Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

HAY VER MƏNƏ, CƏNAB LEYTENANT...

21.04.17, 7:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Toyumuzda hər ikimiz ağ geymişdik, o, ağ hərbi kiteldə, mənsə gəlinlikdə. Qol-qola pilləkənləri düşəndə səslər dəyirdi qulağıma:
- Bir cüt ağ göyəçindilər elə bil…
-Ağappaq mələk kimidilər…
Maşında əyilib qulağıma pıçıldadı:
- Xoşbəxtsənmi?
-Sənin yanında olduğum hər dəqiqə, hər saniyə xoşbəxtəm, - dedim…
Şadlıq evində Əbu Bəkr dostları ilə - hərbiçilərlə rəqs edəndə, içimdə nəsə titrədi. Sanki bir narahatçılıq, xof yarandı qəlbimdə. Özüm öz xoşbəxtliyimdən qorxdum, üşəndim deyim, xoflandım deyim… Bəkir bunu hiss edib soruşdu:
- Niyə narahatsan?
- Bir gün səni itirə biləcəyimdən qorxuram. Allahın mənə bəxş etdiyi xoşbəxtliyimdən qorxuram, - dedim və qəfil ağzimdan çıxan sözlərə peşman oldum. Bəkirin də üzü ciddiləşdi, gözləri yol çəkdi. Əlimdən bərk-bərk tutub:
- Qorxma! - dedi...
Yeddi ay boyunca o xof məni tərk etmədi, qarabaqara bizi izlədi... Bəkir 2 dəfə təhlükə ilə üzləşdi, bəladan qurtardı. Birinci dəfə, iş yerində böyük bir dəmir parçası qopub onun üstünə düşən zaman qolu, ayağı zədələnmiş, sıyrılmışdı. İkinci dəfə, martın əvvəlində təlimdə olarkən paraşütdən tullananda ayağı çuxura düşüb ciddi zədə almışdı. Hətta 2 həftəyə yaxın ayağı gipsdə, sarğıda qaldı. Ona dəyməyə gələn dostlarından xahiş edirdi ki, zədələndiyini rəhbərliyə bildirməsinlər, yoxsa 6 ay Bəkiri bortdan kənarlaşdıra bilərdilər. Zədəli ayağı ilə də axsaya-axsaya döyüşə getdi... Üçüncü bəladan qurtula bilmədi...
Yeddi ay yarım bir yerdə olduq. Heç ondan incidiyim bir an, bir gün olmadı.Yeddi ay yox, yetmiş ilə bərabər bir ömür yaşadıq sanki. Şirin xatirələrlə dolu bir ömür. İndi məni yaşadan onun xatirələridir. Başımı kitablarla, mütaliyə ilə qatıram. Hər oxuduğum kitabda onun obrazını tapıram. Çox diqqətcil, qayğıkeş, mehriban, düzgün, bir sözlə, indiyə qədər tanıdığım insanlar içində ən mükəmməl insan idi mənimçün, əvəzedilməz idi mənimçün...
Əbu Bəkr mənimçün qardaş olmaqla yanaşı həm də dost, sirdaş idi. Aramızda 2 il yaş fərqi olmasına baxmayaraq o, mənim qayğımı valideynlərim kimi çəkirdi. Hərdən mənə elə gəlirdi ki, ondan atamdan çəkinən kimi çəkinirəm. Hər işdə harayıma çatırdı.Atam, anam işləyirdilər. Qardaşımla mən dərsdən sonra ev işlərini öz aramızda bölüşürdük ki, anam işdən yorğun gələndə çox da əziyyət çəkməsin. Əbu Bəkr ona düşən işi diribaş və təmiz yerinə yetirərdi. Sonra da mənim işlərimə kömək edərdi.
Balaca uşaqlar idik, 8-10 yaşlarımız vardı. Həyətdə oynayırdıq. Nəyə görəsə mübahisə etdik və küsüşdük. Əbu Bəkirin kini yox idi. O tərəf-bu tərəfimə keçdi. Ona əhəmiyyət vermədiyimi görüb, həyət qapısına tərəf gedə-gedə:
- Küs də, neyləyim?! Gedib qonşunun oğlu Əkbərlə qardaş olaram, – dedi. İnandım onun sözünə. Hirslə ağlamağa başladım:
- Niyə özgəsi ilə qardaş olursan. Bəs mən sənin qardaşın deyiləm? – dedim...
Əbu Bəkr əlaçı idi, bütün fənləri həvəslə oxuyurdu. Riyaziyyatla, dil-ədəbiyyatı daha çox sevirdi. Mən də yaxşı oxuyurdum. O, orta məktəbdə də, Bakıda oxuduğu müddətdə də mənim dərslərimlə, imtahanlarımla çox maraqlanırdı. Sinif yoldaşlarıma, müəllimlərimə zəng edib onlardan da davranışımı, necə oxumağımı soruşur, evə gələndə də sorğu-sual edir, imtahana çəkirdi. O, dəcəl uşaq deyildi. Heç kəsi incitməzdi. Ancaq mən çox dəcəl idim. 1-3-cü sinifdə oxuyurduq. Babam filtirsiz siqaret çəkirdi. Böyük Vətən müharibəsi iştirakçısı idi. Siqaretini cibindən götürüb Bəkirə göstərdim:
- Gəl biz də çəkək.
- Olmaz, ana hirslənər, - dedi.
İsrarla dirəndiyimi görüb:
- Yaxşı, çəkək, - dedi.
Babamın gözünü oğurlayıb, qonşunun qalamıza bitişik damına çıxdıq və siqareti yandırdıq. Elə birinci qullabda yaxalandıq. İstintaq başladı, nə başladı – babam, anam, atam... Ən çox Əbu Bəkirin üstünə düşmüşdülər. Ancaq, o, məni satmadı, bu təşəbbüsün mənim olduğunu demədi. Qardaşımın cəzasının “ağır” olacağını hiss edib, hər şeyi boynuma aldım, mən götürmüşəm - dedim.
Birinci sinifdə oxuyanda məktəbə alışa bilmirdim. Sinifdən tez-tez qaçırdım.
Qardaşım da hər gün bizim sinifə gələr, mənə nəzarət edərdi ki, görsün dərsdəyəmmi, müəllimin sözünə baxırammı? Bir dəfə yenə dərsdən çıxıb, məktəbin arxasındakı qalanın yanında çantamı atıb, bir daşa ip bağlayıb sürməyə başladım. Qardaşım sinfimizə gəlib məni görməyəndə, Sabir müəllim:
- Səhər gəlmişdi, indi yoxdu, – deyib.
Əbu Bəkr məni axtarıb tapdı. O ki var danladı, sinfə qaytardı, ancaq evdə demədi. Bir dəfə də 5, ya da, 6-cı sinifdə oxuyurdum. Dərs qurtarmışdı, evə gəlirdik. Məni yanına çağırıb, çantasını, paltosunu verib: - Sən get evə, mən də indi gələcəyəm, – deyib, kənarda toplaşmış oğlanların yanına getdi. Məktəbin qalasından baxanda gördüm ki, oğlanlar dairəvi düzülüblər. Əbu Bəkirlə Kamal adlı oğlan ortada üzbəüz dayanıb, davaya hazırlaşırlar. Kamal ondan yaşca böyük idi. Qaladan hoppanıb özümü arxadan Kamala çatdırdım və təpiklə onu yıxdım. Kənardan baxan, aranı qızışdıran uşaqlar mənim bu hərəkətimdən sonra onları aralaşdırdılar. Evə qayıdandan sonra Əbu Bəkr əlini çiynimə qoyub:
- Mən indi bildim ki, sən mənim həm kiçik qardaşım, həm də ən yaxın dostumsan. Və bu dostluq, qardaşlıq tədricən sirdaşlığa da çevrildi. 24 ilin o qədər gözəl, o qədər şirin, kövrək xatirələri var ki... Hər gün kino lenti kimi gözlərimin önündən keçir, yuxularımı şirinləşdirir. Haçansa onu itirəcəyimdən qorxmuşam. Qardaşlı, sirdaşlı, arxalı günlərimin bir anını geri qaytarmaq üçün bütün gələcək günlərimi qurban verərdim.
Son görüşümüz də martın 31-də oldu. Axşamüstü xalam oğlu ilə şəhərdə çay içirdik. Anam zəng elədi ki, qardaşın gəlib, evə gəl. Tez yaxınlıqdakı mağazadan şirniyyat, xoşladığı şirələri alıb evə getdim. Əbu Bəkr çörək yeyirdi. Görüşdük. Qısaca hal-əhval tutduq. Çox yorğun görünürdü. Narahat eləmək istəmədim. Çörəyini yeyib otağına keçdi.
- Bir az dincəlim, - dedi.
Səhər tezdən ayağının ucunda durub, heç kəsi narahat eləmək istəməyib.
Anam dedi ki, çox astaca mənim otağıma keçib, üzümdən öpüb və gedib. Kaş oyanaydım, kaş onu yola salaydım, kaş gecə yorğun olsa da, onunla söhbət edəydim... Hələ də son dəfə onunla doyunca vaxt keçirmədiyimə təəssüf edirəm.
Bəkir təhsilində, işində çox ciddi olsa da, həyatda çox həssas, mehriban, qayğıkeş, diqqətli, kövrək, bir az da məzəli adam idi. Aktyorluq qabiliyyəti, musiqi duyumu, natiqliyi, bədahətən şeir deməyi, peşəkarcasına rəqs etmək bacarığı, idmana, mütaliəyə meyli vardı. Parodiya eləməyi də çox sevirdi. Bu qədər bacarıq, qabiliyyət, istedadın bir şəxsdə cəmlənməsi nadir hadisədir. Mən fəxr edirdim ki, mənim qardaşım ən yüksək, ən ali insanlıq keyfiyyətləri ilə yanaşı, istedadı ilə də seçilən nadir şəxslərdən idi.
Qardaşımın şəhid olması xəbərini də evdə birinci mən bildim. İşdə hamı bilirmiş, rəhbərlik də, iş yoldaşlarım da. Nədənsə, ürəyim sıxılırdı işdə, dilxor halda instaqram səhifəmə göz gəzdirdim. Bildirişləri vərəqləyirdim ki, birdən qardaşımın şəklini gördüm, Təbrizin, Urfanın şəkli ilə birlikdə. “Şəhid pilotlarımız” yazılmışdı... Elə bil, məni ildırım vurdu. Yox, – dedim, səhv düşüb yəqin, mənim qardaşım ölə bilməz. Bildirişləri geri çəkdim. Təkrar-təkrar baxdım, oxudum. Ola bilməz, mənim qardaşım ölə bilməz – deyərək qışqırırdım. İş yoldaşlarım məni sakitləşdirmək istədilər. Anam xalam oğlunu dalımca göndərmişdi. Özümüzü qaranəfəs evə çatdırdıq. Heç cür sakitləşə bilmirdim:
- Bəs deyirsiz qardaşıma heç nə olmaz, sağ-salamatdı, uçuşdadı, ona görə zəng eləmir?! Hamı bilirmiş, hamı görübmüş. Qardaşım şəhid olub...
Ayılanda anam başımı qucaqlamışdı, atam təskinlik verirdi:
-Səhv yazıblar, görmürsən adını Bəkir yazıblar?! Sənin qardaşın Əbu Bəkr İsmayılovdu.
Anam da gözünün yaşını silə-silə atamın sözünü təsdiq edirdi.
- Bizim Əbu deyil (evdə ona Əbu deyirdik), səhv düşüb. Mənim balam ölə bilməz, mənim balam düşmənə can verməz. Mənim balam Qələbəni çalmamış getməz. Yaralıdı yəqin... Ancaq həmin gündən evimizə insanlar - tanıdığımız, tanımadığımız insanlar axışmağa başladı. Küçəmiz avtomobillərlə dolub-boşalırdı...
Həmin gecə heç birimiz yatmadıq – atam, anam, gəlinbacım və mən səhərədək bütün saytları, bütün mətbuat mənbələrini araşdırdıq. Dostlarına, iş yoldaşlarına zəng vurduq, bəlkə kimsə dəqiq məlumat bilər, kimsə görər, kiməsə zəng edər deyə... Ancaq heç kəs dəqiq bir söz demirdi. Bütün hospitallara – Ağdam, Horadiz, Tərtər... zəng vurduq ki, bəlkə orada ola. Belə şaiyələr də yayılırdı ki, yaralı halda əsir düşüblər. Ona görə də, aprelin 2-dən 10-a qədər, cənazə həyətə gələnə qədər ölüm xəbərinə inanmadıq, ümidlə gözlədik. Tez-tez telefon nömrəsini yığırdım, bəlkə götürər, açar ümidilə. Telefonu ermənilərin əlində olduğu üçün Azərbaycan tərəfindən diaktiv edilmişdi, zəng çatmırdı...
Artıq aprelin 10-da səhər cəsədlərin düşmən tərəfindən alındığı xəbərini verdilər və biz – bütün rayon sakinləri qardaşımın tabutunu gözləyirdik. Şəhid pilotların tabutunu gətirən vertalyot hərbi hissəyə enməli idi. Dəfn aprelin 11-də Fəxri Xiyabanda olacaqdı. Anamın xahişi ilə qardaşımın cənazəsi həmin gecə evimizdə bir gecəlik qonaq olacaqdı... Həyətimiz, küçəmiz, hətta, ətrafdakı küçələr də izdihamla dolu idi. Avtomobillər girib-çıxa bilmirdi. Uşaq-böyük, hər kəs şəhidi qarşılamağa çıxmışdı. Hərbi hissədən evimizə qədər yol boyu insanlar: “Şəhidlər ölməz, vətən bölünməz!” sözləri ilə hörmət-ehtiramlarını bildirirdilər. Mən də bayraqla hərbi hissənin qarşısında dayanmışdım. Nəhayət, avtomobil karvanı, insan izdihamı asta-asta tabutu evimizə gətirdilər. O gecəki izdiham, o gecəki mərasim bir daha qardaşımın bizdən fərqli, əbədiyaşar, ən uca zirvəni – şəhidlik zirvəsini fəth edən qəhrəman olduğunu sübut etdi...
Həmin gecə hamı dağılışandan sonra anamdan da səhər tezdən Bakıya yola düşəcəyimiz üçün bir az dincəlməsini xahiş etdim. Tabutun yanında tək qalmaq, qardaşımla son dəfə dərdləşmək istəyirdim. Elə də etdim. Bir xeyli ürəyimi boşaldandan sonra əlimi tabutun üstünə çırpıb:
- Qardaş, məni eşitmirsən, bu qədər söz danışdım, bu qədər dil tökdüm, niyə cavab vermirsən, niyə məni kiritmirsən? Qalx, qardaş! Sən belə deyildin axı? Birdən diksinib, sanki ayıldım. Fikirləşdim ki, mənim hərəkətim normal adam hərəkəti deyil, mən dəli olmuşam deyəsən, özümə gəlməliyəm...
Səhər Kürdəmirdən Bakıya qədər yol boyu post patrul işçiləri sıraya düzülüb, şəhidi aparan karvana hərbi salam verməklə ehtiramların bildirirdilər. Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində, vida mərasimində elan ediləndə ki, mərasim sona çatdı, şəhidlərimiz II Fəxri Xiyabana - son mənzilə yola salınır, artıq bütün ümidlərim, xəyallarım bitdi. TTM-dən II Fəxri Xiyabanadək cənazə maşınlarının ardınca piyada getdik. Və bu yolda da insanların ehtiramla yol verməsinin, baş geyimlərini çıxarmasının, göz yaşı tökməsinin şahidi oldum və Əbu Bəkr İsmayılovun tək mənim qardaşım yox, bütün Azərbaycanın oğlu olduğunun şahidi oldum…

Yaqut Bahadurqızı
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -