Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması”

27.03.17, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çağdaş Azərbaycan poeziyasının tanınmış şairi Musa Yaqubun poeziyasına həsr olunan növbəti kitab belə adlanır. Filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun qələmə aldığı kitab "Təfəkkürdə milli kimlik”, "Əfsanəvi poeziyada əfsanə”, şairin öz şeirinin adı ilə həmahəng olan "Bir sabah sənindir, bir sabah mənim” və s. bölümlərdən ibarətdir. Kitaba filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy ön söz yazıb. Həmin yazını oxuculara təqdim edirik.

***

Səsi səsləyənlər və eşidənlər...

Poeziya bütün hallarda ruhun səsidir. Bu səsə qulaq vermədən ruhu eşitmək, ruhu eşitmədən insanı görmək, insanı görmədən ilahi yaradılışı anlamaq mümkün deyil... Bu yol uzun bir yoldur: sonsuzdur. Əvvəlində də – Özü, axırında da – Özü durur. Əvvəl də, axır da Odur...
Bu əbədi dövriyyənin hər bir dövrəsində biz Onunla varıq. O, bizə var olmağın, Onunla olmağın yollarını bəxş edib... Həmin yollar iti axan çaylar kimi içimizdən, qəlbimizdən, ruhumuzdan keçir. Hərə bir yolu tutub “ağına düşür”... İri cüssəsində zərif poetik duyğular bəsləyən Qalib Sayılov “ruhun səsinə” gedib. Ruh səsləyib – o da gedib. Gedib də səsin sahibini tapıb: Musa Yaqub. Tapıb da doymadan bu səsə qulaq asıb...
Bu səs onu səsləyib, sözə təşnə ruhunu bəsləyib, fitrətinə oyadıb. O zamandan Qalib Səsin səsinə aramsız yol gedir... Hələ nə qədər gedəcək – bilmir. Bilmək də istəmir: onluq deyil... Ruhunu Səsə, Səsləndirənə və Səsləyənə kökləyib. Yalnız saysız səslər içində Səsləyini tapanda dayanır, dincəlir. Yol getdiyinin, yolla getdiyinin fərqində olur... Düşüncəsi özünə qayıdır, hara gəlib çatığının, kimin qonağı olduğunun fərqinə vara bilir. Qarşımda bir kitab var: Qalib Sayılov: “Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması”. Təəccübləndim:
– Nə zaman yazdın bu kitabı?
– Özümü dərk edəndən yazıram.
“1980-ci il idi. O vaxt mən Şamaxının Həmyə kənd orta məktəbinin şagirdi idim. Şeirlə, poeziya ilə yatıb, şeirlə də duran vaxtlarım idi. Bütün şairləri oxuyurdum, lakin eləsi olurdu ki, qəlbimin süzgəcindən keçə bil¬mirdi. Özüm də ara-sıra şeir yazır, tez-tez şeirlərimi “Yeni Şirvan” qəzetinə apa¬rırdım. Və redaksiyada şeir “müəllimlərim” çoxalırdı. Mənə sərbəst şeirin fəlsəfəsindən “gap” edirdilər. Guya ki, qoşma, heca şeiri dərin məna yükünə malik ola bilməz... Nə isə. Belə söhbətlərin birində qeyri-ixtiyari M.Yaqubun “Leyləklərin çöp yuvası boş qalıb” misralı şeirini dedim və soruşdum bu şeir hansı vəzndədir? Araya çökən sükutu “ustad”lardan biri pozdu: – “Nəbilim eee”. Bununla məsələ bitdi”.
Bitmədi, Qalib bəy. Dünyada heç nə elə beləcə bitmir. Hər bitən bir başlanğıcdır:
O yerdə ki həmin söhbət bitdi – Sən başlandın...
O yerdı ki həmin söhbət bitdi – hələ otuz il bundan sonra yazacağın kitabın ilk səhifəsi yazıldı...
Sən yazıldın, kitabın yazıldı, Musa Yaqub yazıldı və bütün yazılar yazıldı. Və hamımız yenidən yazıldıq və yazıla-yazıla gedirik. Hələ nə qədər yazılacağıq, bunu da biz bilmirik. Bildiyimiz odur ki, hamımız bir yazının içərisindəyik və hamımız öz varlığımızla yazılmış bir səhifəyik. İndi bu səhifəni təzədən özümüz yazırıq. Bu da sənin yazındır: Musa Yaqub səhifəsi...
Dünyamızın “Musa Yaqub” yazısı yazılandan onun haqqında çox yazılar yazılıb. Hərə öz yazısını yazıb. Bu yazı da fəlsəfə doktoru, folklorşünas, ədəbiyyatşünas, publisist Qalib Sayılovundur: “Musa Yaqub irsində folklor”. Niyə “Musa Yaqub?” Niyə “folklor?”
“Mən hələ o vaxt duyurdum ki, xalq ruhundan, xalq dilindən uzaq düşən şai¬rin ömrü uzun olmaz. M.Yaqubun yaradıcılığını, zəngin ədəbi irsini, fəlsəfi görüş¬lərini dərin¬dən, obyektiv və sistemli şəkildə öyrənmədən XX əsrin ikinci yarısını və xüsusilə də 1960-2010-cu illər dövrü poeziyasını işıqlandırmaq mümkün olmaz. M.Yaqub ilkin yaradıcılığından minillər ərzində müstəqil siyasi-dövlət həyatını yaşa¬mış xalqın tarixi yaddaşında, qanında və ruhunda dərin kök salmış milli istiqlal düşüncəsinə önəm verib. Rişəsi dərinə işləyən nəhəng ağaclar kimi poezi¬ya¬sının ruhu çox keçmişlərdən qidalanıb”.
Q.Sayılovun kitabının girişindən götürdüyüm bu parça, əslində, Azərbaycan poeziya məkanında Musa Yaqub kimliyinin üzərinə işıq saldığı kimi, elə bir ədəbiyyatşünas olaraq Q.Sayılov kimliyinin də üzərinə işıq salır. Bu fikirdə Q.Sayılovdan görünən M.Yaqub var. Amma təkcə o deyil, görən də, görünən də burada vəhdət içərisindədir. Bu mənada:
Q.Sayılova görə, şair ömrünün, yaradıcı sənətkar ömrünün varlığı xalqın ruhuna və dilinə bağlıdır. Xalqın ruhundan qopan, onun dilində danışan sənətkarın ömrü, əslində, əbədiləşir. Xalq yaşadıqca ruhu xalqın ruhu ilə döyünən, dili xalqın dili ilə danışan şair də yaşayır. Elə bu kontekstdə müəllif belə hesab edir ki, XX əsrin ikinci yarısının öyrənməyin yolu M.Yaqub yaradıcılığından keçir. Müasir poeziya M.Yaqubun zəngin ədəbi irsi, fəlsəfi görüş¬ləri üzərində durur.
Bu, çox böyük qiymət deyilmi, əziz oxucu? Qalib müəllimin öz tədqiqat obyektinə məhəbbəti burada ümman olub aşıb-daşmırmı? Bəli, böyük qiymətdir, ümmana bərabər qiymətdir. Lakin bu qiymət haqqı deyən şair sözünün qəhətə çəkildiyi zəmanəmizdə haqqın Musa Yaqubun dili ilə hayqıran səsinə verilmiş obyektiv qiymətdir.
Musa Yaqub doğulduğu ocağın müqəddəsliyini bütün ömrünün mənasına çevirməyi bacardı. Ona görə də çoxlarının qəlbində özünə heykəl qoydu. Q.Sayılov da bu heykəli qəlbində gəzdirənlərdən biridir. Amma o, təkcə bununla kifayətlənmədi: qəlbindəki heykəli qarşınızdakı bu kitabla alim sözündən tökülmüş heykələ çevirdi.
Q.Sayılova görə, M.Yaqub istiqlalla yaşayan, ruhu, qəlbi istiqlalla döyünən və bütün varlığı ilə istiqlalı yaşadan sənətkardır. Poeziyasının səsi milli yaddaşın dərin qatlarından gəlir. M.Yaqub canı, qanı ilə bu torpağın daşına-kəsəyinə, gülünə-çiçəyinə bağlıdır. Mayası yoğrulduğu qara torpaqla cismani-mənəvi ünsiyyəti bütün ömrü boyu bir an da olsun kəsilməyib. Elə buna görə də yaddaşı diridir. Q.Sayılov bir ədəbiyyatşünas kimi bu qənaətdədir ki, M.Yaqub poetik varlığının bütün mahiyyəti onun yaddaşa canlı şəkildə bağlılığnda ifadə olunur. Folklor milli yaddaşın yaşadığı, daşındığı, qorunduğu və nəsillərdən-nəsillərə ötürüldüyü düşüncə sistemi kimi M.Yaqub yaradıcılığından məhz yaddaş statusunda keçir.
“Hər şeyin bir başlanğıcı var” – deyir Q.Sayılov, – başlanğıc varsa, son da var, deməli. Lakin ix¬ti¬yari bir nöqtədən başlanan bir hərəkət sonsuza uzanır. Şeir də belədir: haradan başlandığı və harada bitəcəyi məchuldur. Bəlkə, ona görə bizdən ağıllı babaları¬mızın bizə ərməğan etdiyi mənəvi arsenalımız – nağıllar “biri var idi, biri yox idi” ibarəsi ilə başlanır. “Var olan başlanğıc, yox olan isə sondur”. Əslində nəyin “var olması”, nəyin “yox olması” da bir koddur. Minillərdir söylənir, hələ də deşifrə olunmayıb... Musa Yaqubu oxuduqca duyursan ki, bu adam nağıldan gəlib, bəzən özü bir nağılı xatırladır”.
Q.Sayılovun bu lirik-fəlsəfi fikirlərinin altında, əslində, varlığın intəhasız, cavabsız sualları ifadə olunub. Başlanğıc və sonun arasında məntiq itir: insan idrakının anlamadığı sonsuzluq başlanır. İdrak bu sonsuzluğun qarşısında acizdir. Q.Sayılov bu sonsuzluğu və insan idrakının acizliyinin özünü bir düşüncə kodu hesab edir. Və yenə də belə hesab edir ki, idrakın dərk etmədiyi sonsuzluğa qeyri-idraki məntiqlə – nağıl məntiqi ilə yanaşmaq lazımdır. Belə yanaşıb da M.Yaqub düşüncəsinin bütün poetik sirrini, bədii əsrarəngizliyini nağılda görür. Şairin özünü dünyamızın anlaşılmaz sirlərini bizə öz şeirləri ilə nağıl danışan “nağıl” hesab edir. “Nağıl” özü nağıl danışanda maddi dünyanın məntiqi qüvvədən düşür: dünyanın “la-məkan” və “la-zaman” kontiniumunun məntiqi, “qeyri-səlis” məntiq başlanır. Və ən əsas nöqtə budur ki, Q.Sayılovu bir filkorşünas kimi Azəbaycan folklorşünalıq və filoloji məkanında fərqləndirən başlıca keyfiyyət onun folkloru məhz qeyr-səlis məntiq müstəvisində anlaması, dərk etməsi və beləcə də izah etməsidir. Bu məqamda Q.Sayılovun ədəbiyyatşünas ampluasının özünəməxsus keyfiyyətləri boy verir. O, Musa Yaqubun simasında həqiqi ilhamın ifadəsi olan poeziyanı məhz qeyri-səlis məntiqin, müəllifin son zamanlarda tez-tez işlətdiyi ifadə ilə desək, sinergetik məntiqin təcəllası hesab edir.
Q.Sayılov üçün M.Yaqub poeziyası poetik təcəlla, yaxud yenə də onun leksikasında olan termindən istifadə etsək, ilahi-poetik sublimasiyadır. Şair məkanla qeyri-məkan, zamanla qeyri-zaman arasında körpü olub şahidi olduğu amorf materiyanı bədii materiyaya sublimasiya edir. Bu cəhətdən elə əlinizə aldığınız kitabda da müəllifin şirin poetik təhlil üslübunun axarında bəzən Q.Sayılovun düşüncəsinin gedib çatdığı səviyyəni ifadə edən “qəliz”, “mürəkkəb” cümlələrə də rast gəlinir. Məsələn, Qalib yazır ki, M.Yaqubun mövzuları hamısı “xalq çeşməsindən” süzülüb gəlirdi. Folklor mövzusu heç bir dəyişikliyə uğramadan M.Yaqubun bütün yaradıcılığı boyu keçir. Folklor obrazı bəzən kosmik miqyas əldə edir, obrazın mikrokosmosu kosmosla eyni ölçüdə olur, ona mütəvazi qurulur.
Bu fikirdə dünyamızın lap “başlanğıcından” – mifdən gələn həqiqiqət – makrokosmla mikrokosmun, başqa sözlə, dünya ilə insanın eyniyyəti konsepti ifadə olunub. Sonralar bu konsept təsəvvüfi-irfani düşüncədə makrokosmla mikrokosmun vəhdəti ideyasına çevrildi. Təsəvvüf əhli dünyaya – Böyük Dünya, insana – Kiçik Dünya dedi. Yaxud insana – Kişik İnsan, dünyaya – Böyük İnsan dedi. Bu mənada bəyan etməyi özümə borc bilirəm ki, Q.Sayılovun “ədəbiyyatşünaslıq” ampluasının çərçivələri “ədəbi” olanların sərhədlərini çoxdan aşaraq, milli düşüncənin bütün inkişaf tarixi miqyasına qalxıb. Yenə də bu mənada Q.Sayılov üçün “ədəbiyyat” istər M.Yaqubun poeziyasının, istərsə də ümumən Azərbaycan ədəbiyyatının nümunəsində milli düşüncənin bütün ədəbi və qeyri-əbəbi ünsürlərini varlığın ilahi nizamına kökləyən “ədəb”dir. O, M.Yaqub poeziyasında da “ədəbiyyat” olanı “ədəb”, yəni varlığın ilahi nizamı, ahəngi, harmoniyası statusunda axtarır. Sınmış böyük bir güzgünün hər kiçik parçası yenə də dünyanın həqiqətlərini göstərdiyi kimi, Q.Sayılov üçün də M.Yaqub poeziyasına hansı paradiqmada yanaşmağın fərqi yoxdur. Həqiqət bütün güzgülərdə həqiqət olaraq qalır. Q.Sayılov bu kitabında M.Yaqub həqiqətini “folklor” paradiqmasında axtarıb. Bunu şüurlu edib. Özünü də, ədəbi qəhrəmanını da yenidən dünyamızın məntiqinin pozulduğu məqama kökləyib. Bizi də buna çağırıb. Q.Sayılova görə, bizim hamımızın zamanla mütəmadi olaraq nağıl olmağa, nağıllaşmağa ehtiyacımız var. Həqiqqətlə təmas bizim varlığımızı həqiqi fakturaya çevirir. Qalib də bir ədəbi mediuma dönüşüb bizi onun “ədəbi transından” görünən M.Yaqub həqiqəti ilə ünsiyyətə çağırır.
Əziz dostuma da, əziz oxucuya da uğurlar arzulayıram.


Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -