Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Danışmaqdan yorulmuşam”

10.03.17, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amaliya Pənahova: “Bina olmaz, gedib “Qız qalası”nın qarşısında çıxış edərik”

“Bu haqda danışmaqdan artıq yorulmuşam. Görünür, Bakı Bələdiyyə Teatrına bina verilməsi o qədər də önəmli məsələ deyil. Bina olmaz, gedib “Qız qalası”nın qarşısında çıxış edərik”.
Bu sözləri xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova deyib. O bildirib ki, Bakı Bələdiyyə Teatrı binasız olsa da, fəaliyyətini davam etdirir: “Bakı Bələdiyyə Teatrının bu il 25 yaşı tamam olacaq. Gözəl tamaşalarımız var, repertuarımız çox zəngindir. Bu yaxınlarda Adana Teatr Festivalından qayıtdıq. Orda iştirakımız böyük uğurla baş tutdu. Ondan öncə isə “Əli və Nino” tamaşası ilə Beynəlxalq Çexov Teatr Festivalında iştirak etdik. Onu da deyim ki, o festivalda Azərbaycan teatrı olaraq birinci biz tamaşa göstərdik. Bir sözlə, teatrımız bütün gücü ilə fəaliyyətdədir”.
Xalq artisti həmçinin 10 mart – Milli Teatr Günü ilə bağlı həmkarlarını da təbrik edib: “Teatr günü münasibəti ilə hamını təbrik edib, uğrular arzulayıram. Cənab Prezidentimizin “Milli Teatr günü”nü təsis etməsi böyük hadisədir. Biz ömrümüzü teatra həsr etmişik. Belə bir günün qeyd olunması, əlbəttə ki, bizi sevindirir. Bu gün teatr sahəsində çox istedadlı gənclərimiz var. Onlar gələcəkdə Azərbaycan teatrının flaqmanı ola bilərlər. Gəlin yaxşılığa ümid edək”.

Bu xəbər oxundu
- - -