Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanla əməkdaşlıq imkanını araşdırır

31.03.17, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Almaniya Azərbaycanla ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Bunun üçün Azərbaycanda geniş imkanlar var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər ki, bu fikir mərkəzin icraçı direktoru Vüsal Qasımlının Almaniya Federativ Respublikasının Almaniya İqtisadiyyatının Şərq Komitəsinin (German Committee on Eastern European Economic Relations) icraçı direktoru Mixael Harms və qurumun nümayəndəsi Feliks Zimmerman ilə görüşündə səsləndirilib. Görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann da iştirak edib.
Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Vüsal Qasımlı Strateji Yol Xəritəsindən danışaraq bildirib ki, bu sənəd Azərbaycanda davamlı iqtisadi islahat prosesinin bir tərkib hissəsi kimi dizayn olunub və bundan sonra Azərbaycanda iqtisadiyyat üzrə qəbul olunacaq bütün dövlət təşəbbüsləri, strategiyalar, proqramlar Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq.
Müzakirələr zamanı "Azexport.az" portalı və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradılmasına xüsusi önəm verilib. Vüsal Qasımlı qeyd edib ki, elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prioritet istiqamətdir. Çünki Avropa İttifaqı ölkələrinin bazarlarına ixracın genişlənməsi Azərbaycanın marağındadır. Bu imkan həm də Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradacaq.
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms isə əlavə edib ki, onun Azərbaycana səfərinin əsas məqsədi ölkənin iqtisadiyyatı ilə yaxından tanış olmaq və mümkün əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparmaqdır. Qonaq deyib ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin artırılmasında maraqlıdırlar. Bunun üçün Azərbaycanda geniş imkanlar var.
Qeyd edək ki, Almaniya İqtisadiyyatının Şərq Komitəsi Şərqi Avropa, həmçinin Qafqaz ölkələrində Almaniya iqtisadiyyatının maraqlarını təmsil edir və ən böyük alman şirkətlərini özündə birləşdirir. Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Bu xəbər oxundu
- - -