Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Yaxın vaxtlarda Trampla Putinin görüşünü gözləmirəm”

21.04.17, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Onların görüşü barədə mediada yazılanlar bəzi Kreml rəsmilərinin arzularıdır”

Rasim Musabəyov: “Dövlətlərarası münasibətlər təkcə prezidentlərin şəxsi münasibətinə bağlı deyil”

“Yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşünü gözləmirəm. Onların görüşü barədə mediada yazılanlar Kremlin bəzi rəsmilərinin arzularıdır”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Kremldə bəzi rəsmilər istəyir ki, Rusiya ilə ABŞ-ın münasibətləri mümkün qədər tez normallaşsın: “ABŞ Rusiyaya qarşı siyasətini bu qaydada davam etdirərsə, Rusiya birmənalı şəkildə əziyyət çəkəcək. Sabiq prezident Barak Obama Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə hamı bilirdi ki, artıq onun hakimiyyətinin sonuna az qalıb. Əgər Tramp sanksiya siyasətini davam etdirsə, bu 4 il olacaq. Rusiyada bunu bilirlər və müxtəlif formalarda mesajlar verirlər ki, prezidentlər görüşsün”.
Politoloq ABŞ-Rusiya münasibətlərinin yaxın vaxtlarda normallaşacağını hesab etmir. Onun fikrincə, ABŞ 2 seçim qarşısındadır, yəni 2 ölkəyə qarşı hərbi əməliyyatları tətbiq etməlidir: “Birincisi, Şimali Koreyaya qarşı hərbi əməliyyatlarda ABŞ Çini özünə müttəfiq elan edib. Rusiya isə bəyanat verdi ki, bu məsələdə ABŞ-ı müdafiə etməyəcək. Ona görə də ABŞ-ın Rusiya ilə Şimali Koreya məsələsinə dair məsləhətləşmələr aparacağını düşünmürəm”.
M. Əhmədoğlu deyib ki, ABŞ-ın ikinci hədəfi İranla bağlıdır. O xatırladıb ki, dövlət katibi Reks Tillerson bildirdi ki, artıq ABŞ-ın İrana qarşı strateji dözümlülüyü bitib: “İran Rusiyanın müttəfiqidir, uzun müddətdir ki, ABŞ-la Rusiya arasında İranla bağlı danışıqlar gedir. Rusiya ABŞ-ın İrana qarşı apardığı kampaniyaya qoşulmayacaq. ABŞ İran məsələsində artıq öz müttəfiqlərini müəyyənləşdirib, bunlar İsrail və bəzi ərəb dövlətləridir”.
Politoloq hesab edir ki, bu kampaniyaların başa çatması 6 ay vaxt tələb edə bilər. İlin sonuna qədər isə yeni ab-hava yarana bilərsə, bu artıq ayrı məsələdir.
Deputatı Rasim Musabəyov isə deyib ki, Donald Trampla Vladimir Putinin görüşməsi ilə ABŞ və Rusiya arasındakı bütün problemlər həll olunmayacaq: “Lakin gərginliyin artmasının qarşısı alına bilər”.
O qeyd edib ki, dövlətlərarası münasibətlər təkcə prezidentlərin şəxsi münasibətinə bağlı deyil. Lakin dövlətlərarası münasibətlərin düzgün istiqamətlənməsi üçün şəxsi münasibətlər də vacibdir.
“İki dövlətin münasibəti normallaşarsa, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə impuls verə bilərmi?” sualına cavabında deputat deyib: “Dağlıq Qarabağ münaqişəsinin hələ ki onların gündəliyində olacağını düşünmürəm. Hesab edirəm ki, Suriya, Ukrayna, Şimali Koreyada təhlükəsi, İran məsələsi gündəmdə ola bilər. Raket və nüvə silahlarının məhdudlaşdırılması məsələsini bura daxil etmək olar. Fikrimcə bu məsələlər daha öndə olacaq”. Deputat əlavə edib ki, ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupunu həmsədrləri olduğunu nəzərə alsaq, münasibətlər yaxşılaşdığı halda, Dağlıq Qarabağ münaqişəsinin də gündəmə gəlməsi vacibdir.

Bu xəbər oxundu
- - -