Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkmənçay – 1828: tarixi xronika

12.05.17, 7:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

10-cu yazı

1827-ci il noyabr-1828-ci il yanvar. Dehğarğan.
...Dehğarğan danışıqlarında. Rusiya tərəfdə rəsmi səlahiyyətli İ.F.Paskeviç və A.M.Obrezkov, konfransların protokollarının redaksiya heyəti: A.S.Qriboyedov (redaktor), A.K.Amburger, N.D.Kiselyov (redaktor köməkçiləri), tərcüməçilər Q.M.Vlanqali (fransız dili) və A.A.Bakıxanov (fars dili), İran tərəfdən Abbas Mirzə, qaimməqam Mirzə Əbül Qasım, vəliəhdin stats katibi Mirzə Məhəmməd Əli, Təbrizin hərbi qubernatoru Fətəli xan və tərcüməçisi Mirzə Məsud iştirak edirdi.
Dehğarğan danışıqlarında əsas yeri səlahiyyətli nümayəndələri görüşü tuturdu, bununla birgə ümumi konfranslar, söhbətlər və bu kimi üsullardan istifadə olunurdu. 1827-ci il 6 noyabr – Abbas Mirzə təntənə ilə qarşılanır. Rusiya tərəfi də də təşrif buyurur. Hüdudlandırma üzrə komissiya təyin olunur.
7-8 noyabr – Danışıqlar başlanır. Paskeviç danışıqlar zamanı İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin Rusiyaya birləşdirilməsini və 10 gurur əvəzinə 15 gurur təzminat verilməsini tələb edir (gurur (kurur) – İranda tətbiq edilən hind sayı; 1 gurur = 500 min. (Hindistanda 10 mln.). Baş komandan bu şərtlərin qəbul edilməyəcəyi halda rus ordusunun Cənubi Azərbaycanda qalacağını bildirir.
Ermənilər də yaranmış vəziyyətdən bəhrələnməyə çalışırdı.

1827-ci il 9 noyabr. İrəvan.
Katalikos Nerses Aştaraketsi polkovnik L.Lazaryana: - İndi bizim erməni müllətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim... Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən (Paskeviçdən - K.Ş.) xahiş etdim və indi cənaba (Qriboyedova - K.Ş.) bu barədə yazaraq cənabınızdan da rica edirəm İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın. [Парсамян В.А. А.С.Грибоедов и переселение армян // Из истории вековой дружбы. Ер., 1983, с. 136-137]

***
10 noyabr - Konfransda Rusiya tərəfinin şərtlərinin dinlənilməsi davam edir. İran tərəfi İrəvan və Naxçıvan xanlığının zəbt edilməsinə etiraz etmir.
11 noyabr - Müqavilənin şərtləri üzrə danışıqlar davam etdirilir. Konfransda İran Talış xanlığının cənub hissəsinin qaytarılmasına razılıq verdi. Ruslar təzminatın 5 gururunun müqavilə imzalananadək, noyabrın 22-dən gec olmayaraq verilməsini tələb etdi. Abbas Mirzə müqavilərıin şərtləri haqqında şaha məlumat verilməsi zərurətini bildirərək danışıqları kəsməyi təklif etdi. Elə həmin gün arxiyepiskop Nerses Aştaraketsinin məktubunu Paskeviçə verdi. Arxiyepiskop baş komandana sərhədlərin elə aparılmasını təklif edirdi ki, Ermənistan dövləti yaradılması təmin olunsun. Paskeviç Nersesin təklifini qəbul etmədi.
21 noyabr - Tərəflər arasında dekabr ayının 10-dək barışıq haqqında akt imzalanır.
22 noyabr - İngilis missiyasının katibi Maknil 5 gururun hazır olduğunu bildirir.
25 noyabr - Növbəti konfrans. İran tərəfinin şərtləri dinlənilir. Təzminatın 10 gurura endirilməsi təklif olunur. Paskeviç və Obrezkov təzminatın 3 gurur endirilərək 12 gurur olmasını iddia edirlər. Belə bir şəraitdə ermənilər erməni dövləti yaratmaq haqqında Ş.Arqutinski - Lazarevlər planını yenidən irəli sürürlər. Bu İ.Arqutinskinin qohumu Qriqoriopol mülkədarı knyaz K.Arqutinskinin X.Lazarevə 1827-ci il 25 noyabr məktubunda əks olunub.

***

26 noyabr - Şah Abbas Mirzəyə məktub yazaraq danışıqların uzadılmasını tapşırır. Abbas Mirzə bu tapşırığa uyğun olaraq əvvəlcə razılaşdığı ilkin şərtləri imzalamaqdan imtina etdi.
27 noyabr - Şahın nümayəndəsi Nəzərəli xan gələrək onun 10 gurur təzminat verməyə razı olduğunu və 5 gurur verilməsi haqqında göstəriş olduğunu bildirdi. Təzminatın 5 gururu Maknilo verilməli idi.
29 noyabr - Konfransın iclası. Abbas Mirzə təklif edir ki, traktat imzalansın, sonra onun hər iki nüsxəsi ingilis səfirliyinə verilsin. Təzminatın 5 gururunun verilməsilə traktat götürülsün. Ruslar bu təklifi qəbul etmədi.
2 dekabr - Paskeviç ilkin məbləğin verilməsinin təmin olunması üçün Valxovskini Tehrana göndərir.
Valxovski Vladimir Dmitriyeviç - 1798-ci ildə anadan olub. Əlahiddə Qafqaz korpusunun ober-kvartirmeytsteri idi. 1841-ci ildə ölüb.
8 dekabr - Paskeviç və Abbas Mirzənin qeyri-rəsmi görüşü keçirilir.
9 dekabr - Konfransın iclası. Paçkeviç ilkin müqavilənin bütün maddələrinin imzalanmasını və ya danışıqların kəsilməsini tələb edir. Abbas Mirzə vəliəhd kimi tanınması haqqında maddənin qəbulundan sonra müqavilənin digər maddələrini də imzaladı. Razılığa görə təzminatın 8 gururun alınması ilə 1828-ci il yanvarın 1-dən gec olmayaraq ruslar Cənubi Azərbaycandan çıxarılmalı idi. 2 gurur isə 1829-cu ilin mayında verilməli idi.
12 dekabr - Abbas Mirzə Paskeviçə bildirir ki, Rusiyanın Türkiyə ilə müharibəsilə əlaqədar Van paşası min nəfərlik qüvvə ilə İranla birləşmək istəyir. Makdonald Abbas Mirzənin bu fikrini təsdiq edir.
15 dekabr - Valxovski Tehranın yaxınlığında 1,5 mln. tümənlik 83 yüklü karvanla rastlaşır.
16 dekabr - Fətəli şahın danışıqlarda Mirzə Əbülhəsən xanı yeni səlahiyyətli nümayəndə təyin etməsi haqqında məktubu alınır.
17 dekabr - Paskeviç şahdan məktub alır. O bildirir ki, təzminatın müəyyən hissəsi barədə Əbülhəsən xan danışıqlar aparmaq hüququna malikdir. Bununla şah danışıqları uzatmaq istəyini göstərirdi.
19 dekabr - Şah Tehranda Valxovskini qəbul edir. Şah ona təzminatın 5 gururunun Maknil vasitəsilə veriləcəyini bildirir. Lakin bu o zaman ola bilərdi ki, ruslar Cənubi Azərbaycanı tərk etsin.
Maknil Con - İngiltərənin İrandakı səfirliyinin katibi və həkimi idi. Valxovskinin sonrakı danışıqları Mirzə Əbdül Vahab və Fətəli xanla aparması tapşırılır.
20 dekabr – Mirzə Əbdül Vahab Valxovski və Maknili dəvət edir. Valxovskiyə təzminatın yalnız rusların İrandan çıxması ilə veriləcəyi bildirilir. Maknil şahdan 5 gururu almağa və rus qoşunları İrandan çıxdıqdan sonra onu Paskeviçə verməyə razı olur. Valxovski bu təklifi qəbul etməklə ingilislərin danışıqlara qoşulduğunu təsdiq etdi.
21 dekabr - Konfransın iclası. Abbas Mirzə təzminat müqabilində Cənubi Azərbaycanı girov qoymağa razı olur, lakin şah hökuməti və ingilislərin müdaxiləsilə danısıqlar kəsilir.
22 dekabr - Paskeviçin diplomatik dəftərxanasında Dehğarğandakı rus nümayəndəliyinin sonrakı fəaliyyəti üçün iki variant hazırlanır. Onlardan birinin Obrezkov, digərinin Qriboyedovun baxışlarını əks etdirdiyi qeyd edilir.
23 dekabr - Növbəti görüş keçirilir. Paskeviç təzminatı 1 mln. tümən endirir, qalan 10 gurur təzminatın 5 gururu müqavilə imzalananadək verilməli idi. Qalan pulun verilməsini təmin etmək üçün rus qoşunları Cənubi Azərbaycanda qalmalı idi. 9 dekabr razılığından fərqli cəhətlər diqqəti cəlb edir. Abbas Mirzə rusların Cənubi Azərbaycanda qalmasına etiraz edir. Lakin axşam Paskeviç məktub yazaraq onunla razılaşdığını bildirir. Beləliklə, Dehğarğanda və Tehranda məsələyə baxışda fərq əmələ gəlir. Tehran təzminatın 5 gururundan sonra rus qoşunlarının İranı tərk etməsini tələb edirdi.
25 dekabr - Xorasan canişini şahzadə Həsən Əli Mirzə Tehrana gəlir. O, Azərbaycanı azad edəcəyi və Tiflisə qədər gedib çıxacağı barədə bəyanatlarla çıxış edir. Özünə xeyli tərəfdar toplayır. Şah bu vəziyyətdən ruslara təzyiq kimi istifadə etməyə başlayır. Rus-İran münasibətlərində təzminat məsələsi yenidən gərginləşir. Maknil təklif edir ki, şah 5 gururdan əlavə 3 gurur da versin. Pul Təbrizə aparılır. Əgər Abbas Mirzə 2 gururu qaytarmağa razı olursa, rus qoşunları İranı tərk etdiyi halda pul onlara verilir, əgər Abbas Mirzə pulu qaytarmağa razı olmursa, onda o, yəni Maknil şahın pulunu geri qaytarır. Abbas Mirzənin və pulların sonrakı taleyini şah bildiyi kimi həll edir.
29 dekabr - Maknil Valxovskiyə şahın ona 3 gurur deyil, 1,5 gurur pul vermək istədiyini bildirir.
1828-ci il 2 yanvar - Mirzə Əbülhəsən xanın gəlməsi xəbərilə Paskeviç və Abbas Mirzə arasında ziddiyyətlər kəskinləşir. O, Suxtelen vasiləsilə məktub göndərərək Marağanın tutulması haqqında əmr verdiyini Abbas Mirzəyə çatdırır.
Suxtelen Pavel Petroviç - 1788-ci ildə anadan olmusdu. 1812-ci il Vətən müharibəsində iştirak etmişdi. General-leytenant idi. 1833-cü ildə 45 yaşında ölmüşdü.
6 yanvar - Xarici işlər naziri Mirzə Əbülhəsən xan Dehğarğana gəlir. Paskeviçlə görüş zamanı müqavilənin şərtlərinin yenidən müzakirəsinə cəhd edir. Paskeviç “Müharibə, ya pul!”, - deyə ona kəskin cavab verərək danışıqları kəsməyə hazır olduğunu bildirir. Tehrandan 886 min tümənlik 520 yük qızıl və gümüş göndərilir.
7 yanvar - Paskeviç Əbülhəsən xanla görüşündə onu müqavilənin layihəsilə tanış edərək bir sözü belə dəyişməyəcəyini onun nəzərinə çatdırdı.
Paskeviç 5 gururun göndərilməsi haqqında xəbərlərə inanmayaraq danışıqları kəsməyi qərara aldı. Axşam danışıqların kəsilməsi haqqında bəyanat İran tərəfə təqdim olunur.
1828-ci il yanvar. Qəribə müharibə.
Dehğarğanda danışıqlar kəsildikdən sonra ruslar hərbi əməliyyatlara başladılar. 1828-ci il yanvarın 15-də Urmiya, sonlarında isə Ərdəbil və Miyanə tutuldu. Sülh danışıqları bərpa olundu.
Aciz: “Nə oldu ləşkəri-şahə ki, yeksər tarümar oldu?”
F.Köçərli yazmışdı: “Aciz Azərbaycan şüərasındadır. Divani-əşari vardır ki, Təbrizdə 1273-cü sənədə (m. 1856-cı il.-K.Ş.) təb olunubdur. Divani-Acizi başdan-ayağa mütaliyə edib, onun ismini də bilməkdə aciz qaldıq. Vəli xəttatın özü ilə və abavü əcdadı ilə tanış olmaq feyzi bizə müyəssər oldu. Acizin bir çox qəsidələrindən onun Fətəli şahın və nayibüssəltənə Abbas Mirzənin zəmani – səltənət və hökumətlərində yaşadığı anlaşılır. Aciz hər iki şahın (Abbas Mirzə vəliəhd idi - K.Ş.) və bəzi şahzadələrin məddahı olubdur...”

Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -