Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu gün torpaq çərşənbəsidir

13.03.17, 8:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Novruz inanclarının xüsusi bir qrupu torpaq kultu ilə bağlıdır. Ümumiyyətlə, torpaq bütün dünya mifologiyalarında məşhur obrazdır. Y.Q.Rabinoviç yazır ki, torpaq od, hava və su ilə yanaşı kainatın əsas stixiyalarından biri hesab olunur. İlahiləşdirilmiş Torpaq obrazının iştirak etdiyi süjetlərin əhəmiyyətli hissəsi kosmoqonik miflərdə qorunur. Bunlarda ilkin ilahi cütlük olan Göy və Yerdən, onların izdivacının kainatda həyatın əsasını qoymasından, bütün qalan tanrıların bu izdivacdan törəməsindən bəhs olunur. Novruz inanclarında da torpaq dörd ünsürdən biri kimi, dörd ilaxır çərşənbələrdən biri ilə bağlıdır. Torpaq inanclarda özünü kult şəklində göstərir. Yəni torpaq canlı varlıq hesab edilmiş, müqəddəs sayılmış və ona tapınılmışdır.
Torpaq çərşənbəsi Şəkidə belə qeyd olunurmuş. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər. Torpaq çərşənbəsi günü yeri murdarlamaq, bitkiləri qırmaq, suya, oda, torpağa tüpürmək günah sayılır. İmkansızlara əl tutmaq, yardım gözləyəni sevindirmək torpaq ruhunu narazı salmaq deməkdi. “Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər” – deyərlər. Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, ötən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü, çırpını meydanlarda qalayarlar. Bundan sonra başlanan şənlik səhərədək davam edər.

Torpağı qoydum dincə,
Novruz bizə gəlincə.
Torpağa kəm baxanı
Doğrarlar xincə-xincə.

Ulu babalarımızın ən qədim əmək peşələrindən biri qoyunçuluq olduğu üçün saya oyunları da torpaq çərşənbəsinin atributlarından birinə çevrilmişdir. Süfrələr şirniyyatlarla və ağartıdan hazırlanan yeməklərlə bəzədilərdi. Torpaq çərşənbəsində heyvan kəsilməz, qan tökülməz.
Təsvirdən aydın olur ki, bu çərşənbədə torpağa elə qulluq olunur ki, torpaq ruhu razı qalsın. Burada torpağın ruha malik olması haqqındakı bu təsəvvür qədim animistik görüşlərin müasir düşüncədə yaşayan izləridir. İsrafil Abbaslı yazır ki, ulu babalar göy, Günəş, Ay, ulduz, fırtına, göy gurultusu, ildırım, habelə ağaclar, dağlar, daşlar, dənizlər, sular, təbiətdəki bu kimi başqa varlıqlarda və heyvanlarda ruh olduğuna inanmış, onlara tanrı kimi tapın;blar.
Xalqımızın yaratdığı inanclarda bu torpaq ruhu “əyə” adlanır. Məsələn dağın ruhu Dağ əyəsidir. Cəlal Bəydili (Məmmədov) yazır ki, bir sıra türk topluluqları Dağ əyəsini su əyəsinə oxşar şəkildə təsəvvür eləyirdilər. Belə bir oxşarlığın isə təməlində, hər halda, dağ əyələri ilə su əyələrinə müstəsna yerin ayrılmağı fikri dayanırdı. R.Əliyev qeyd edir ki, qədim türklər lap ilk dövrlərdən dağa böyük hörmətlə yanaşıb, yaşayış məskənlərini dağlara yaxın yerlərdə salıblar. Bu da ondan irəli gəlmişdir ki, türklər tək tanrıçı olublar və dağlar da tanrıya yaxın olduğundan müqəddəs hesab edilib, dağa yaxın olmaq tanrıya yaxın olmaq kimi başa düşülüb. Rövşən Əlizadə də göstərir ki, dağ kultunun folklordakı qabarıq səciyyəvi keyfiyyəti geniş yayılması və müxtəlif obrazlarda təcəssüm olunmasıdır. Mif və əfsanələrimizdə dağın ana, nurani qoca, pəhləvan və s. şəkillərdə funksiyalaşmasını müşahidə edirik.
Torpaq kultunu, torpağa tapınmanı, onu canlı varlıq kimi təsəvvür etməyi əyə inancından kənarda təsəvvür etmək olmaz. Əyə türk mifologiyasında çox geniş yayılmış obrazdır. V.Basilov onun barəsində yazır ki, hərfi mənada «sahib» anlamında olan “ee”, “iya”, “iyə”, “iə”, “eya” Volqaboyu, Orta Asiya, Şimali Qafqaz, Qərbi Sibir, Altay və sayan türk xalqlarının mifologiyasında həmişə hər hansı bir yerlə bağlı ruhların adıdır. İyə inamı qədim türk mifologiyasına gedib çıxır. Onların funksiyaları haqqındakı təsəvvürlər müxtəlif xalqlarda eyni deyil. İyə Kazan və Qərbi Sibir tatarları və başqırdlarının mifologiyalarında təbiətin müəyyən elementləri, yaşayış yerləri ilə bağlı olub, bu üsulla ruhların su (su iyəsi), qulyabanı (orman iyəsi), damdabaca (ev iyəsi, yurd iyəsi) kimi xüsusi kateqoriyalarını yaradırlar.
Naxçıvan bölgəsindən toplanmış inanclardan məlum olur ki, yer üzündə bir qarış yer əyəsiz deyil. Hər şeyin öz əyəsi var. Suyun da, evin də, bağın da, dağ-dərənin də, ta gözümüzlə nə görürüksə, hamısının əyəsi var. Bu əyələr insana görsənməz. Gərək bunlara salam verəsən”.
Əyələr haqqında inancları tədqiq etmiş A.Babək onların xarakterik xüsusiyyətlərini belə müəyyənləşdirmişdir:
1. İnanclara görə hər bir canlı, cansız obyektin əyəsi – hami ruhu var. Azərbaycan mifoloji mətnlərində adları konkret çəkilən əyələr bunlardır: su əyəsi, ev əyəsi, dəyirman əyəsi, bağ əyəsi, ağac əyəsi, dağ-dərə əyəsi, yol əyəsi.
2. Əyələr müxtəlif görkəmdə olur. Məsələn, Ağbaba folklor mətnlərində dəyirman əyəsi “dingəli gəlin paltarında”, ağac əyəsi “sarı qız donunda”, su əyəsi balıq görkəmində təqdim olunur.
3. Əyələr mətnlərdə təbiəti etibarilə bəd ruhlar kimi yox, xeyirxah varlıqlar şəklində təqdim olunur. Lakin bəd əyələr də vardır. Məsələn, dəyirman əyələri ona rast gələni dəli etməyə çalışırlar.
4. Əyələrin insana münasibəti daha çox insanın ona necə münasibət bəsləməsindən asılıdır. Onlarla münasibətin xüsusi üsulu vardır. İnsan hara gedirsə, bilməlidir ki, o yerin sahibi//əyəsi var. Həmin obyektin sahibi olan əyəyə hökmən salam verməli, qaydalarda nəzərdə tutulan şəkildə ehtiramını ifadə etməlidir. Bu halda əyələrin insandan xoşu gəlir və ona xeyirxahlıq etməyə başlayırlar. Əyələr insana uğur gətirə, bolluq-bərəkət verə bilirlər.
Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər. Novruz inanclarında torpaq kultu haqqında təsəvvürləri müşahidə etmək mümkündür. Şəki bölgəsində toplanmış inanc mətnində deyilir ki, uşağı olmayan qadın ilaxır çərşənbəsi axşamı bağçada beli yerə batırıb bir ağız torpaq çevirir. Bir gün sonra gəlib çevrilmiş torpağın altına baxır. Əgər oradan canlı həşərat (soxulcan) çıxsa, onun övladı olacaq. Çıxmasa “bəxtindən küssün” deyiblər.
Bu çox maraqlı inanc birbaşa torpaq kultu ilə bağlıdır. Burada torpaq ananın özünü, soxulcan isə doğulacaq uşağı bildirir. Burada torpaq təkcə taleyi söyləmir, sanki uşağın özünü o verir. Bu isə mifologiyada daşdan, torpaqdan, dağdan doğulma kimi geniş yayılmış təsəvvürləri özündə əks etdirir. Mifologiyada göylərin ata, yerin isə ana sayıldığını, o cümlədə torpağa həm də “ana yer” (ana vətən, ana yurd, ana torpaq) deyildiyini nəzərə alsaq, bu halda aydın olmayan heç nə qalmır.
Quba-Şabran bölgəsindən toplanmış mətn də bu deyilənləri təsdiq edir: İlin axır çərşənbəsi gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb, altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib. Burada daş, təbii ki, torpaq kultunu təmsil edən obrazlardan biridir. Torpağın altında həşəratın görünüb-görünməməsi niyyətin hasil olub-olmayacağını bildirdiyi kimi, burada da daşın altındakı ot eyni vəzifəni yerinə yetirir.
İnanclarda torpaq kultu ilə bağlı təndir obrazı var. O da həyat, tale, bəxt, qismət mənaları ilə bağlıdır. Ağbaba bölgəsində Novruz qabağı çərşənbə axşamı qaranlıq basan kimi bir nəfər nisbətən ürəkli qadın evin təndir damına gedər, külfənin qarşısında durub deyərdi: “A Bacıxanım, Hacı Kərimin sağ olsun, mənə qardaşımdan, atamdan bir xəbər”... Guya bu zaman külfədən səs gələrmiş. Həmin qadın niyyət edib yatarmış. Əgər yaxşı yuxu görsə, onun niyyəti qəbul ediləcək. Burada təndir yerin, torpağın simvoludur. Ondan xəbər almaq torpaqdan xəbər almaq deməkdir. Təndirin xəbər vermə vəzifəsinə Nuhla bağlı mətnlərdə də rast gəlinir. Onlara diqqət edək.
Qədim zamanlarda bir qarı yer üzünü su alacağını eşidir və Nuh peyğəmbərə yalvarır ki, onu da öz gəmisinə götürsün. Qarı bir balaca çörək bişirib özü ilə götürmək istəyir və təndirdə onu yuxu tutur. Su qarının təndirindən qalxır. Nuh dəryada torpaq axtara-axtara gəlib Naxçıvana çıxır. Burada bir evin qapısını açıb görür ki, bir qarı cəhrə əyirir. Nuh deyir, qarı nənə, nə gördün? Qarı deyir, nənən ölsün, Nuh, təndirimdən bir azca su çıxdı. Bir gün Nuhun arvadı süfrə açıb, xəmir yoğururdu. Durub təndirə od salmaq istədi. Duvağı qaldıranda quruyub qaldı. Təndir yarıya kimi su ilə dolmuşdu. Arvad gedib əhvalatı ərinə söylədi.
Nuh insanlara sel olacağını xəbər verib gəmi düzəltdirmələrini tapşırırmış. Bir şərəşür arvad təndir odlayırmış. Nuh bunun həyətinə gəlir. Arvad Nuha istehza ilə deyir ki, A Nuh kişi, bəs deyirdin, gəmi düzəltdirin, sel gələcək, gəmiləri aparacaq. Bəs bu gəmilər qaldı burda axı… Haçan çıxacaq su? Nuh “Elə bax bu sənin təndirindən” deyib, çomağını vuran kimi su fontan verir. Nuh tullanıb oturur gəminin içində. Qalanını su yuyub aparır. Göründüyü kimi, Ağbaba bölgəsində insanların təndirdən tale xəbər almaları torpaq kultu ilə bağlıdır. Nuhla bağlı mətnlər göstərir ki, təndir təkcə insanların taleyini deyil, dünya tufanı (daşqını) hadisəsində olduğu kimi, bütün dünyanın, bəşəriyyətin taleyindən xəbər verir.
Axır çərşənbə gününün səhəri bulaqdan gətirilən xırda daşların xeyir-bərəkət vermə gücünə inam da torpaq kultu ilə bağlıdır. Mətnlərdə deyilir: Axır çərşənbədə bulaqdan daş gətirirdik. Evin hər küncünə birini atırdıq. Birin də çuvala. Qocalar deyirdilər ki, bu, dövlət, var gətirir. İki-üç gündən sonra atırdıq. Çuvaldakı daş da xəmir yoğrulana kimi qalırdı. Səhəngə də daş atırdıq. Su qurtarana kimi qalırdı.
Yeni il axşamı (Axır çərşənbə axşamı – S.Q.) axar sudan gətirilən suya ailə üzvlərindən hər kəs üç xırda daş, üç buğda dənəsi atırlar ki, pis, namərd adamın evdən, eldən daşı atılsın, əmin-amanlıq olsun, dedi-qodu olmasın. Ailənin dolanışığı yaxşı olsun, evdə, eldə bin-bərəkət artsın, aclıq-qıtlıq olmasın. Şəhadət və baş barmaq arasında üç çimkə torpaq atırlar ki, torpaq məhsuldar olsun. Bu inancların hamısında torpağın (daşın) magik gücünə, sirli-sehrli qüvvəsinə inam, pərəstiş var. Ana torpaq böyük gücə malikdir. İnsanların onun gücünə, xeyir-bərəkətinə ehtiyacı var. İnsanlar bu magik gücdən yalnız il təhvil olanda – Novruzda yararlana bilərdilər. Bu isə xüsusi mərasimlərin köməyi ilə mümkündür. Novruz böyük bir mərasimdir. Bu mərasimdə çoxlu magik ayinlər icra olunur. Nəzərdən keçirilən inanclarda biz belə ayinlərin şahidi oluruq.

S.Qasımova
araşdırmaçı

Bu xəbər oxundu
- - -