Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz - maddi-mənəvi dəyərlərimizi özündə yaşadan mədəniyyət hadisəsidir

16.03.17, 7:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul ediblər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilib, ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilib.
“Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Ancaq ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilib. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.
Biruninin müasiri olan mütəfəkkirlər Mahmud Kaşğarlı və Ömər Xəyyam Novruz haqqında müəyyən məlumatlar veriblər. Onların əsərlərində təkcə bu bayramın təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də onunla bağlı mərasimlər, sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn, Biruni belə bir sınama haqqında məlumat verir: “Əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum yandırsan, bütün xəstəliklərdən xilas olarsan”.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunub. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Biruninin əsərindən, Ömər Xəyyamın “Novruznamə”sindən aldığımız məlumatlara görə, Novruzda yerə su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə yellənərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər, ritual yuyunması, çimməsi və digər mərasimlər icra edilərmiş. Novruz günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar qoyarmışlar.
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olub ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulub.
Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Həmin günü Novruz (Yeni gün) adlandırıblar.
Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmayıb. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri “Novruz”un “Yaradılış bayramı” olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.
Digər bir mülahizəyə görə, “Novruz” turanlıların “Tura” bayramıdır. Bu mülahizəni K.Hüseynoğlu irəli sürüb. M.Cəfərli “Novruz”un sosial-mədəni və mənəvi aspektinə diqqəti yönəldib, onun dini əsaslardan məhrum olmadığından və sosial harmoniyanın təmin olunmasında oynadığı müstəsna rolundan bəhs edib.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Orta əsrlər İran əfsanələrinə əsasən, Novruz bayramı ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq olunub. Ancaq birinci personaj daha qədimdir və “Avesta”da Qara Martan adlanan bu obraz ilkin insan və ya bəşəriyyətin əcdadı hesab edilir. Bu personaj “Avesta”ya, heç sübhəsiz, Turan aləmindən daxil olub. Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu, çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz əski inisiasiya mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılıb. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü deyil. Ancaq bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanılıb.
Novruz oyunları kompleksinə daxil olan “Kəndirbaz” oyunu da arxaik ritualın və ya başqa sözlə, Novruzun mənşəyinin öyrənilməsində istifadə oluna bilər. Çünki bu oyunda çox əski “keçid” ritualı oynanılır. Əgər “Ergenekon”u Boz qurd cildində olan şamanın arxasınca gedərək dar bir keçiddən, dağ və ya qaya arasından keçərək icra edirlərsə, “kəndirbaz” oyununda bu hərəkətlər havada, daha çətin və mürəkkəb şəraitdə yerinə yetirilir. Buradakı keçid o dünyaya gedən “qıl körpünü” də, “uçmağa” aparan yolu da simvolizə edə bilər. Keçi isə mərasim icraçısı, mediator, “yumuşçu”, ölüm mələyi kimi ritualda, yalançı və ya təlxək kimi oyunda ən müxtəlif funksiyalarda izah oluna bilər . O da mümkündür ki, Hind-Avropa mədəniyyətində rast gəldiyimiz ritual zamanı bütün günahların yüklənib buraxıldığı “günah keçisi”nin lokal variantı həmin Keçidir.

Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -