Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Telman Siyabov-60

16.03.17, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaşar Kələntərli:”Ömrünün yarısını Azərbaycan naminə xərcləyib”
Vaqif Abışov:”O, sözündən dönməyən, əqidəli, iradəli və hədəfə doğru gedən, mübarizə aparan bir şəxsdir”
Yeganə Mehdibəyli:” Azərbaycana, vətənə, millətə olan sevgi bütünlükdə Siyabovlar ailəsinin ruhuna hopub”
Elçin Mirzəbəyli:”Telman Siyabov həm də fədakar ata, gözəl ailə başçısıdır”


88-ci illərdə Milli Azadlıq Hərəkatında on minlərlə insan meydanlara axışıb azadlıqları, müstəqillikləri uğrunda mübarizə aparırdı. O zaman meydan özündə cins, yaş, dil və milliyyət müxtəlifliyi ilə on minlərlə insanı ağuşuna almışdı. Amma bu müxtəliflik hamını bir əqidə, amal ətrafında birləşdirmişdi - Azadlıq. Millətin əzmkarlığı, gücü, qəzəbi Azərbaycanı azadlığına qovuşdurdu, ölkə müstəqilliyini yenidən əldə etdi. O vaxtdan 30 ilə yaxın bir müddət keçir. Bu müddət ərzində bir çox hadisələrin şahidi olduq. Meydanda birlik nümayiş etdirənlər arasında sonradan fikir ayrılığı, çarpışmalar, əqidəsindən dönənlər, xainlər, xəyanətlər, satqınlar, yolunu azanlar.... Amma onların sayı o qədər də çox deyil. Həmin kəslər vətənini ürəkdən sevən, dövlətinin, xalqının güclənməsi, Azərbaycanın birliyi uğrunda mübarizə aparanlar arasında itib-batıblar. 88-ci illərdə meydan hərəkatında mübarizlik göstərə bilsələr də, sonradan satqınlıqları, xəyanətləri həmin mübarizliyin üstündən xətt çəkmiş oldular. Həmin kəslər də xatırlanır, tarixdə qalır, amma baxır necə.
Bu gün bir insandan söhbət acaçağıq. O insandan ki, əqidəsi, vicdanı, mübarizliyi, vətənpərvərliyi ilə min elə xaini susdura bilib. Bu insan Telman Siyabovdu. Telman Siyabov Meydan hərəkatından günümüzə qədər alnı açıq, üzü ağ gəlib çıxıb. Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəy ideyalarına, tutduğu yola, amalına xəyanət etmədi. Zaman onu bir çoxu kimi aldatmadı, dünyanın rənglərinə, zənginliklərə aldanmadı. Əksinə vicdanı, təmizliyi, əqidəsilə zənginliklərə qalib gəldi. Martın 25-də 60 illiyidir. İlləri yavaş-yavaş ötürür, özü də bilmədən, hiss etmədən yaşının üstünə yaş gəlir. 30 il bundan qabaq meydandaydı, bu gün əqidədaşlarının arasında mübarizliyini davam etdirir, əvvəlki əzmkarlığı ilə...
Onun haqqında, hansı mübarizələrdən keçdiyindən, hansı maneələri necə dəf etməyindən bilgimiz var, yazsaq bəs etməz. Bu dəfə sözü Telman Siyabovun cəbhədaşlarına verdik, qoy onlar danışsınlar.
Yaşar Kələntərli (BAXCP-nin baş katibi) - Telman Siyabov partiyamızın qocaman cəbhəçilərindəndir. Telman Azərbaycanda xalq hərəkatına tək qoşulmayıb, ailəlikcə, qardaşları ilə birlikdə meydanlarda olub. Sonralar Telman bəy Naxçıvan Ali Sovetinin deputatı kimi də böyük nüfuz sahibinə çevrilib. Milli byrağımızın ortaya gətirilməsi prosesində əməyi olub, bu prosesdə birbaşa iştirak edib. Ömrünün yarısını Azərbaycan naminə xərcləyib. Azərbaycanın qorunmasında, dövlətimizin möhkəmləndirilməsində, Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman kəskin mövqedə dayanıb. Dövlətçilik maraqlarını hər şeydən üstün tutan cəbhədaşlarımızdan biridir. Telman Siyabovla bir yerdə hələ çox yol gedəcəyik. Bu yol bizi Azərbaycanın gələcəyinin möhkəmlənməsinə, bütövləşməsinə aparacaq.
Vaqif Abışov (BAXCP Ali Məclisinin sədri) - Telman Siyabov – kimlər üçünsə, bu ad elə bir məna daşımaya bilıər, kimlər üçünsə tanınmaya bilər. Mənim Telman Siyabovla tanışlığım 1988-ci ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan vaxtdan olub. Bu günə qədər onunla dostluğumuz davam edir, o vaxtdan bu vaxtadək Azərbaycanın bütövlüyü, millətimizin gələcəyi uğrunda çiyin-çiyinə addımlayırıq. Telman Siyobov sözündən dönməyən, əqidəli, iradəli və hədəfə doğru gedən, mübarizə aparan bir şəxsdir. 1988-ci ildə Naxşıvandan başlayan bu proses sonradan başqa yerlərə çatdı və Bakıda daha geniş vüsət aldı. Telman Siyabov bütün Azərbaycanı bürüyən hərəkatın mərkəzində iştirak edib. Naxçıvan Ali Sovetinin deputatlarından, Bakıda Xalq Cəbhəsində təmsil olunan rəhbərlərdən biri olub. Meydan hərəkatında öndə gedənlərdən idi. Telman Siyabov dövlətimizin müstəqilliyi, qorunub saxlanmasıyla bağlı bilik və təcrübəsini gənclərimizə aşılayan bir şəxs olub. Bu gün də yaşının bu dönəmində həmin əqidə, dönməzliyi ilə o prosesi davam etdirir. Düzdür, 1988-ci ildə indiki yaşda deyildi, amma bu gün həmin gümrahlıq, əzmkarlığı Telman Siyabov qoruyub saxlayıb. Bu gün də həmin mübarizənin önündədir. 2002-ci ildən BAXCP sıralarındadır. Bu il bizim partiyanın yaranmasının 15 illiyidir. Telman Siyabov kimi mərd, cəsarətli insanlar da bu 15 ildə Azərbaycanın bütövlüyünün qorunması uğrunda ömrünü xərcləyib. Bu yolda ona ancaq və ancaq cansağlığı və bir də uğurlar arzulayıram.
Yeganə Mehdibəyli (BAXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri) - Mən Telman Siyabovu və onun ailəsini yaxından tanıyıram. Azərbaycana, vətənə, millətə olan sevgi bütünlükdə bu ailənin ruhuna hopub. Telam Siyabovun ailəsi azadlığı, millətini, Qarabağı sevən bir ailədir. Telman Siyabov Milli Azadlıq Hərəkatından çıxıb. Ağrı, acılı, sevincli, kədərli günlər yaşayıb. Ömrünü bu günlərə həsr edib. Təki Azərbaycan azad olsun, xalqımız balalar görməsin, təhlükələrdən uzaq dursun. Çoxu hərdən deyir ki, Telman Siyabov çox danışır. Bəs onu danışdıran nədir – vətənə olan məhəbbət, sevgi, Qarabağ həsrəti. Axı bu adamın ürəyi doludur, onu danışdıran ürəyidir. Telman bəy, yaxşı dostdur, yaxşı cəbhədaşdır, yaxşı ailə başçısıdır. Kaş ki, belə Telmanlar çox olaydı ölkəmizdə. Telman Siyabovun içi həmişə türkçülüklə, azərbaycançılıqla dolu olub. Tariximizə, milli köklərimizə, kimliyimizə bağlı olub. Bu günlərdə soykökümüzlə bağlı bəzi şəxslərin yanlış fikirləri ona da bərk təsir etmişdi. Mənimlə söhbətlərində ürək yanğısı ilə bu məsələləri müzakirə edirdi. Azərbaycan və türkçülüyə xələl gətirəcək bir ifadəylə barışmayan, ona yer edən, narahat olan belə adam görün vətəni, milləti üçün nələrə gedər. Canından keçməyə belə hazır olan mərdlərimizdən biridir Telman Siyabov. Yaş-yaş üstə gəlir, illəri bir-bir yola veririk, amma Telman Siyabovun ürəyi 1988-ci illərdə necə vətən sevgisi ilə döyünürdüsə, indi də elədir. Çoxu deyir ki, artıq hərəkat arxada qalıb, elə deyil. Əgər o vaxtları Telman Siyabov kimilər meydanlarda düşmənə qarşı cəsarətli çıxışlar edirdilərsə, güc göstərirdilərsə, bu gün həmin prosesi kabinetlərdə həyata keçirirlər. Yazırlar, çıxışlar edirlər, maarifləndirmə, təbliğat və təşviqat işləri aparırlar. Allahdan belə insanlara uzun ömür arzulayıram, axı bu ömür millətin gələcəyi, vətənimizin böyüməsi, Azərbaycanımızın bütövləşməsi üçündür.
Elçin Mirzəbəyli (“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru)-Telman Siyabov Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biridir. O öz ideallarına, prinsiplərinə sonuna qədər sadiq qalan bir insandır. Milli Azadlıq Hərəkatına cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar qatılmışdılar. Onlardan bəziləri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına etiraz edənlər və mərkəzi hakimiyyətdən ədalət gözləyənlər, bəziləri yaranmış vəziyyətdən öz korparativ maraqları üçün yararlanmaq istəyənlər idi. Bir qrup adam isə hərəkata öz idealları, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə üçün qatılmışdı. Telman Siyabov sonuncuların sırasında idi və bu gün də eyni düşüncə və fədəkarlıqla istiqlal məfkurəmizə xidmət edir. Onun istər Naxçıvan MR Ali Məclisinin deputatı olduğu dönəmdə, istərsə də indi öz yoluna, milli hədəflərə olan münasibəti dəyişməyib. Telman Siyabov həm də fədakar ata, gözəl ailə başçısıdır. Onun bir dost kimi müsbət keyfiyyətlərindən, prinsipiallığından, ənənələrə sədaqətindən saatlarla danışmaq olar. Ömrünün 60-cı ilinə qədəm qoyan dostumu, əqidə, məfkurə yoldaşımı təbrik edirəm, uzun və sağlıqlı ömür arzulayıram”.
Faiq İsmayılov (BAXCP Ali Məclisinin sədr müavini) - Hər bir insan özü-özlüyündə kiçik bir dünyadır. Bu dünyaya səyahət etmək, bizim bir-birimizlə münasibət qurmaqdan asılıdır. Bu dünyada, tanıdığımız insanların özləri həmişə bizim üçün bir öyrənmək fürsətidir. Bu fürsətlərdən birini mən məhzTelman bəyin timsalında yaşamışam.
İllər öncə BAXCP – də tanış olmuşam. Bir az müdik, bir az çılğın, bir azda hər məsələyə dərhal reaksiya verən insan kimi həmişəlik xatirəmdə qalıb. İnsanlıq özü həm də bir sənətdir, Allahın bəxş etdiyi bənzərsiz bir istedaddır. Hər birimiz təsdiq edərik ki, mükəmməl insan gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəyini söyləyəndir. Yəni nümunəvi bir davranış yüz sözdən üstündür.
Telman bəy məhz belə bir öndər şəxsiyyətlərdəndir. O təkcə peşəkar bir siyasətci kimi deyil, həm də sadə, təvazökar, dürüst, səmimi bir insan, etibarlı dost, savadlı və məsuliyyətli vətəndaşdır. Mən çox məmnunam ki, həm də belə bir insanla siyasətdə bir sıradayam.
Telman bəy, mən sizi 60 illik yubleyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun və mənalı ömür, ailə səadəti, həyatınızda böyük uğurlar arzulayıram. Ölkəmizlə, şəxsinizlə bağlı arzularınızı həyata keçirməkdə Allah yardımçınız olsun.

Bu xəbər oxundu
- - -