Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyan müharibə, Nalbandyan isə “sülh“ deyir

15.05.17, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son vaxtlar Ermənistanın siyasi rəhbərliyində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə qəribə yanaşma müşahidə edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün mətbuata açıqlamasında deyib ki, “danışıqların alternativi yoxdur. Onları davam etdirmək lazımdır”. Prezident Serj Sarkisyan Nalbandyanın əksinə olaraq çıxışlarında tez-tez müharibə bəyanatları verir.
Prezident və xarici işlər nazirinin münaqişəyə fərqli baxışı nədən irəli gəlir? Ermənistan hansı variantı seçir: sülh, yoxsa müharibə?
“Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan sadəcə təxribatla məşğuldur: “Ermənistan rəsmiləri rəsmən Kremlin quludurlar. Ona görə də Ermənistan prezidentinin və xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq Kreml “dur” desə, İrəvan “duracaq”, “otur” desə “oturacaq”. Müharibəni biz başlaya bilərik, Ermənistan yox. Ermənistan sadəcə təxribatla məşğuldur, təxribata isə ötən ilin aprelində olduğu kimi cavab verilir”.
Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətdədir: “Bir tərəfdən işğalın davamına şərait yaradan status-kvonu uzatmağa çalışır, digər tərəfdən də anlamamış deyil ki, bunun sonu Ermənistan üçün yaxşı olmayacaq. Çünki Azərbaycan o məqsədlə silahlanır ki, işğala son qoysun. Bu isə Ermənistanda itkilərə yol açacaq. Ona görə də Ermənistan prezidenti bir, xarici işlər naziri isə fərqli söz deyir”.
Elxan Şahinoğlunun fikrincə, imitasiyaya yol açan danışıqlardan birdəfəlik imtina etməliyik: “Çünki bu imitasiya işğalın davamına şərait yaradır. Elə bir vaxt yetişib ki, Ermənistana ultimatum verilməlidir, “3 aya torpaqları boşaldırsansa, razılaşırıq, boşaltmırsansa nəticəsiylə hesablaşmaq məcburiyyətində qalacaqsan”. Bunun bir sonu olmalıdır. Əks halda separatçılar təxribatlarına davam edəcək. Şuşa və Kəlbəcərdə infrasturktur layihələrini reallaşdıracaq, bizim bölgələrə gəlmələri məskunlaşdırmağa çalışacaqlar”.
Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Sarkisyanla Nalbandyanın fərqli mövqe nümayiş etdirməsi bizə təəccüblü görünməməlidir: “Görünür, Sarkisyan və Nalbandayan münaqişə ilə bağlı danışıqların aparılmasında vəzifə bölgüsü ediblər. Yəni, onlar düşünülmüş şəkildə funksiyaları paylaşıblar. Belə ki, Nalbandyan Ermənistanın danışıqlara sadiq olduğu görüntüsünü yaradır. Düşmən ölkənin sülhpərvər imicini yaratmağa çalışır. Sarkisyan isə daha sərt ifadələr işlətməklə Ermənistanın heç bir güzəştə getməyəcəyini sübut etmək istəyir. Bir sözlə, bu iki şəxsin məqsədləri eynidir, üslubları bir-birindən fərqlənir. Məzmun eynidir”.
Politoloq vurğulayıb ki, münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti tam faydasızdır: “Azərbaycanın torpaqları indiyə qədər işğal altındadır. Danışıqlar heç bir nəticə vermir. ATƏT-in Minsk qrupu həmsədrləri bölgələrə səfərlər etməklə, görüşlər keçirməklə işlərini, missiyyalarını bitmiş hesab edirlər. Amma, əslində belə deyil. ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti yoxdur və onların vasitəçiliyi fayda vermir. Hesab edirəm ki, həmsədrlərin fəaliyyəti yalnız Ermənistanın maraqlarına xidmət edir. Onlar isə bu tip gedişlər etməklə işğalın ömrünü uzatmağa çalışırlar”.

Bu xəbər oxundu
- - -