Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna həsr olunmuş əsərlər

11.05.17, 8:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı
Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna xeyli əsər həsr olunub. Hafiz Hacxalılın araşdırmasında vurğulanır, rusların Azərbaycana gəlişindən, Türkmənçay və Gülüstan müqaviləsindən sonra hayların İrandan və Türkiyədən köçürülərək qədim oğuz-türk torpaqlarına yerləşdirilməsi türk dünyasının çökməsi üçün hazırlanmış məqsədyönlü siyasətin bir parçası idi: “Məhz Ermənistan adlı bufer bir dövlətin Azərbaycan torpaqlarında yaradılması Azərbaycanı türk dünyasından ayırmağa xidmət edirdi. Rusların havadarlığı ilə ermənilərlə türklər (müsəlmanlar) arasında milli-etnik zəmində münaqişələrin tez-tez baş verməsi Azərbaycanın bir parçası olan indiki Ermənistandan onun əzəli və əbədi sakinlərinin öz doğma yurdlarından çıxması, deportasiyası ilə nəticələndi. İlk illər bu deportasiya gizli şəkildə aparılsa da, lakin 1948-1953-cü illərdə müxtəlif adlar altında daha geniş və açıq şəkildə aparılmağa başladı. “Ellər atasının” 1947-ci il dekabrın 23-də imzaladığı SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarına əsasən, 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlı (əksəriyyəti türklər olan) əhalinin Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi planlaşdırıldı. Bəzi bədii, publisistik yazılarda bu proseslər üstüörtülü şəkildə yada salınsa da 1948-53-cü illərdə azərbaycanlıların (türklərin) Ermənistandan Kür-Araz ovalığına köçürülməsinin əsl səbəbləri tam açıqlanmayıb, hadisələr üstüörtülü qalıb. Bu haqda ilk dəfə 1988-ci il hadisələrindən sonra açıq danışılmağa başlayıb. Bu gün deportasiya tarixi, siyasi bir mövzu kimi dövlət siyasətinin bir qolu olsa da, onun ədəbiyyatımıza gətirilməsi, deportasiyaya dair müxtəlif bədii fikir nümunələrinin yazılması, nəşr olunması bu mövzuya olan marağı bir daha özündə ehtiva edir. Demək olar ki, aşıq şeirimizin bayraqdarı olan Dədə Ələsgərdən üzü bu yana deportasiya, vətən həsrəti mövzusunda yazılmış maraqlı ədəbi nümunələr oxucular tərəfindən sevə-sevə oxunur və gənc nəslin vətənpərvər böyüməsində, onlara vətən sevgisinin aşılanmasında mühüm yer tutur. Hesab edirəm ki, ədəbiyyatımızda deportasiya mövzusu 4 istiqamətdə araşdırılmalıdır:
Şeirdə deportasiya mövzusu;
Nəsrdə deportasiya mövzusu;
Dramaturgiyada deportasiya mövzusu;
Publisistikada deportasiya mövzusu”.
Araşdırmaçı dramaturgiyanı çıxmaq şərtilə şeirlərdə, nəsr əsərlərində və publisistikada deprtasiya mövzusuna olan münasibətə aydınlıq gətirməyə çalışır: “Tarixi gerçəklikləri, reallıqları və bizlərdən gizlədilmiş arxiv materiallarındakı həqiqətləri araşdırdıqdan sonra məlum olur ki, haylar bizdən təkcə torpaq yox, milli kimliyimizi, maddi-mənəvi dəyərlərimizi, kültürümüzü, min illər boyu yaratdığımız şifahi və yazılı ədəbiyyatımızı da almaq, mənimsəmək istəyirlər.
Mərhum ak. Budaq Budaqov: “Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi həmişə SSRİ-nin daxili məsələsi kimi təqdim edilirdi. Bu problemin daxili məsələ deyil, məhz həmin dövrün beynəlxalq siyasətinin tərkib hissəsi olduğuna, Sovet İttifaqının Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarının, İkinci Dünya müharibəsindən sonra İ.Stalinin planı üzrə xaricdə yaşayan ermənilərin (hayların) repatriasiya (vətənə dönüş) siyasətinin tərkib hissəsi olduğuna tam əmin oldum”.
Araşdırmalar göstərir ki, Azərbaycanın faktiki olaraq iki yerə parçalanmasından sonra hayların qədim oğuz-türk yurdlarına köçürülməsindən və azərbaycanlıların deportasiyasından sonra xalqın yaddaşında özünə yer eləmiş qaçqınlıq, köçkünlük heç zaman məlhəmi olmayan bir ağrı kimi yurd həsrətilə deyilmiş bayatılarda, ağılarda, qoşmalarda öz əksini tapıb. Ədəbiyyatımızda deportasiya mövzusuna həsr olunmuş əsərlərə bir baxış adlı yazımızda Dədə Ələsgərdən üzü bu yana yurd həsrətilə köklənmiş, deportasiyamıza həsr olunmuş bədii ədəbiyyat nümunələri haqqında söhbət açacağıq. Məlumdur ki, Dədə Ələsgər qədim Göyçə mahalının Ağkilsə kəndində saza, sözə vurğun bir ailədə dünyaya göz açıb. İlahidən vergili olan və haqq aşığı kimi tarixə düşən Dədəmizin yaradıcılığında elə bir şeir növü yoxdur ki, işlənməsin. Şeirimizdə Füzuli sevgisi ilə yanaşı durmağa boy verən Ələsgər yaradıcılığı özündə gözəlliyi, mənəvi paklığı və kamilliyi aşılamaqla yanaşı, dövrün ictimai-siyasi hadisələrini də canlı şəkildə əlvan çalarlarla əks etdirən bir böyük sənət abidəsidir. Onun tarixi səpkidə yazdığı qoşmaları, gəraylıları, müxəmməsləri bugünkü tarixşünaslığımız üçün əvəzolunmaz mənbələrdəndir. “Orta Sarıtel” havası üstə oxuduğumuz “Yaylaq” gəraylısındakı qəmginlik, yurd həsrəti bəlkə də çoxumuzun gözündən yayınıb. Düzdür, havacatın özü də qəmli notlara köklənib. Bəs görəsən, aşıq nəyə görə:
Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm yoxdu qürbət eldə.
Sən mənə qəmxar ol, yaylaq.
“Yaxşı hörmət ilə, təmiz ad ilə” Qafqaz elini dolanan, qocaya ata, cavana qardaş deyən, qızı, gəlini ana-bacı bilən dədəmiz “Kimsəm yoxdu qürbət eldə” deməklə nəyə işarə vururdu görəsən? Lakin bu şeirin harada yazılmasını araşdıranda məlum olur ki, erməni qırğını zamanı həmin qaçaqaç dövründə aşıq Ələsgər Kəlbəcərin Qanlıkənd (Qalaboynu) kəndində sığınacaq tapıb və Göyçəyə qayıdana qədər böyük mənəvi əzab-əziyyətlə üzləşib. Hətta həmin qırğında onun şəyirdi Aşıq Nəcəfin kürəyinə ermənilərin samovar bağlayıb işgəncə verdikdən sonra öldürmələri Aşıq Ələsgərə böyük mənəvi sarsıntı yaşadıb. Ermənilərin 1918-ci ilin mart ayında təkrarən törətdikləri fitnəkarlıq bütün göyçəlilərin ağır faciəsi ilə nəticələnir. Mənfur düşmən ələ keçirdiyi adamları qırır, qalanların da çoxu dağ aşırımlarında borana düşüb məhv olurlar. Onların arasında ömrünün sonuna qədər Ələsgərə həsrətlə baxıb köks ötürən Səhnəbanı da var idi.
Göyçə mahalının Pəmbək kəndindən olan balabançı Əli kişinin danışdığına görə ermənilər Silikov adlı bir erməni polkovnikinin başçılığı altında “Göyçədə yeni hökumət qururuq”- deyə Göyçənin başbilənlərini, savadlı adamlarını, Bala Mərzə və Şişqaya kəndinin camaatını məscidlərə doldurub od vururlar. Bu mənada Ələsgərin dağlara xitabən dediyi “Dağlar” qoşması erməni vəhşiliyini özündə əks etdirən tarixi faktdır.
Hanı mən gördüyüm qurğu, büsatlar,
Dərdməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!

Hanı bu yaylaqda yaylayan ellər,
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar.

Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar”.

Araşdırmaçı bildirir ki, başımıza gətirilən soyqırımlar, deportasiyalar xalqımızın epos təfəkkürünə söykənən yaddaşında qoşma, gəraylı, bayatı və ümumiyyətlə, aşıq şeir şəkillərində daha çox öz əksini tapıb: “Buna görə də bu əsərlər xalqın dilində tez əzbərlənir, şifahi ədəbiyyat kimi bir formadan digər formaya düşür və beləcə nəsildən-nəsilə ötürülür. Aşıq Ələsgər ocağının layiqli nümayəndələrindən olan İsmixan Didərginin yaradıcılığı deportasiya ədəbiyyatımızda xüsusi yer tutur. Bəlkə də elə yurd həsrəti idi ki, İsmixanı vaxtsız ölüm sıralarımızdan apardı.
Dənizlərə qarışmışam,
Köpüklərə əl atıram.
Tümən-tümən səpən canım,
Qəpiklərə əl atıram.
Fələk nərdi verib tuza,
Kim oynaya, kim uduza.
Qarışmışıq dələduza.
Şəpiklərə əl atıram.
İsmixanam yetməz bəyan,
Nə qohum var, nə də həyan.
Hərdən-hərdən mənə dəyən.
Təpiklərə əl atıram”.
Araşdırmaçının fikrincə, üçbəndlik gəraylıda bir şair, bir didərgin ömrünün keçirdiyi sıxıntılar, dili bir, dini bir doğmalar içində vətəndən uzaqlarda özünü yad kimi hiss etmək hissi hakim kəsilib və gəraylının sonuncu bəndində “Hərdən-hərdən mənə dəyən, təpiklərə əl atıram” fikri incə məqamlardan xəbər verir və onu açmaq, onu duymaq oxucunun öz ixtiyarına verilir: “İsmixan Didərgin şeirlərində ayrılığın şəklini görmək mümkündür və bu şeirlərdə kədərqarışıq bir ümid işığı var. Təkcə “Ayrılıq” şeirində yeddi yer adı, yeddi toponim işlədilib və sözsüz ki, hamısı da öz ana türkcəmizdədir.
Dədə yurdum, elim-günüm bəri gəl,
Gəl öpüşək, halallaşaq, ayrılaq.
Səcdə qılıb, diz çökürəm önündə.
Sinəmdəki ağrılara yaxşı bax.
Gəl öpüşək, halallaşaq, ayrılaq.
Bu nemətdən, bu torpaqdan harda var?
Bu obadan, bu oymaqdan harda var?
Bu təndirdən, bu ocaqdan harda var?
Alagöllər, Şışpilləkən, Qonurdağ.
Gəl öpüşək, halallaşaq, ayrılaq.
“Ermənistan SSR-də Azərbaycan toponimlərinin dəyişdirilməsi barədə ilk fərman hələ 1935-ci ildə verilmiş, yaşayış məntəqələrinin, dağ, çay, bölgə adlarının dəyişdirilərək “erməniləşdirilməsi” siyasəti dövlət səviyyəsində ardıcıl surətdə həyata keçirilib”. Bu yer-yurd adlarının şeirlərdə, folklorumuzda işlənməsi və onların yaddaşlarda şəkillənib acılı, şirinli bir xatirə tək xatırlanması bu gün və sabah böyüməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayacaq.
Ağ yoxuşa, Sarınərə,
Vida dedik neçə kərə.
Yelli gədik, Çətin dərə.
Mənim sizdə nəyim qaldı.
Müqəddəsdir düzüm, çölüm,
İsti yuvam, ağır elim.
Göz bəbəyim, Göyçəgölüm,
Mənim sizdə nəyim qaldı.
Bu misralar insana can verə bilməyən, gözü yollara dikilən, son nəfəsi boğazında düyünlənən bir ananı xatırladır və yurdundan, yuvasından zorla qovulanları südəmər bir körpənin anasının südlü döşündən ayrılıması ilə müqayisə etmək daha düzügün olardı. Şairin “Gəldim” qoşmasındakı dərdi ölçmək üçün gərək ürəyinə ürək bağlayasan.
Ümumiyyətlə, mənə elə gəlir ki, bütün şairlər, yaradıcı insanlar heç zaman rahatlıq bilməyən ən narahat insanlardır. “Gəldim” qoşmasında da şairin ruhu narahatdır və o, bu çəkilməz əzab-əziyyətə son qoymağa can atır. O, bilir ki, torpaqdan qaçanlar, torpaqdan uçanlar, torpaqdan cücərib boy verənlər yenə də sonda torpağın özünə qayıdır. Çünki torpaq insanı harada olursa-olsun özünə çəkir. Heç şübhəsiz ki, vətəndaş şair üçün “torpaq nə deməkdir” fəlsəfəsi, anlamı doğmadır, daha həssas bir mövzudur. Şair üçün dünya çox böyük olsa da yenə də son dayanacaq, son nöqtə, son mənzil doğulduğu vətən torpağıdır.

Uğur

Bu xəbər oxundu
- - -