Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İpəkçilik üzrə xarici mütəxəssislər Şəkidə toplaşıblar

20.04.17, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məlum olduğu kimi, Şəkidə xarici ölkə nümayəndələrinin iştirakı ilə Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) “İqlim dəyişiklikləri və kimyəvi reagentlər: İpəkçilikdə yeni axtarışlar” mövzusunda 8-ci beynəlxalq konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi və BACSA-nın təşkilatçılıq etdiyi konfransda 10 ölkədən tutçuluq, ipəkçilik və baramaçılıq üzrə 44 alim və mütəxəssis iştirak edib. Tədbirdə “Regionda ipəkçiliyin inkişaf perspektivləri”, “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri”, “Azərbaycanda tutçuluğun və ipəkçiliyin inkişafına innovasiyalı yanaşma”, “Bioloji aktiv maddə əlavələrinin tut ipəkqurdu məhsuldarlığına və baramanın keyfiyyətinə təsiri” və s. kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, təcrübə mübadilələri müzakirə edilib.
Tədbir iştirakçıları konfrans çərçivəsində Qax rayonu ərazisində yerləşən Qax barama zavodunda görülən işlər, həyata keçirilən layihələrlə yaxından tanış olublar. Sonra isə Zaqatala rayonu ərazisindəki tarixi və mədəni abidələri ziyarət ediblər. Şəki şəhərindəki “İpək ASC”in istehsalat sahələrinə baş çəkən qonaqlara məlumat verilib ki, bu şəhərdə tarix boyu ipəkçilik sahəsində yüksək nailiyyətlər əldə olunmuşdur. 1980-ci illərdə təkcə Şəkidə tut bağlarının sahəsi 1300 hektara çatdırılmış, 400 tona yaxın barama istehsal olunmuşdur. Onlar ASC-də istehsal olunan məhsulların satışının həyata keçirildiyi “Şəki-İpək” mağazasına da baş çəkiblər, buradakı ipək xalı və xalçalar, şallar, kəlağayılar, eləcə də məişət üçün hazırlanan digər məhsullarla tanış olublar.
Konfrans çərçivəsində qonaqlar, həmçinin Şəki Xan sarayı və Tarix-diyarşünaslıq muzeyini ziyarət edərək maddi və mədəni eksponatlarla tanış olublar. Şəkinin Fazıl kəndində yaradılan “Labirint” Arxeologiya və Etnoqrafiya Muzeyi də onların böyük marağına səbəb olub. Tədbirin sonunda xatirə şəkilləri çəkilib, qonaqlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Bu xəbər oxundu
- - -