Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ədəbiyyat tariximizin heç bir dövrü “Kitabi-Dədə Qorqud”dan kənarda deyil

03.05.17, 7:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Hər bir xalqın ədəbiyyatının öz başlanğıc nüvəsi olduğu kimi, əsrlərin, minilliklərin dərinliklərindən baş alıb gələn Azərbaycan ədəbiyyatının da belə bir başlanğıcı var. Bu, dünya epos xəzinəsinin şah əsərlərindən biri olan “Kitabi-Dədə Qorqud” eposudur. Azərbaycan ədəbiyyatı öz poetik strukturunun bütün mənalı elementləri ilə “Kitabi-Dədə Qorqud”a bağlanır. Bu baxımdan, “Dədə Qorqud” eposu hər cəhətdən başlanğıcdır. Lakin eposun milli ədəbiyyyat, incəsənət və mədəniyyət tariximizdəki rolu yalnız başlanğıc olmaqla məhdudlaşmır. “Kitabi-Dədə Qorqud”, ümumiyyətlə, milli ədəbiyyatımızın nüvəsidir. Hər bir sistem bir nüvə ətrafında təşkil olunduğu kimi, Azərbaycan ədəbiyyatı da “Dədə Qorqud” nüvəsi ətrafında təşkil olunub. Hər bir nüvə sistemin mövcudluğunun əsasını təşkil etdiyi kimi, Azərbaycan ədəbiyyatının da tarixi və müasir mövcudluğunun əsasını “Kitabi-Dədə Qorqud” nüvəsi təşkil edir.
“Dədə Qorqud” eposunun milli düşüncə, ədəbiyyat, incəsənət və mədəniyyət tariximizin dünəni, bugünü və sabahındakı təşkiledici nüvə funksiyasını Yaşar Qarayev belə səciyyələndirib: “Min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu “ana kitabın” bət¬nin¬də və ruhunda qorunub saxlanır. Müstəqillikdə minillik və əbədilik üçün əsaslar, xalqlarla kültürlər, yer və göy, torpaq və millət, təbiət və eko¬logiya arasında davranış və rəftar kodeksi, qanun və ana yasa... hamısı, hamısı öz əksini bu kitabda tapır. Və müstəqillik dövründə də Qorqud yenidən mənəvi intibahın simvolu, milli heysiyyətin və özünüdərkin sənədi olur”.
“Kitabi-Dədə Qorqud” dastanları qalereyası Oğuz türklərinin dünya epos mədəniyyətinə bəxş etdiyi ən qədim, ən dəyərli nümunələrdəndir. Bəşər sivilizasiyasının elə bir sahəsi yoxdur ki, Oğuz türk mədəniyyəti oraya nüfuz etməsin, yaxud orada bu qədim mədəniyyətin izlərinə rast gəlməyək. Daş üstü yazılı abidələr, Orxan-Yenisey mətnləri, Qobustan və Gəmiqaya rəsm-yazıları kimi “Kitabi-Dədə Qorqud” eposu da türk təfəkkürünün monumental abidəsi olaraq formalaşıb. Xalq yazıçısı Anar “Dədə Qorqud Oğuznamələri” əsərində eposu belə dəyərləndirir: “Türk dünyasının Şekspir əzəmətində dramaturqu, Servantes, Tolstoy, Dostoyevski, Balzak səviyyəsində romançısı yoxdur. Amma nə rusların, nə ingilislərin, nə də fransızların “Kitabi-Dədəm Qorqud” möhtəşəmliyində dastanı da yoxdur”.
Anar “Kitabi-Dədəm Qorqud” eposunu ingilis, ispan, rus, fransız eposları ilə deyil, bu xalqların yazılı ədəbiyyatının Şekspir, Servantes, Tolstoy, Dostoyevski, Balzak kimi nəhəngləri ilə müqayisə edir. Bu cəhətdən Anarın “Kitabi-Dədə Qorqud”u görkəmli romançılarla müqayisəyə çəkməsi, əslində, Anarın “Kitabi-Dədə Qorqud”u Azərbaycan ədəbiyyatının başlanğıcı kimi, məhz roman-dastan kimi görməsindən irəli gəlir. Göründüyü kimi” Kitabi-Dədə Qorqud” möhtəşəm özüllü bir saraya bənzəyir, dünya mədəniyyət abidələri sırasında birinci yeri mühafizə edib saxlamaqdadır. “Oğuzların qəhrəmanlıq dastanı “Dədəm Qorqud kitabı” (Kitab-i Dədəm Qorqud ala Lisan-i Taife-i Oğuzan) bu günkü türk xalqlarından üçünün – türkmənlər, azərbaycanlılar və türklərin ortaq mədəni mirasıdır”. Bu mirasın dünya epos mədəniyyətləri içərisindəki yerini və mövqeyini qiymətləndirərkən prof. Ramazan Qafarlı yazır ki, “Dədə Qorqud” dastanları “heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər nümunəsidir ki, onda əcdadlarımızın ilkin dünyagörüşündən başlamış orta çağların tarixi hadisələrinə qədər əksər sosial institutların izləri əks olunur, daha dəqiq desək, Qafqaz türkünün milli xarakteri, psixologiyası, adət-ənənələri, dini, fəlsəfi baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə münasibətləri (ər-arvad, ata-oğul), Vətənə, torpağa bağlılığı, qonşularla əlaqələri, ritualları, məişəti, yaşayış tərzinin əksər atributları, daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş dövrlərinə məxsus insanların davranışı, şifahi və yazılı dilinin tarixi özünə yer tapır”.
Bu böyük ədəbi salnamə əsrlər boyunca dünya elm aləminə məlum olmayıb. Yalnız 200 il bundan öncə 1815-ci ildə görkəmli alman şərqşünas alimi Henrix Fridrix fon Dits Drezden kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanlarını tapıb aşkara çıxarıb və dastanın “Basat Dəpəgözi öldürdigi boyı bəyan edər, xanım hey!” boyunu alman dilinə tərcümə edərək çap etdirib. H.F.Dits əsəri oxumaq üçün görkəmli alman şairi, dahi mütəfəkkir Volfqanq fon Höteyə göndərib. «Bu əsər Volfqanq fon Hötenin diqqətini cəlb edib və o əsəri göndərdiyinə görə Ditsə yazdığı 01 fevral 1816-cı il tarixli təşəkkür məktubunda bunu xüsusi qeyd edib: “Aldığım əsər mənim və dostlarımın qış gecələrini qısaltdı və mənim Şərq haqqında biliklərimə əvəzedilməz bir təməl oldu”.
Akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud” dastanlarının dünya miqyaslı əhəmiyyəti və bu abidənin elm aləminə təqdim edilməsində Henrix Fridrix fon Ditsin əməyini qiymətləndirərək yazır: “Fikrimizcə, “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-dastan mühitində böyük bir boşluq meydana çıxardı. Dünyada “Dədə Qorqud” dastanlarının yerini doldura biləcək bu səviyyədə başda bir epos təsəvvür etmək çətindir”. Akademikin bu fikri “Kitabi-Dədə Qorqud”un müstəqillik dövrü Azərbaycan şeirinin poetik struktur sistemindəki yeri və rolunun funksional semantikasının üzərinə işıq salır. İ.Həbibbəyli, əslində, bu fikri ilə Azərbaycan ədəbiyyatşünaslığının ən nəhəng sualını qoyur: “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı?..” Bu sual özü ilə böyük konsepsiyalara yol açır. Belə ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan bədii-ədəbi düşüncəsinin nüvəsi olsa da, bu abidə tapılmayana qədər onun varlığından xəbərsiz idik. Lakin bizim bu xəbərsizliyimiz abidənin milli ədəbiyyat tariximizdəki funksional missiyasını inkar etmir. Belə ki, “Kitabi-Dədə Qorqud” həm milli ədəbiyyatımızın başlanğıcı, həm də müəyyən mərhələsidir. Beləliklə, abidə bizim ondan nə vaxt xəbər tutmağımızdan asılı olmayaraq ədəbiyyat tariximizdə öz rolunu oynayıb. Bəs bu halda İ.Həbibbəylinin sualı hansı boşluğu nəzərdə tutur? Akademikə görə, “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-dastan mühitində böyük bir boşluq meydana çıxardı”.
Bu fikri aksioma kimi qəbul edirik: “Kitabi-Dədə Qorqud” dünya epos xəzinəsinin nadir şah əsərlərindəndir. Lakin akademikin fikrinin onun ədəbiyyat tarixinə yeni yanaşma konsepsiyasından irəli gələn alt semantik planı var: Belə ki, “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı...”, onda milli filoloji düşüncəmizdə böyük bir boşluq olardı. Çünki milli ədəbiyyat tariximizin özündə “Dədə Qorqud” boşluğu yoxdur: ədəbiyyat tariximizin heç bir dövrü, epoxası, əsri, səhifəsi “Kitabi-Dədə Qorqud”dan kənarda deyil. “Dədə Qorqud” ədəbiyyat tariximizin dünəni və bu gününün hər bir sətrində yaşamaqda davam edir. Əsas məsələ odur ki, əgər “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı”, onda görəsən, milli ədəbiyyatşünaslığımız, folklorşünaslığımız onun varlığını ehtimal yolu ilə müəyyənləşdirə bilərdimi? Yəni “Dədə Qorqud”un ədəbiyyat tariximizin hər bir sətrində yaşayan izləri əsasında onun varlığını bərpa edib, dünyaya bəyan edə bilərdikmi? İsa Həbibbəylinin sualına özünün bir sitatı ilə cavab verməyə çalışaq: “Kitabi-Dədə Qorqud” türk dünyasının şifahi ədəbiyyatında müstəsna yeri olan qiymətli bir abidədir. Böyük türk ədəbiyyatşünası Fuad Köprülüzadə deyib ki, əgər “Kitabi-Dədə Qorqud” dastanlarını tərəzinin bir gözünə və türk ədəbiyyatının bütün əsərlərini də o biri gözünə qoysaq, “Kitabi-Dədə Qorqud” ağır gələr. Düşünürəm ki, Köprülüzadə “türk ədəbiyyatını tərəzinin bir gözünə qoysaq” deyəndə həm yazılı, həm şifahi ədəbiyyatı nəzərdə tuturdu. Mənim fikrimcə, “Kitabi-Dədə Qorqud”u tərəzinin bir gözünə qoysaq və dünyanın istər şərq, istərsə də qərb şifahi xalq ədəbiyyatındakı dastanlarının hamısını digər bir gözünə qoysaq, yenə də tərəzinin “Kitabi-Dədə Qorqud” dastanlarının qoyulduğu gözü ağırlıq təşkil edər”.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanları dünya şərqşünaslığında geniş tədqiq olunub. Dünya şərqşünaslarından H.F.fon Dits, V.V.Bartold, A.Krımski, A.H.Kononov, A.Y.Yakubovski, Orxan Şaiq Gökyay, Fuad Köprülüzadə, Səhənd, Behrəngi, Məhərrəm Ergin, Fəxrəddin Kırzıoğlu, Mehmet Kaplan, Əhməd Kalvaklı, azərbaycanlı alimlərdən Həmid Araslı, Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı, Fərhad Zeynalov, Samət Əlizadə, Bəhlul Abdulla, İsa Həbibbəyli, Kamal Abdulla, Məmməd Əliyev, Əbdüləzəl Dəmirçizadə, Şamil Cəmşidov, Nizami Cəfərov, Tofiq Hacıyev, Kamil Vəliyev, Əzizxan Tanrıverdi, Ramazan Qafarlı, Kamran Əliyev, Füzuli Bayat, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil və b. bu böyük abidənin tanıtdırılması, dünya xalqlarına çatdırılması baxımından əhəmiyyətli işlər görüblər.
Son yüz ildə xaricdə və ölkə daxilində “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, tədqiqi, təhlili və təbliği ilə bağlı yazılan yüzlərlə elmi əsərlər kimi, eyni zamanda Dədə Qorqud dastanlarının ruhundan qopan çoxlu bədii əsərlər də yazılıb meydana çıxıb. Mikayıl Rzaquluzadənin “Dədə Qorqud” boyları üzrə yazdığı “El gücü” hekayələr toplusu, Anarın “Dədə Qorqud” əsəri, xüsusilə 1975-ci ildə bu ssenari əsasında “Dədə Qorqud” bədii filminin çəkilişi bu sahədə ədəbiyyatımızda xeyli bədii əsərlərin yaranmasına təkan oldu. Cənubi Azərbaycanda B.Səhəndin “Sazımın sözü” poeması, Nəbi Xəzrinin “Əfsanəli yuxular” poeması, daha sonra Altay Məmmədovun “Dəli Domrul”, Nəbi Xəzrinin “Burla Xatun”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, Kamal Abdullanın “Casus”, Şəmil Sadiqin “Qana qan qarışdı” pyesləri, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı, Arif Abdullazadənin “Ulu Qorqud”, Rəşid Təhməzoğlunun “Dədəm Qorqut”, Asim Yadigarın “Əgrək və Səgrək” poemaları, Vaqif Aslanın, Nüsrət Kəsəmənlinin, Dilsuzun silsilə şeirləri meydana çıxdı.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -