Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xarici ticarət üzrə mütəxəssis hazırlığı təkmilləşdiriləcək

20.04.17, 13:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindən irəli gələn məsələlərə həsr olunmuş toplantı keçirilib. UNEC-dən bildiriblər ki, tədbirdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan ali təhsil müəssisəsinin rektoru, professor Ədalət Muradov bu sahədə dövlət strategiyasına, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə və ixracyönümlü müəssisə sahiblərinə universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb, alimlərin qeyri-neft ixracının stimullaşdırılmasına dair mövqeləri dinlənilib, UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər təhlil edilib. Toplantı iştirakçıları qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. Ticarət və gömrük işinin təşkili kafedrasının nəzdində yaradılacaq mərkəzin əsas fəaliyyəti ölkədə neftdən kənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflər irəli sürməkdən ibarət olacaq.
UNEC Biznes Məktəbində, Magistratura, Beynəlxalq Magistratura və Doktorantura mərkəzlərində sözügedən sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədilə beynəlxalq bazarların araşdırılması işinin təşkili ilə bağlı qərarlar qəbul olunub. Rektor Ədalət Muradovun göstərişi ilə ixracatçılara dəstək üçün xarici bazarların araşdırılmasına həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olan UNEC müəllimlərinin, eyni zamanda, ikili diplom proqramları əsasında təhsillərini xarici universitetlərdə davam etdirən tələbələrin də cəlb edilməsi nəzərdə tutulub. Tədbirin sonunda ixracatçı şirkətlərin nümayəndələrinin universitetə dəvət edilərək dəyirmi masaların keçirilməsi qərara alınıb.

Bu xəbər oxundu
- - -