Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qazaxıstan Azərbaycanın ixracatçı şirkətlərini qarşılamağa hazırdır

16.03.17, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Jenis Kasımbeklə görüşüb. Səfirlikdən verilən məlumata görə, qazaxıstanlı nazir rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə daxil olan iqtisadi-ticari və nəqliyyat sahələrinin ikitərəfli əlaqələrdə mühüm yer tutduğunu qeyd edərək gündəlikdə duran məsələlərin müzakirəsi baxımından görüşün vacibliyini vurğulayıb. J.Kasımbek vurğulayıb ki, vaxtilə Aktau dəniz limanının rəhbəri vəzifəsində çalışdığı müddətdə ölkəmizi yaxından tanımaq imkanı olub.
Səfir isə öz növbəsində vurğulayıb ki, Qazaxıstan Azərbaycanın vacib tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan Qazaxıstanla iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Diplomat Avropa və Asiya arasında əlverişli tranzit potensialının reallaşması istiqamətində hər iki ölkədə həyata keçirilən beynəlxalq nəqliyyat infrastrukturlarının əhəmiyyətindən danışıb. Diplomat yaxın vaxtlarda işə düşəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Qazaxıstanın Xəzər sahilində inşa etdiyi yeni Kurık limanının ölkələrimizin tranzit imkanını daha da genişləndirəcəyini qeyd edib.
R.Məmmədov, həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etidirilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Azərbaycanın ixracatçı şirkətlərinin cari ilin 24-25 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərində həyata keçirəcəyi ticarət missiyası haqında məlumat verib. Həmçinin Qazaxıstan ixraratçı şirkətlərinin ölkəmizə belə səfər həyata keçirəcəyi təqdirdə onlara lazımi işgüzar əlaqələrin qurulması üçün bütün imkanların yaradılacağı bildirilib. Diplomat qeyd edib ki, Azərbaycan Qazaxıstan istehsalı olan lokomotivləri idxal etməyə hazırdır, eləcə də “Bakı Gəmiqayırma Zavodu”nda Qazaxıstanın gəmi sifarişlərinin qəbulunda maraqlıdır.
J.Kasımbek Qazaxıstanın Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bu marşrutun inkişafı üçün Qazaxıstanda həyata keçirilən layihələr haqqında danışıb və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözlədiklərini qeyd edib. Həmçinin ikitərəfli ticari əlaqələrin inkişafının vacibliyini vurğulayan nazir sözügedən ticarət missiyasının uğurlu keçməsi üçün lazımi dəstək veriləcəyini bildirib.
Eyni zamanda, görüşdə hər iki ölkədə azad iqtisad zonalar arasında əməkdaşlığın inkişafının faydalı nəticələr verə biləcəyi qeyd edilib və Aktau dəniz limanı xüsusi iqtisadi zonasında Azərbaycan investisiyası ilə inşa edilən Aktau İstehsal və Loqistika Mərkəzinin iqtisadi-ticari əlaqələrin artmasına təkan verəcəyi bildirilib. Öz növbəsində, səfir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, limanda taxıl terminalının tikilməsi barədə məlumat verib və azad iqtisadi zonada Qazaxıstanın taxıl sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən birini görməkdən Azərbaycan tərəfinin məmnun olacağını bildirib.

Bu xəbər oxundu
- - -