Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mən agentlərin adını çəksəm, nələr olacaq”

15.05.17, 14:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası yenə təxirə düşüb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında Akif Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
Məhkəmədə sədrlik edən Həbib Həsənov bildirib ki, təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə əməliyyat olunduğu üçün prosesdə iştirak etməyib.
Prokuror bildirib ki, əgər vəkil 10 gündən artıq gəlmirsə, təqsirləndirilən şəxsə digər vəkil təyin olunmalıdır: "Həm də bəzi epizodların Səlim Məmmədova dəxli yoxdur. Ona görə başqa vəkil təyin edib, işi davam etdirmək olar".
Vəkillər prokurorun çıxışına irad bildiriblər: "Əgər Səlim Məmmədovun həmin epizodlarla əlaqəsi yoxdursa, niyə bunlara mütəşəkkil dəstə ittihamı veriblər?".
Kamandar Nəsibov həmçinin qeyd edib ki, prokuror Səlim Məmmədovla bağlı ittihamlardan imtina edərsə, o zaman işə baxıla bilər.
Vəkillər bildirib ki, yeni vəkil işə qoşulandan sonra proses uzanacaq: "Yeni vəkil gələcək, işlə tanış olmaq üçün vaxt istəyəcək. Proses uzanacaq".
Təqsirləndirilən Səlim Məmmədov da yeni vəkil istəməyib.
Akif Çovdarov prosesdə çıxış edib. O bildirib ki, bu barədə heç nə demək istəmir: "Çünki mətbuatda yazacaqlar mənim adamlarım Cavidi döyüb xəstə edib. Ona görə söz deməyə qorxuram".
General həmçinin son günlər mətbuatda yazılan agentura söhbəti ilə bağlı da danışıb: "Qəzetlərdə MTN agentləri ilə bağlı oxuyuram. Yazılanlar hamısı yalandır. Rəhmətlik Elçin Behbudovu agent çıxarıblar. Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərini prokurorluq və digər orqanlarının 10 faizi eləməyib. Məhkəməmiz haqqında ağızlarına gələni yazırlar. Mən agentlərin adını çəksəm, nələr olacaq, Allah bilir. Danışsam, ölkədə vətəndaş müharibəsi düşər. Hazırda vəzifədə olan məmurlar haqqında danışsam, nələr olacaq?"
Çovdarov prokurorluq orqanlarını tənqid edib: "Agentura məsələləri ilə bağlı istintaq aparanlar adları niyə yazırlar? Bu, dövlət sirridir. Ad yazmaqları dövlətçiliyə ziddir. Bu adamların adları açıqlanır. Cəmiyyətdə pis anlaşılır. Yaxşı, bundan sonra kim gəlib, öz dövlətinə xidmət edəcək. Bunu başa düşmürlər?"
Sonda hakimlər prokurorun istəyini qəbul etməyib.

Bu xəbər oxundu
- - -