Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Fransa-Azərbaycan əlaqələri böyük əhəmiyyət kəsb edir”

16.03.17, 9:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Nəsirov: “Birincisi ona görə ki, Fransa Avropanın iki lokomotiv dövlətindən biridir”

Eldar İbrahimov: “Gündəlikdə duran ən mühüm məsələ Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır”

Qabil Hüseynli: “Belə təəssürat yaranır ki, Paris və Moskva Dağlıq Qarabağ probleminin həllində hərəkət etmək qərarına gəliblər”

“Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq”. Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, Fransa-Azərbaycan əlaqələri bir neçə parametr üzrə olduqca böyük əhəmiyyət kəsb edir: "Birincisi ona görə ki, Fransa Avropanın iki lokomotiv dövlətindən biridir. Fransa Avropa qitəsində xüsusi çəkiyə malikdir. Ona görə də bizim Fransa ilə əməkdaşlığımız həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq. Avropa İttifaqı ilə Azərbaycanın Cənub Qaz Dəhlizində ciddi əlaqələri qurulub. Bu baxımdan da bu səfər çox əhəmiyyətlidir. Bununla yanaşı, bu səfər iqtisadi-ticari, humanitar və kənd təsərrüfatı, kosmik sənaye və digər sahələrdə əməkdaşlığın genişlənməsində yeni imkanlar açır".
E.Nəsirov bildirib ki, səfər həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün mühüm rol oynaya bilər: "Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz bu münaqişənin həlli ilə bağlı Fransanın bir neçə dəfə fəal iştirakının şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyev Fransada əksər görüşlərində münaqişənin həllinə toxundu və bu prosesdə Ermənistanın danışıqlar prosesindən yayındığını, hələ ki buna nail olduğunu da diqqətə çatdırdı.
Ümumilikdə hesab edirəm ki, dövlət başçısının səfəri Fransa-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar açacaq və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə xidmət edəcək".
Millət vəkili Eldar İbrahimov “Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini çox müsbət qiymətləndirirəm”,- deyə vurğulayıb: “Bu səfər Azərbaycanın, dövlət başçısının Avropada və dünyada nə qədər mühüm əhəmiyyətə və böyük nüfuza malik olduğunun nəticəsi hesab edilə bilər”.
Azərbaycan Prezidentin Fransaya səfər proqramının kifayət qədər geniş və əhatəli olduğunu vurğulayan muillət vəkilinin sözlərinə görə, həm rəsmi, həm siyasi, həm də biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
E. İbrahimov qeyd edib ki, gündəlikdə duran ən vacib, ən mühüm məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır: “Bildiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədrindən biridir və bir çox hallarda da ermənilərə, Ermənistana yaxınlığı, ona dəstəyi ilə seçilən ölkələrdəndir. Bunu da zaman-zaman dilə gətirmişik, sərt mövqeyimizi də ifadə etmişik. Ancaq bununla belə hesab etmişik və edirik ki, Fransa Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, təcavüzkar, işğalçı Ermənistana təsir göstərə bilər. Bizim də həmsədr ölkə kimi Fransadan gözləntimiz budur. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır.
Səfər zamanı dövlət başçısı da bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, status-kvonun bir daha qəbuledilməzliyini söylədi və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində, gücündədir”. Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının Fransa səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit, zəmin, şərait var. Azərbaycan eyni zamanda, Avropaya öz kapitalını, sərmayəsini yatırır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Ümumilikdə götürdükdə Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir”.
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Fransaya səfəri vaxtında edilmiş səfər idi: “Çünki bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Parisə səfər etdi, daha sonra isə Moskvaya getdi”. Onun sözlərinə görə, belə təəssürat yaranır ki, Paris və Moskva Dağlıq Qarabağ probleminin həllində hərəkət etmək qərarına gəliblər: “Sarkisyan Parisdə olarkən təmas xəttində insidentlərin araşdırılması ilə bağlı mexanizmin yaradılması, monitorinqin gücləndirilməsi, atəşkəs rejimini pozan tərəfə sanksiyaların tətbiq edilməsi ilə bağlı fikrlər səsləndirdi. Əlbəttə ki, bununla o, bir daha münaqişənin həlli üzrə əsas məsələlərin müzakirəsindən yayındığını göstərdi. Çünki indi substantiv danışıqların başlanılması daha vacibdir. Sarkisyan həmçinin, Dağlıq Qarabağ ifadəsini deyil, “Artsax” kəlməsini işlədib. Azərbaycan Prezidenti Parisə səfəri zamanı Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan etdi, sərt mesajlarını verdi”.
Politoloq əlavə edib ki, Prezidentin səfəri zamanı həmçinin, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edildi və onlardan fəaliyyətini dayandırmaq tələb olundu: “Digər tərəfdən, Fransa prezidenti Fransua Ollandla problem ətrafında çox ciddi və prinsipial müzakirələr aparıldı. Dövlət başçısı xatırlatdı ki, Minsk qrupunun həmsədri olan dövlət problemi beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll edilməsinə nail olmalıdır. Bu baxımdan müəyyən məsələlərlə bağlı Prezident öz kəskin mövqeyini bildirdi və bir növ Dağlıq Qarabağ münaqişəsində tərəf tutan ölkələrə özünün qəti mesajını göndərdi”.
Q.Hüseynli əlavə edib ki, dövlət başçısı Fransanı ölkəmizə investisiya yatırmağa dəvət edib: “Azərbaycanda Fransa investisiyası var və artmaqda da davam edəcək. Çünki bu, Fransa üçün də əlverişlidir. Amma bizim üçün bu gün əsas olan Dağlıq Qarabağ münaqişəsidir. Dövlət başçısı bununla bağlı da lazımi mesajlarını verdi”.
Millət vəkili Tahir Mirkişili söyləyib ki, Azərbaycan və Fransa arasında yaxın tərəfdaşlıq mövcuddur: “Bu münasibətlər son illərdə daha da inkişaf edib”. O qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə yaxından əməkdaşlıq edir: “Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verib. İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Fransa arasında həmçinin ticarət, investisiya qoyuluşu, eləcə də ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq edilir: “Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya məbləği 2 mlrd dolları keçib”.
T.Mirkişili vurğulayıb ki, Azərbaycan Prezidentinin Fransaya səfəri bu ölkənin müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini cəlb edib: “Dövlət başçısının həm Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri, həm də ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi. Ölkəmizdə dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönündə müxtəlif tədbirlər həyata keçirilir. Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsi, müasir texnologiyaları öyrənmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının inkişafına ciddi təkan verəcək. Digər tərəfdən, Azərbaycanla Avropa İttifaqı arasında strateji münasibətlərin formalaşdırılması itiqamətində ciddi işlər aparılır. Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Bu baxımdan da Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkələrimizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək”.

Bu xəbər oxundu
- - -