Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İstehsalçıların vergi yükünün optimallaşdırılması ixracı stimullaşdırırır

28.04.17, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vergi yükünün optimallaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və qarşıda duran əsas hədəflərdən biridir. Bu məqsədlə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib, müxtəlif vergi güzəştləri tətbiq olunub. Güzəştlər əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına, sənaye, yaxud texnologiyalar parklarının rezidentlərinə və investisiya təşviqi sənədini almış hüquqi şəxslərə, həmçinin fərdi sahibkarlara tətbiq edilir.
Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2016-cı ilin yanvarın 1-dən investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi qaydaya uyğun olaraq, verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən 7 il müddətinə əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən azaddır. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən çəkilən xərclərin optimallaşdırılması məqsədilə toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı da ƏDV-dən azad edilib. Həmçinin sənayedə istehsalın təşviqi məqsədilə sənaye, yaxud texnologiyalar parkının rezidenti olan şəxslər 7 il müddətinə gəlir (mənfəət), əmlak və torpaq vergisindən, eləcə də İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında idxal edilən texnikaya, texnoloji avadanlıqlara və qurğulara görə ƏDV-dən azad olunublar.
“Bununla yanaşı, 2016-2020-ci illərdə istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi məqsədilə Azərbaycan Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli Fərmanında qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına faktiki ixrac olunmuş malın gömrük dəyərinin 3 faizi həcmində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, malların ixracından ƏDV sıfır dərəcəsi ilə tutulur. Bu da o deməkdir ki, ixracda həmin mallardan ƏDV tutulmamaqla yanaşı, ixrac olunan həmin malların istehsalı ilə bağlı digər şəxslərə ödənilmiş ƏDV dövlət tərəfindən həmin malların ixracatçılarına qaytarılır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik aktlarında istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə vergi güzəştləri və bu sahəyə investisiyaların təşviqi ilə bağlı çoxsaylı müddəalar var”, - deyə S.Musayeva qeyd edib.

Bu xəbər oxundu
- - -