Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Olland Bakının müharibə edəcəyindən ehtiyatlanır

15.03.17, 9:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dağlıq Qarabağ münaqişəsinin həlli son günlər yenə gündəmə çıxarılıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri, Ermənistan prezidentinin Fransaya, oradan Rusiyaya səfəri, eləcə də Azərbaycan prezidentinin Fransada fransalı həmkarı ilə görüşündə Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirələri və prezidentlərin fikirləri onu deməyə əsas verir ki, dünya ictimaiyyəti problemin həllində daha böyük maraq kəsb edirlər. Xüsusən Fransada keçirilən görüşdə prezidentlərin açıqlamaları Qarabağda status-kvonun saxlanılmasının münaqişənin həllinə böyük maneə olduğunu göstərir.
Martın14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.
Dövlət başçısı qeyd edib ki, Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir".
Fransalı prezident isə öz növbəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb.
“Siz Fransanın ATƏT-in Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən Prezident Sərkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır”, - Olland bildirib.
Ekspert Mirsamir Məmmədovun sözlərinə görə, Ollandın fikirlərində heç bir səmimilik müşahidə olunmur: “Fransanın Ermənistanla hansı səviyyədə müttəfiqliyi bəllidir və Fransa hakimiyyətinə də erməni diasporasının necə təsir etdiyi məlumdur. Sadəcə Olland belə bir fikri işlətmək məcburiyyətində qaldı. Məgər Fransa bilmir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, hansı beynəlxalq hüquq normalarını pozur? Bu 25 il ərzində Fransa bir dəfə də olsun Ermənistana “qaşın üstündə gözün var” deyibmi. Bilirsiniz, Minsk qrupunun hər üç həmsədri bu fikirdədir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır və xüsusən də Azərbaycanaın ərazi bütövlüyü çərçivəsində. Bəs bunun üçün həmsədrlərdən hansı addımlar atılıb, heç bir addım. Eləcə gəliblər danışıqlar aparıb, görüşlər keçirib gediblər. Ona görə də bu insanlarda ədalət, səmimiyyət, insanlıq hissi yoxdur, işğala hüquqi qiymət verməkdən çəkinirlər. O ki qaldı Ollandın münaqişənin hərb yolu ilə həllini istəməməsinə, artıq Avropa Azərbaycanın gücləndiyini görüb və belə fikirlər söyləməklə bu faktı təsdiqləyirlər. Dərk edirlər ki, Azərbaycan müharibəyə başlasa tezliklə işğal edilən torpaqlarımız azad ediləcək. Düzdür, bu asanlıqla başa gəlməyəcək, amma biz öz torpaqlarımız uğrunda döyüşəcəyik, Fransanın dəstəklədiyi erməni işğaslçıları isə yad torpaq üçün mübarizədə öləcəklər”.
Bu arada erməni politoloq Ara Papyan deyib ki, Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq.
Papyan münaqişənin həlli ilə bağlı Rusiyanın təklif etdiyi “Kazan düsturu”ndan danışıb. Hansı ki, bu “Madrid prinsipləri” əsasında hazırlanıb.
“Kazan sənədinə əsasən, birinci mərhələdə Kəlbəcər və Laçından başqa, biz beş rayonu qaytarırıq. Bundan sonra, qaçqınların qayıdışı olacaq. Məlumata görə, qayıdacaq qaçqınların təxmini sayı 600 minə qədər olacaq”, - deyə o bildirib.
Erməni politoloq iddia edib ki, qaçqınların qayıdışından sonra Qarabağın yekun statusunun həlli üçün referendumun keçirilməsi çətin olacaq: “Çünki qaçqınların qayıdışından sonra toqquşmalar və müharibə qaçılmaz olacaq. Azərbaycan təkcə Qarabağı yox, İrəvanı da qaytarmağı planlaşdırır”.
Erməni politoloqun bu fikirləri təbii ki, hər şeydən öncə münaqişənin həll olunmaması üçün irəli sürülən iddialardır. Papyan bununla demək istəyir ki, “biz rusların təklif etdiyi “Kazan düsturu” ilə razılaşsaq, o zaman, müharibə başlayacaq”.
Qəzet yazır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan “Lavrov planı”na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq görünür”.
Sabiq dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, ermənilər hər dəfə sülh danışıqlarında yeni bir məsələ ortaya atırlar. İndi də dəfələrlə razılşadırılmış məsələləri yenidən müzakirə obyektinə çevirmək istəyirlər.
Politoloqun sözlərinə görə, Sarkisyanın Fransa səfərində Dağlıq Qarabağın status məsələsinin ön plana salınması hər şeyi alt-üst edir:“Ermənistan prezidentinin Fransa səfərində Madrid prinsipləri irəli sürülüb. Azərbaycan yalnız yenilənmiş Madrid prinsipləri əsasında problemin həllinə razıdır. Bu məsələnin əsas nüansları da ondan ibarətdir ki, 7 rayon mərhələ-mərhələ qaytarılır. Bu, 5+2 variantı üzrə də həll edilə bilər. Ancaq həmsədr ölkə Fransanın mövqeyi danışıqlar prosesini bütünlüklə pozur. Status məsələsinin ortaya atılması o deməkdir ki, Dağlıq Qarabağın statusu həll ediləndən sonra ermənilər rayonların geri qaytarılmasını və bütövlükdə sülh prosesini tamamilə poza bilərlər. Bu məsələdə ardıcıllıq belə olmalıdır: təcavüzkar işğal edilmiş ərazilədən çıxmalıdır. Ermənistanın təcavüzkar elan edilməsi BMT-nin qərarlarında öz təsdiqini tapıb. Əgər işğalçı vəziyyəti diktə edəcəksə və öz şərtlərini irəli sürəcəksə, Fransa da bunu müdafiə edəcəksə, bu, danışıqlar yox, birbaşa diktə prosesidir. Bu, Azərbaycanın hüquqlarının tamamilə heçə sayılması və Ermənistanın bir növ hərtərəfli müdafiəsi deməkdir. Azərbaycan heç cür Ermənistanın irəli sürdüyü və Fransanın müdafiə etdiyi prinsipləri qəbul etməyəcək. Beləliklə də bölgədə müharibə təhlükəsi gündəmdə qalacaq”.
Qeyd edək ki, Ermənistan prezidenti martın 8-də Parisdə fransalı həmkarı Fransua Ollandla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib.
Fransadakı ermən təşkilatlarının koordinasiya şurasının sədri Murad Papazyan erməni mətbuatına müsahibəsində bildirib ki, Olland görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinin əsas götürülməsini vurğulayıb və Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirmək üçün referendumdan sonra 5 rayonun Azərbaycana qaytarılmasını irəli sürüb.
Fransa prezidenti Sərkisyanla görüşündən sonra hətta sülhə qarşı çıxılan hallarda müşahidə və xəbərdarlıq edilməsi, sanksiyaların tətbiqi üçün mexanizmin hazırlanmasına dair bəyanat da verib.
Azərbaycan isə təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinin əleyhinədir.
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi addımlar atmağa çağırıb.
Komitə sədri S.Seyidov dünən Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirib.
S.Seyidov deyib ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova münaqişələr və müharibələrlə üzləşib:“Bu münaqişələr nəticəsində minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalı nəticəsində Azərbaycan da qaçqın və məcburi köçkün problem ilə üzləşib. Çox təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı lazımı addımlar atmır. Bunun nəticəsində isə dünyada qaçqın və miqrant böhranı yaşanır”.
S.Seyidov həmçinin qeyd edib ki, indi insan hüquqularının qorunması məsələsi beynəlxalq təşkilatlar üçün ali prinsiplərdən biri olmalıdır:
"Münaqişələr nəticəsində qaçqın və miqrant vəziyyətinə düşən insanların pozulmuş hüquqları bərpa olunmalı və qorunmalıdır”.

Cavid

Bu xəbər oxundu
- - -