Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Manat daha da möhkəmlənəcək”

16.03.17, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FES-in qərarı valyuta bazarımızda dollara olan tələbi artırmadı.
Bu barədə iqtisadçı alim Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir:
“Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Bu bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır və valyuta bazarındakı passiv mövqeyi dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirir. Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”.
Manatın məzənnəsinin necə dəyişə və hansı hallarda möhkəmlənməkdə davam edə biləcəyinə gəlincə, iqtisadçı bildirib ki, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7,5 milyard manatı hərraclara çıxarmayacaq:
“Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da Beynəlxalq Bank hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyli asan olacaq. Çünki bu, hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə, o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək. Belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq”.
Ekspertin sözlərinə görə, liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib:
“Bu isə o deməkdir ki, oxşar təcrübə bizdə də təkrarlanarsa, o zaman 2017-ci ilin I yarısında manatın bazar dəyərinə nail olmaq mümkündür. Bu, milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı, manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır”.
Vüqar Bayramovun fikrincə, dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər:
“Yəni əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa, eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu, yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil.
Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq, manatın yenidən ucuzlaşmasının qarşısının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hazırda psixoloji üstünlük manatın tərəfindədir”.

Bu xəbər oxundu
- - -