əksini göstərir. İqtisadçının sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ilə yanaşı İdarə Heyəti də var. İdarə Heyətinin baş icraçı direktoru mövcuddur ki, Azərbaycan şəraitində hər hansı qurumun faktiki iki rəhbərinin olması səmərəli deyil: "Yeni yaranan quruma isə hər yerdə adətən vahid rəhbər lazımdır. Böhran şəraitində isə hər yerdə və həmişə vahid rəhbərlik tələb olunur. Dərin böhran içində olan maliyyə sektorumuza nəzarət etməli olan yeni qurum (Palata) isə ikitirəli doğuldu və səmərəsiz fəaliyyəti öncədən bəlli oldu. Təsadüfi deyil ki, bir il ərzində Palatanın nə normal strukturu, nə də adekvat kadr resursu var. Hətta kadr axını da müşahidə olunmur. Direktorlar Şurası da tam formalaşmayıb". Əkrəm Həsənov hesab edir ki, ötən il ərzində Palatanın ən böyük uğursuzluğu əsas rəqibi Mərkəzi Banka məğlub olmasıdır: "Təbii, Mərkəzi Bank Palatanın yaradılmasından ən çox uduzan qurum oldu. Nəzarət səlahiyyətlərini itirdi. Xatırladıram ki, həm Mərkəzi Bank, həm də Palata dövlət büdcəsindən maliyyələşdirilmir. Mərkəzi Bank banklara verdiyi kreditdən, komisyon haqlardan və valyuta ehtiyatlarının idarə edilməsindən gələn gəlir hesabına dolanır. Palatanın isə belə imkanları yoxdur, o, rəsmi olaraq bankların əlinə baxır. Bankların isə vəziyyəti günü-gündən ağırlaşır. Palata ötən il üç dəfə bəyanat verdi ki, daha heç bir bank bağlanmayacaq. İlk dəfə bunu apreldə etdi, amma iyulda 4 bankı bağladı və faktiki dedi ki, ötən illər ərzində bu banklar Mərkəzi Banka təhrif edilmiş hesabatlar verib və Mərkəzi Bank da buna göz yumub. Daha banklar bağlanmayacaq. Lakin oktyabrda öncə sağlamlaşdırmaq istədiyi "Bank Standart"ı da bağlamalı oldu. Lakin artıq aydındır ki, bu ildə azı bir neçə bank müflis elan ediləcək. Görünən odur ki, Mərkəzi Bankdan Palataya miskin miras qalıb. Belə şəraitdə ən düzgün yol bütün pis bankları təcili bağlamaq, məsuliyyəti illər boyu onlara nəzarət etmiş Mərkəzi Bankın üzərinə qoymaq və yerdə qalan banklarla işi davam etdirmək idi". İqtisadçı deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası oğru bank sahibləri və dələduz bank inzibatçılarına qarşı heç nə edə bilmir, geniş yoxlamalara cürəti çatmır: "Hətta müflis olmuş banklarda da bunu edə bilmir və həmin banklarda kreditorların ümumi yığıncağının yaradılmasını uzadır, ümumiyyətlə, onların ləğv edilməsini prosesini qeyri-şəffaf aparır. İş o yerə çatıb ki, bu gün Palata nəzarətlə deyil, daha çox Beynəlxlaq Bankın idarə edilməsi ilə məşğuldur. Çünki Beynəlxalq Bank nə qədər bərbad vəziyyətdə olsa da, dövlət dəstəyi hesabına real pul ancaq orada var. Buna görə də həmin bankın manat kreditlərini müştərilərindən geri tələb etməsinə də göz yumur, bəlkə də elə özü rəvac verir. Bununla bank sisteminə həm əmanətçilər, həm də borc alanlar tərəfindən milli valyutaya etimadın tam sarsıldığı artıq heç kəsi maraqlandırmır. Halbuki Palata məhz bu etimadı bərpa etmək üçün yaradılmışdı".

Bu xəbər oxundu
- - -