Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xocavənd rayonundan toplanmış folklor mətnləri buranın türk yurdu olduğunu sübut edir

17.03.17, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızının Xocavənd rayonundan toplanmış folklor mətnlərində Qaraca Çoban obrazı ilə bağlı maraqlı araşdırma aparıb. Araşdırmadan bu qənaət hasil olur ki, Qaraca Çoban və yaxud Qara Çobanla bağlı bölgədə rast gəlinən folklor materialları düşünmək, araşdırmaq üçün ciddi ipucu verir, bir daha sübut olunur ki, sözügedən bölgə tarixi Azərbaycan-türk yurdudur: “Bölgədən qeydə aldığımız materiallar arasında xeyli sayda mifoloji mətn var. Bunların bir qismi bütün bölgələrimiz üçün xarakterik olan mifoloji rəvayətlərdir. Xocavənd sakinlərindən topladığımız rəvayətlərin bir qismini də Qaraca Çobanla bağlı söylənən mətnlər təşkil edir. Qeyd edək ki, “Dədə Qorqud kitabı” ilə səsləşən mətnlər həm bizim tərəfimizdən, həm də digər folklorçular tərəfindən başqa bölgələrdən də qeydə alınıb. Bunların arasında “can yerinə can vermə”, “ölümdən qaçma” motivləri, Təpəgöz və ya Kəlləgözlə bağlı süjetlər, eləcə də Əzrayılın quş formasında təsəvvür olunmasına dair materiallar daha çoxdur. Bununla yanaşı, müxtəlif bölgələrimizdə elə alqış, qarğış, ağı və s. mətnlərlə üzləşirik ki, bu mətnlərin bəzən ruhunda, bəzən də qafiyələnməsində “Dədə Qorqud”la müəyyən səsləşmələr özünü göstərir.
Xocavənd sakinləri arasında Qaraca Çobanla bağlı mətnlər olduqca məşhurdur. Qaraca Çoban obrazının bu bölgədə mövcud olması ilə bağlı ilk məlumatlara mərhum folklorşünas Şamil Cəmşidovun “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən” adlı əsərində rast gəlirik. Təəssüf ki, Şamil Cəmşidov o zaman topladığı mətnləri nəşr etdirməyib, yalnız yığcam məlumat verməklə kifayətlənib. Bölgəyə səfər etdiyimiz zaman bu obrazla bağlı ilk məlumatları hələ Xocavənd Rayon İcra Hakimiyyəti nümayəndələri ilə görüşümüzdə aldıq. Xocavənd rayonunun Muğanlı, Əmirallar, Qaradağlı kəndlərinin camaatı arasında bu mətnlərin daha geniş yayıldığının şahidi olduq. Xocavənd və Kuropatkin kəndlərindən olan söyləyicilərimiz Qaraca Çobanla bağlı bir neçə mətn danışdılar. Onlar bu mətnlərin yuxarıda adlarını qeyd etdiyim kəndlərin sakinləri olan qonşularından eşitdiklərini qeyd edirdilər. Mətni danışan şəxslərin demək olar ki, hamısı söylədikləri mətnləri vaxtilə öz ata-babalarından və yaxud kəndin yaşlı sakinlərindən eşitdiklərini deyirdilər. Bu faktın özü ərazinin işğalından qabaq həmin mətnlərin bölgədə nə qədər yayğın olduğunu göstərən faktdır. Biz sakinlərdən bu obrazla bağlı topladığımız mətnlərin hamısını Xocavənd rayonunun sakinlərindən toplayıb tərtib etdiyimiz kitabda vermədik. Onlardan yalnız doqquzunu seçib ora saldıq. Qalanlarını isə bir-birini təkrarladıqları üçün, bəzilərini isə zəif olması səbəbindən kitaba daxil etmədik.
Söyləyicilərə Qaraçuxa ilə bağlı sual ünvanladığımızda onlar bəzən Qaraçuxanı Qaraca Çobanla dəyişik salır, onun haqqında məlumat verməyə başlayırdılar. Söyləyicilər bu obrazı gah Qara Çoban, gah da Qaraca Çoban adlandırırdılar. Maraqlıdır ki, “Dədə Qorqud kitabı”nın özündə də Qaraca Çobanın müxtəlif cür adlandırıldığının şahidi oluruq. Dastanda Qaraca Çobanın adı 45 dəfə çəkilib ki, onlardan yalnız beşində obraz Qaraca Çoban adlandırılıb, beş dəfə Qaracıq Çoban, bir dəfə Qaracuq Çoban, bir dəfə Qarıcıq Çoban, otuz üç dəfə isə sadəcə çoban formasında işlədilib. Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov (Jdanov – Beyləqan rayonu Sovet dövründə bir müddət Jdanov adlandırılmışdı) rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır.
Xocavəndli söyləyicilərimiz Qaraca Çobanın Qaraçuq dağının ətəyində yaşadığını, orada qoyunlarının yataq yerinin, su kəhrizinin olması haqqında məlumat verir, Qaraca Çobanın bütün var-dövlətinin bu dağda olmasını deyirdilər. Qaraçuq dağının da “Dədə Qorqud kitabı” ilə bağlı toponim olması məlum həqiqətdir. Bu obrazın məşhur qəhrəmanlarından biri olan Qazan xanın epitetlərindən biri də “Qaraçuğun qaplanı”dır. Qaraca Çobanın Qaraçuq dağından əyilərək Xonaşen çayından su içməsi, çox böyük olduğu üçün öləndə bir qəbrə yerləşməməsi, bölünərək 3, 7, bəzən də 40 qəbirdə dəfn olunması, məzarının uzunluğunun 200-300 metr olmasının vurğulanması nəhənglərlə bağlı təsəvvürlərin bölgədə bu obraza transformasiya olunduğunun sübutudur”.
Qaraçuq dağının ətəyində salınmış Avşar qəbiristanlığında iri qara daşlar var: “Yerli sakinlərin dediyinə görə, bu daşlar çox ağırdır, qaldırmaq olmur. Həm də bu daşların yalnız burada mövcud olması, yaxın ərazilərdə rast gəlinməməsi ilə bağlı məlumatlarla da tez-tez qarşılaşırdıq. Xocavəndlilərin dediyinə görə, bu daşlar vaxtilə Qaraca Çobanın atdığı daşlardır”.
Araşdırmaçı hesab edir ki, “Dədə Qorqud kitabı”nda Qaraca Çobanın Dəmirqapı Dərbənddə Qazan xanın on min baş qoyununun ardınca gələn kafirlərlə döyüşü zamanı və Qazanın evini qurtarmağa getdiyi zaman kafir çəngəlinə vurulan Uruzu qurtarmaq üçün sapanddan daş atdığından bəhs olunur. Dastanda Qaraca Çobanın sapandı belə təsvir olunur: “Çobanın üç yaşar dana dərisindən sapanınını ayasıydı, üç keçi tüyindən sapanını qollarıydı. Bir keçi tüyindən çatlagucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yıladaq daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanını qorqusundan”.
Xocavənd sakinlərindən qeydə aldığımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətnlərdən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsələsi ilə çox oxşardır. Yəni burada da Qaraca Çobanın dağın başında dayanaraq üstünə gələn düşmən qoşununa sapandla daş atmasından söhbət açılır, amma düşmənlərin nə səbəbə gəlməsi göstərilmir. Digər mətndə Qaraca Çobanın ölülərini çox ağlayan avşar camaatını qəbiristanlıqdan qovmaq üçün Qaraçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur. Başqa bir mətndə Qaraca Çobanın Qaraçuqda dayanaraq Nooruz dərəsinə daş atmasından söhbət gedir. Qaraca Çobanın daşının böyüklüyünü nəzərə çarpdırmaq üçün söyləyici “Savet dövründə nə qədər texnika varıydı, onu sahədən çıxara bilmədi, güjü çatmadı çıxartmağa. Heylə böyüh qayaydı” kimi cümlələrdən istifadə etdi. Mətnlərdən birində isə camaatın torpaq payı böldüyü zaman Qaraca Çobanın daş atması, daşın getdiyi məsafə qədər ərazini özünə yataq yeri götürməsi qeyd olunur.
“Yerli əhalinin Qaraçuq ərazisində Qaraçuq Çobanın adı ilə əlaqədar olaraq göstərdiyi coğrafi əlamətlərindən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, “Qaraçuq Çobanın sapand daşları” və nəhayət, “Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və Jdanov rayonlarında yaşayan Allahverdi Xəlilov, Həmid Xəlilov, Xanlar Məmmədov, Qaraş Cəfərov, Surxay İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov, Heydər Nağıyev və başqalarının ata-babalarından Qaraçuq Çoban haqqında eşitdikləri rəvayətlərdə deyilir: “Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşin çayından su içərmiş, o bir pud saqqızı bir dəfəyə ağzına alıb çeynəyərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cız salarmış. Qaraçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daşları qoyub atmaqla basqın edən düşmənləri qovarmış....”. Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır. Ş.Cəmşidovun verdiyi məlumatların böyük bir qismi bu gün də bölgə əhalisi arasında yaşayır.
Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən danışarkən qeyd etdi ki, o zaman yazı-pozu olmadığından, dəfndə kimlərin iştirak etdiyini bilmək üçün gələnlərin hamısı əllərində bir dənə qara daş gətirib qəbrin üstünə qoyublar. Şamil Cəmşidovun yazdığına görə, bölgə əhalisi Qaraca Çobanın ölümü haqqında belə məlumat verir: “Qaraçuq Çoban peyğəmbər əyyamında yaşamışdır. Lakin o, Allahı, peyğəmbəri tanımazmış. Bir gün iki dərviş onun yanına gəlib, peyğəmbər adından danışaraq, qoyunlardan qurban kəsməyi tələb edir. Bunu qəbul etməyib dərvişləri qovduğu üçün Allahın Qaraçuq Çobana acığı tutub, özünü və qoyunlarını daşa döndərib”.
Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. “Qaraçuq Çoban ölümünün yaxınlaşdığını duyub, Qaraçuq dağının başında dayanıb, sapandına sapandına böyük bir daş qoyub atmış və demişdir: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təxminən 15 kilometr aralı olan Nərgiztəpəyə düşüb. Odur ki, öləndə onu burada dəfn ediblər. Lakin Qaraçuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadığından baş, bədən, iki qol, iki qılça olmaqla 6 hissəyə bölüb ayrı-ayrı qəbirlərdə basdırıblar”.
Hazırda Qaraçuq Çobanın qəbri deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qəbiristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzərində ox-kaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilib. Söyləyicilər bəzən bu obrazı müasir dövrlə əlaqələndirirlər. Qaraca Çoban haqqında informasiya verən söyləyici sonda mətnə təəssüf hissiylə belə bir əlavə etdi: “Onnan sora Qara Çoban çıxdı getdi, erməni gəldi ora yelihləndi”. Erməninin bu ərazilərə yerləşməsi çox yaxın tarixin məhsuludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə “müasirləşdirilməsi” son dövr hadisələri ilə əlaqədar olaraq olduqca təbii görünür, söyləyici öz yer-yurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər Qaraca Çobanın yataq yerinin və qoyun arxacının ermənilər tərəfindən əkilərək məhv edilməsini də vurğuladılar. Bütün bu deyilənlərə əsasən belə bir nəticəyə gələ bilərik ki, bu bölgə qədim Azərbaycan torpaqlarıdır.

Uğur

Bu xəbər oxundu
- - -