Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda Höte İnstitutunun nümayəndəliyi açılacaq

13.03.17, 14:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Klubunda Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun adından ziyafət verilib.
Tədbiri açan səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını bildirərək, dövlətimizin başçısı İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Səfir 200 illik yubiley münasibətilə Berlin Humboldt Universitetində həmin ali məktəbin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Maria Auxun təşəbbüsü ilə “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” başlıqlı fotosərginin keçirildiyini vurğulayıb.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan R.Həsənov iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərə verdiyi töhfədən danışıb. Diplomat, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinin ölkəmizin və regionun turizm potensialından daha yaxşı istifadə olunması üçün yeni imkanlar aça biləcəyini diqqətə çatdırıb.
Mədəniyyət və turizm naziri Ə.Qarayev çıxış edərək tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkəmizdəki həyatının Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında hazırkı münasibətlər üçün də möhkəm bünövrə təşkil etdiyini bildirib. Nazir Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. O, Azərbaycanda alman məskənlərinin 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqqında da danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşməsi barədə məlumat verib, ölkəmizin bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını diqqətə çatdırıb. Ə.Qarayev Azərbaycanın dünya ölkələri və xalqları arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən söz açıb, multikultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma nəticəsində dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. Nazir bununla əlaqədar olaraq mədəniyyətlərarası dialoq üzrə Bakı prosesinin, o cümlədən cari il mayın 5-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, AFR-in ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinin və Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinin Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. O, Berlin Humboldt Universitetində açılmış fotosərgiyə Almaniya XİN tərəfindən dəstəyin göstərilməsini Almaniya hökumətinin bu yubileyə verdiyi dəyərin göstəricisi olduğunu qeyd edib. H.Tempel bildirib ki, sözügedən sərgi Berlindən sonra Bakıda, Göygöldə, Gürcüstanda və Ukraynada açılacaq.
Azərbaycanda mövcud olan alman irsindən bəhs edən diplomat ölkəmizdəki tarixi alman məskənlərinin və abidələrinin mühafizəsi, restavrasiyası və təşviqi məqsədilə görülən işlərdən, hər iki tərəfdən irəli sürülən təşəbbüslərdən danışıb. H.Tempel, həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq edildiyini, Almaniyada 1100-ə yaxın azərbaycanlı gəncin təhsil aldığını və 2017-ci ildə Bakıda məşhur Höte İnstitutunun nümayəndəliyinin açılacağını diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Bundestaqın deputatları, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrin və KİV-lərin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Bu xəbər oxundu
- - -