Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lənkəranda regional seminar-müşavirə keçirilib

11.05.17, 14:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.

Radikalizmə qarşı mübarizə sahəsində qarşıda duran vəzifələrə həsr olunan seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarının hüquq-mühafizə orqanlarının və DQİDK-nın yerli strukturunun əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məruzəsində dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamofobiya meyillərinin müsəlman ölkələrinə dağıdıcı təsirləri barədə danışıb, bu kimi mənfi halların qarşısının alınması baxımından keçirilən regional seminar-müşavirənin əhəmiyyətini vurğulayıb. T. Qaraşov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında radikalizm və ekstremizmin sırf dini, dini-etnik və dini-siyasi formalarda təzahür etdiyini, dini zəmində baş verən münaqişələrin, bu prosseslərin müsəlman ölkələrinin inkişafına ciddi maneə yaratdığını bildirib. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyət daşıdığını vurğulayan Səyavuş Heydərov ölkəmizdə bu kimi prosseslərin qarşısının alınmasında DQİDK, Qafqaz Müsəlmanları İdarəsi və hüquq-mühafizə orqanlarının yaxından əməkdaşlıq etdiyini qeyd edib.

Çıxışında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addım olduğunu bildirən Səyavuş Heydərov bununla ölkəmizin tarixi missiya həyata keçirdiyini, İslam ölkələrini sülhə, həmrəyliyə çağırdığını bildirib.

Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktik və inzibati işlərdən danışaraq, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.

QMİ-nin bölgə qazısı Qəni Axundzadə İslam dininin xurafatdan uzaq şəkildə təbliğ olunmasında maarifləndirmənin vacibliyindən danışaraq bölgədə son dövrlərdə dini sabitliyin mövcud olduğunu diqqətə çatdırıb.

Bu xəbər oxundu
- - -