Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bitki kultu ilə bağlı inanclar

15.03.17, 8:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Qədim təsəvvürlərdə səməni ilə bağlı kult obrazı, yəni pərəstiş olunan, inanılan, tapınılan varlıq olub. Səməni insanlara sağlam can, ruh verir:

Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səndən mən can istərəm,
Damara qan istərəm.
Qanım təmiz gərək,
Dosta canım gərək.
Qansız canım olmaz,
Sənsiz qapım olmaz.
İlətilsin loğmanı,
Yamanlığın amanı.

Novruz inanclarında yaz güllərindən olan bənövşənin obrazına da rast gəlmək olur. Bu inancların öyrənilməsi məlum edir ki, bu mətnlərdə bitki kultu ilə bağlı təsəvvürlər öz əksini tapmışdır. Məsələn, Şəki bölgəsində bayram axşamı bəzən küsülülərin ayaqlarının altına bənövşə dəstəsi tullayırlar. Əgər o, bənövşəni yerdən götürüb küsülüsünə versə, hamı onları təbrik edir. Əksinə, bənövşəni tapdalayıb keçsə, onda bir il heç kəs onu dindirib-danışdırmaz. İkinci hal çox nadir hallarda baş verir.
Burada bənövşə ilə bağlı bitki kultunun izləri var. Belə ki, bənövşə müqəddəs bitki kimi küsülülərin arasına atılır. Onu tapdalamaq olmaz. Bu halda heç kəs tapdalayanı dindirməz. Bu, bənövşənin müqəddəsliyini bildirir. Novruzla bağlı nəğmədə o, məhz yazı, Novruzu gətirən bitki kimi tərənnüm olunur:

Qış çıxar, açar yazı bənövşə,
Eyliyər bizə nazı bənövşə,
Hər gülün sərəfrazı bənövşə.
Aman, ay gülüm, bəsdərəm səni,
Dəstə bağlıyıf iylərəm səni.
Novruzun gözəl zinətidir bu,
Allahın bizə şəfqətidir bu,
Adəm oğlunun adətidir bu.
Aman, ay gülüm, bəsdərəm səni,
Dəstə bağlıyıf iylərəm səni.

Yer ilə yeksan eliyir özün,
Görsədir bizə göy ala gözün.
Anliyən olmaz söhbətin, sözin,
Aman, ay gülüm, bəsdərəm səni,
Dəstə bağlıyıf iylərəm səni.

Novruz inanclarında otlardan da bəhs olunur. Zəngəzur bölgəsinə məxsus mətndə deyilir ki, axır çərşənbənin səhəri o başdan durub, səhəngi götürüb, bulağa gedirik. Üç dəfə bulağın üstündən atılırıq. Orda da deyilir ki, “ağır-uğuruğun bu suda qalsın”. Bulaqdan beş daş götürüb səhəngə atırıq. Çöldən qırılmalı otlardan beşini də atırıq yenə səhəngə. Özü də kim tez gəlir o bulağa, ora konfetdən, buğdadan bir şey qoyar ki, bilsin ki, biz sizdən tez gəlmişik. Bala, bu daşı ona görə səhəngin dibinə atırıq ki, ağırrığımız-uğurruğumuz bu daşla qalsın səhəngin içində. Ot da ona işarədir ki, evimizə ruzi-bərəkət gətirsin. Sonra səhəngi evə aparırıq, suyun içirik. Səhəngin suyu qurtarınca, bala, bir on beş gün içində qalır. Sonra daşı evin künclərinə atırıq. Üzümüzə gələn Novruza qədər qalır, sonra yenisini gətiririk. Ot səhəngin içində qalır.
Mətndən məlum olur ki, axır çərşənbənin səhəri günü sübh tezdən çöldən dərilib su səhənginin içərisinə atılan ot ruzi-bərəkət verir. Otun ruzi verməsi, heç şübhəsiz ki, bitki kultu ilə bağlıdır. İnanclarda bitki kultunu təcəssüm etdirən buğdadan da bəhs olunur. Buğda – taxıl qədim dövr insanlarının həyatında və inanclarında məlum səbəblərdən mühüm yer tutur. Buğda taxıl bitkisinin dəni kimi bitki kultu ilə bağlı təsəvvürlərlə əlaqədardır. Bu təsəvvürləri özündə əks etdirən mətnlərdə göstərilir ki, axır çərşənbə gecəsinin səhəri evin damına buğda atırlar ki, bərəkət artıq olsun.
İnanclarda undan da bəhs olunur. Bu mətnlərdəki un obrazı taxıl dənindən hazırlanan məhsul kimi bitki kultu haqqında təsəvvürləri əks etdirir. Mətnlərdə deyilir ki, axır çərşənbə gecəsində un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın. Bu inanclardan aydın olur ki, axır çərşənbə gecəsi bərəkət paylanılır. Bərəkət paylanılırsa, demək, qədim mifoloji təsəvvürlərdə bu bərəkəti paylayan obrazın – varlığın özü haqqında da təsəvvürlər olub. öyçədə Novruz bayramında evlərin tavanına un vururmuşlar ki, ev həmişə ruzili olsun. Ağbaba bölgəsində ikinci çərşənbə axşamı günü evin tavanını unla naxışlar, otaqları silib-süpürərdilər. Göründüyü kimi, istər axır çərşənbə gecəsi çuvalların ağzının açıq saxlanması, istərsə də evin tavanının un ilə naxışlanması eyni məqsədə – ruzi-bərəkətin bolluğu diləyinin yerinə yetirilməsinə xidmət edir.
İnanclarda alma obrazına da sıx-sıx rast gəlinir. Alma ağac-bitki kultunun obrazlarından biri kimi, ümumiyyətlə folklorumuzda çox geniş yayılmışdır. “Məlikməmməd” nağılında şahın bağçasında bitən alma ağacı sehrli idi. Kim ondan yesə idi, on beş yaşında cavan oğlana dönürdü. Yaxud nağıllarda dərviş istəyəndə cibindəki almanı dua ilə qıza döndərir. Bu o deməkdir ki, alma sehrli gücə, magik xassələrə malikdir. Vaqif Aslan və Xəyalə İsayeva folklorumuzdakı alma obrazının mifik xassələri ilə bağlı yazırlar ki, alma əbədiyyət və əbədi gənclik, həyat ağacının meyvəsi, həyat, elçilik, dirilik simvolu kimi, demək olar ki, bütün xalq ədəbiyyatı nümunələrində özünü göstərir. u xassələri müxtəlif bölgələrdən toplanılmış inanclarda da görmək olur. Məsələn, Şəkidə bayram axşamı düşənə yaxın küsülü qız almanı elə atır ki, düz küsdüyü qonşusunun qucağına düşür.
Burada alma küsülülərin arasında barışıq vasitəsi rolunu oynayır. Ancaq nağıllarda ərə getmək istəyən şah qızının onun balkonunun qabağından sıra ilə keçən oğlanlardan birinə alma atmasını, yaxud bəzi bölgələrdə toyda alma atılmasını nəzərə alsaq, almanın bəxt, tale, niyyət kimi mənalarla bağlılığı üzə çıxır. Oruc Əliyev yazır ki, nağıl məntiqinə görə, alma kimə atılsa, onunla evlənmək qaçılmazdı. Hətta şahzadələr də bu addımı atıbsa, daha onu pozmaq, qərarı dəyişmək mümkün olmazmış. Buna qarşı çıxmaq adət-ənənəyə qarşı çıxmaq kimi qiymətləndirilərmiş. Bütün bunlar almanı bitki kultunun obrazı kimi nəzərdən keçirməyə imkan verir. Bölgələrdən toplanılmış sınama-inanc mətnlərində bu cəhətləri aydın görmək olur.
Qaraqoyunlu bölgəsinə məxsus inanc-sınamada deyilir ki, axır çərşənbə gecəsi iki alma götürüb birinə xəlvətcə bir nişan qoyursan. Sonra ürəyində bir niyyət tutursan. Gəlib evdə ən xırda uşağı çağırırsan ki, gəlib almalardan birini götürsün. Əgər nişanladığın almanı götürsə, onda diləyinə çatarsan.
Burada bizim mövzumuz baxımından əsas olan almalardan hansının niyyətlə bağlı olub-olmaması yox, ümumiyyətlə niyyətin alma ilə yoxlanılmasıdır. Yəni alma bitki kultu ilə bağlı təsəvvürləri özündə yaşadır. Axır çərşənbə gecəsi ilin təhvil olacağı son gecədir. Həmin gecədə alma ilə niyyət tutulursa, bu o deməkdir ki, alma (ağacı) söyüd kimi ilin təhvil olunduğu qeyri-adi zaman nöqtəsi ilə bağlıdır. Digər sınamalar da bunu təsdiq edir. əncəbasar bölgəsindən toplanmış mətndə göstərilir ki, axır çərşənbə gecəsi almanı qabıqlarını qırmamaq şərtilə bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan, qismətinə çıxacaq adamı yuxuda görərsən – deyərlər.
Göründüyü kimi, alma burada adi bir meyvə deyil. O, bitki (ağac) kultu ilə bağlı obraz kimi, bəxt, tale, qismət mənaları ilə əlaqədardır. Quba-Şabran bölgəsi inancında deyilir ki, axır çərşənbə günü alma yeyirlər. Cecədə olan toxumları sayırsan, on dənəsini yastığın altına qoyursan və yatırsan, yuxuda qismətini görürsən. Bu sınama mətni də yuxarıdakı ilə eyni mənaya bağlanır. İnanclarda heyva obrazına da rast gəlinir. Dərbənd bölgəsinə aid inancda göstərilir ki, ilin axır çərşənbəsi heyva ağacının budağından balaca bir parça kəsib uşağın biləyinə bağlayarlar ki, ona göz dəyməsin. Demək, heyva burada adi bir meyvə deyildir. O, bitki kultu ilə bağlı varlıq kimi qeyri-adi gücə malikdir: bəd nəzəri qaytarır, pis niyyəti puç edir.
Şəki bölgəsində toplanmış başqa bir inanc isə bitki kultu ilə bağlı təsəvvürlərin məzmunca geniş və zəngin olduğunu göstərir. Mətndə deyilir ki, əgər axır çərşənbə günü ölən olarsa, inanırlar ki, o evdə bir nəfərin də həyatı təhlükədədir. Odur ki, qəbirin içinə, meyidin baş tərəfinə kiçik bir xurma budağı qoyarlar, torpaqla örtüləndən sonra isə üstünə çiy yumurta sındırıb tökərlər. Mətndən məlum olur ki, axır çərşənbə günü, yəni ilin son günündə baş verən ölüm sonrakı günlərə doğru uzanır. Hər bir gündən sonra başqa bir gün gəldiyi kimi, bu son çərşənbə günü də təzə ilin günlərinə bağlı olur. Demək, ölüm təzə ildə də davam edəcək və ailənin başqa bir üzvü də öləcək. Bunun qabağını almaq üçün iki simvolla bağlı ayin yerinə yetirilir:
Birincisi, meyidin baş tərəfinə kiçik bir xurma budağı qoyurlar. Xurma budağı bitki kultu ilə bağlı magik gücə malikdir. O, ölümün uzanmasını, ailənin başqa üzvlərinə aid olmasını dayandırır. İkincisi, meyid torpaqla örtüləndən sonra üstünə çiy yumurta sındırıb tökürlər. Burada çiy yumurta həyatı, canı, insanı simvolizə edir. B.N.Toporov yazır ki, bir çox mifopoetik ənənələrdə dünya yumurtası adlanan obraz var. Bu obrazdan kainat, yaxud hansısa şəxsləndirilmiş yaradıcı qüvvə, məsələn, tanrı-yaradıcı, mədəni qəhrəman-demiurq, bəzən də insan nəsli əmələ gəlir. Burada da çiy yumurta can-insan mənasındadır. Onun sındırılması ikinci ölümü, qurbanverməni simvollaşdırır. Yəni ikinci ölüm baş verməli, ailədən kimsə ölümə yenidən qurban getməli idi. Çiy yumurta can, həyat rəmzi kimi həmin ikinci qurbanı əvəz edir.
Göründüyü kimi, istər bu inanc, istərsə də bura qədər nəzərdən keçirilmiş inanclar Novruz kompleksi ilə bağlı inancların bitki kultu ilə bağlılığını təsdiqləyir.

S.Qasımova
araşdırmaçı

Bu xəbər oxundu
- - -