Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İki ölkə arasında vəziyyət gərginləşdi

13.03.17, 9:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hollandiyanın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməməsi və ardınca ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanın Rotterdam səfirliyinə daxil olmasına icazə vermədən ölkədən çıxarması bu ölkəyə qarşı sanksiyaları da gündəmə gətirib.
Türkiyə KİV xəbər verir ki, Türkiyə diplomatik addımlardan ilkini atıb. Belə ki, Hollandiyanın Ankaradakı səfirinə “bir müddət Türkiyəyə gəlməməsi” çağırışı edilib, səfirlik və baş konsulluq giriş-çıxışları da tamamilə bağlanılıb. Diplomatik olaraq qəbul edilən bu qərarın uzun müddət davam edəcəyi öyrənilib. Türkiyənin Hollandiyadakı seçkilərdən sonra normallaşmanın sürətlənməsini gözlədiyi ifadə olunub.
Türkiyənin xüsusilə Hollandiya ilə ciddi bir kəşfiyyat əməkdaşlığı mövcuddur. Bu sahədə Türkiyənin məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir. Bundan əlavə, Adanada Hollandiyanın “Patriot” hava müdafiə sistemi yerləşir. Buraya hətta Hollandiya baş naziri Mark Rutte də baş çəkib. Hazırda hərbçilərin sistemin yerləşdiyi bazaya tez-tez səfərləri baş tutur. Bu səfərlərin bir müddət təxirə salınacağı bildirilir. Mənbə qeyd edir ki, Türkiyə hava sahəsinin bütün hərbi və VİP təyyarələr üçün bağlanması da gözlənilən sanksiyalardandır.
Türkiyə ilə Hollandiya arasında sıx ticarət əlaqələri də mövcuddur. Türkiyədə bu ölkəyə aid 2 564 ədət şirkət fəaliyyət göstərir.
İqtisadiyyat naziri Nihat Zeybekci Hollandiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməyəcəyini bildirib.
«The Washington Post» qəzeti yazır ki, Türkiyə ilə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır.
«The Washington Post» qəzeti baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır. Çünki cəmi 1 aydan sonra Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə «hə» desələr, prezident R.T.Ərdoğanın səlahiyyətləri və fəaliyyət müddəti artacaq.
Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Gert Vildersə zillənib. Qəzet Ərdoğanla Vildersin bir-birini millətinin gözündə onlara sərf edən əcinnəyə çevirdiyini yazır.
«Hollandiyayla Türkiyənin «böhranının» çox sadə izahı var», – deyə hollandiyalı siyasətçi, siyasət elmləri üzrə mütəxəssis Cas Mudde bildirib: «Hər iki ölkə millətçilik hissinin dominantlıq etdiyi seçki kampaniyasının təsiri altındadır.»
Böhranın sonucları qəzetin haqlı olduğunu göstərir. G.Vildersin ölkəsindəki türkləri nəzərdə tutaraq dedikləri onları, yəqin ki, bir az da qızışdıracaq. Tvitter səhifəsində G.Vilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib. Türkiyənin ailə işləri naziri Betül Sayan Kaya haqqında isə G.Vilders bunları yazıb: «Rədd olun, bir də geri dönməyin və bir də, zəhmət olmasa, öz türk fanatlarınızı da özünüzlə aparın».
«The Washington Post» münasibətləri son illər onsuz da pisləşən Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. R.T.Ərdoğan bazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. R.T.Ərdoğan, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir. Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində səfərdə olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənir.
Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantları «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vilders-dən irəli keçdiyini göstərdi.
«The Washington Post» R.T.Ərdoğanı öncə də «diktator» adlandıran G.Vildersin indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağa çalışdığını ehtimal edir.
Onun, eləcə də rəqibi M.Ruttenin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir, beləliklə, avtoritarizmə can atmaqda günahlandırılan R.T.Ərdoğanın tərəfdarlarını artırır, onun mövqeyini bərkidir. Məqalənin müəllifi İşaan Tharur bu fikirdədir.

Bu xəbər oxundu
- - -