Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İctimai Wi-Fi” layihəsi…

10.03.17, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər artıq yekunlaşır. Yaxın günlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin ediləcək. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Bu barədə martın 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) görülmüş işlərlə bağlı keçirdiyi mediatur zamanı birliyin mətbuat xidmətinin rəhbəri Nüranə Əliyeva jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Access Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq, proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.
Həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlər yekunlaşıb. Növbəti mərhələdə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək. BTRİB ötən ilin iyul ayından istifadəyə verdiyi “Çağrı mərkəzi”nin xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı işləri davam etdirir. Proqram təminatı daim yenilənir, sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sistemi və göstərilən xidmətlərin icra müddəti nəzarətdə saxlanılır. Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verən “Çağrı mərkəzi” ilə əlaqə yaratmaq üçün istifadəçilərin 155 qısa nömrəsini yığması kifayətdir. Gün ərzində 1500-dən yuxarı sorğu qəbul edən mərkəzdə müraciətlər operativ emal olunaraq, birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.
Eyni zamanda, qurumun rəsmi veb-səhifəsi olan “www.baktelecom.az” saytında “Mənə zəng et” funksiyası vasitəsilə abunəçi “Çağrı mərkəzi” ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər. “Onlayn çat” bölməsində isə hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır. Əvvəllər abunəçilər müxtəlif növ müraciətlər (internet təchizatı, telefon xidmətləri) üçün fərqli nömrələrlə əlaqə saxlayırdı. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı.
BTRİB paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” (Fiber to the home - FTTH) layihəsinin icrasını da davam etdirir. İstifadəçinin yüksəksürətli multimedia xidmətləri ilə təminatı GPON (Giqabit Passive Optical Network) avadanlıqları vasitəsilə həyata keçirilir. Bu avadanlıqlar mövcud şəbəkə infrastrukturunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksəkkeyfiyyətli rəqəmsal televiziya xidmətlərinin göstərilməsi mümkün olur. Eyni zamanda, GPON məlumatötürmə sürətini 100 dəfəyədək artırma gücünə malikdir. Genişzolaqlı xidmətlərin üstünlüyü ondan ibarətdir ki, bu tip xidmətlər daha keyfiyyətlidir və əhaliyə sərfəli paketlər şəklində təklif olunur. Eyni zamanda, GPON avadanlıqları daha portativ olmaqla, az yer tutur və enerji sərfiyyatını da minimuma endirir. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək.

Bu xəbər oxundu
- - -