Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BAXCP-nin ölüm hökmünün bərpası təklifi dəstəklənir

16.05.17, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Niyaməddin Orduxanlı: “Vətən xainlərinə ölüm hökmü verilməlidir”

Məhəmməd Əsədullazadə: “BAXCP-nin bəyanatı Milli Məclisdə müzakirə edilməlidir”

Mayın 25-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclasında son vaxtlar silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatları müzakirəsi zamanı ölüm hökmünün bərpa edilməsi məsələsi gündəmə çıxarıldı. Partiyanın İdarə Heyətinin bununla bağlı qəbul etdiyi bəyanatda deyilir ki, partiya Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu “İnsan Hüquqularının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının bərpa edilməsi müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edir.
Xatırladaq ki, BAXCP-nin ölüm hökmünün bərpası ilə bağlı bəyanatını şərtləndirən amil bir neçə gün öncə silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatların yayılması, eləcə də son illərdə ölkədə artan ağır cinayətlərdir.
Qeyd edək ki, 70-dən çox ölkədə edam cəzası hələ də qalır. Ölüm hökmü dünyada ən çox Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və Vyetnamda icra olunur. Türkiyədə edam cəzası 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tam ləğv olunub. 1920-1984-cü illərdə Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib.
1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv edildiyi bəyan olunur. Yalnız 3 hal istisna olmaqla ölüm cəzasının tətbiqi qadağan olunur: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı qiyam və kütləvi iğtişaşın qarşısını alanda ölüm hadisəsinə yol verilə bilər.
Müasir dünya praktikasında xüsusi ağır cinayət törədən qatillər, manyaklar edam edilir. Bəzi ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, Çinin bəzi əyalətlərində isə hətta oğrular da edam olunur. İranda isə narkotik tacirləri, narkotikin yayılmasında iştirak edənlər barədə ölüm hökmü çıxarılır.
Bir daha yada salırıq ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.
Bəs siyasilərin BAXCP-nin bəyanatına münasibəti necədir?
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: “BAXCP bir müxalifət partiyası olaraq daim ölkənin milli maraqlarını qoruyub. Bu gün liderimiz Qüdrət Həsəqnuliyevin təklifi ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclasında Azərbaycanda ölüm hökümünün bərpa edilməsi məsələsi geniş müzakirə olundu."
Onun sözlərinə görə, bu gün cəmiyyətdə silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri geniş rezanansa səbəb olub: “ Çox ciddi bir şəbəkənin-vətənə xəyanət etməkdə ittiham olunan bir qrup əsgər və zabit heyətinin adları çəkilir. Vətənini satan şəxslərə indiki qanunla ən ağır cəza ömürlük həbsdir. Şəxsən biz bir siyasi partiya olaraq bu cəzanın törətdilmiş cinayətə görə, adekvat hesab etmirik. Vətən xainlərinə ölüm hökmü verilməlidir. Onu da yaxşı bilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv olduğu dövrdə , ölüm hökmünün ləğv edilməsi ilə bağlı öhdəlik götürüb və bunu icra da edib. Ancaq BAXCP İdarə Heyəti Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu “İnsan Hüquqularının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının bərpa edilməsi müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edə biləcəyini mümkün hesab edir!”
Niyaməddin Orduxanlının fikirincə, ən inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da da bu gün ölüm hökmü var : “ Baxın, ABŞ-ın qanunlarına, ən ağır cinayət törətmiş və o cümlədən vətənə xəyanət edən şəxslərə ölüm hökmü verilir. Və düz də edirlər! Kim ABŞ-a nə deyir?
Vətənini satan şəxsə hələ bir ölənə qədər xalqın çərəyini yedirdib, suyunu içirtməliyik?! Bunlar güllələnməlidir ki, başqalarına da görk olsun. İclasda həmçinin Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Ermənistanın ali baş komandanına tabe olduğunu, bu hərbi birləşmənin Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula biləcəyi barədə açıqlamaların bu günədək rəsmi Moskva tərəfindən təkzib olunmadığını müzakirə etdik. BAXCP rəhbərliyi mövcud vəziyyətin Rusiyanın da Azərbaycanla müharibə vəziyyətində olması reallığını yaratdığını bildirir və bu səbəbdən bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib saydı. Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalı, Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır. Biz hesab edirik ki, bütün bunlarla bağlı Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsi təcili olaraq dövlətə xəyanət etmiş şəxslərlə bağlı dinləmələr keçirməlidir. Dinləmələr zamanı baş vermiş hadisə ciddi şəkildə araşdırılmalı və təhlil olunmalı, Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin müstəqil qolu kimi Ali Baş Komandanı alternativ informasiya ilə təmin etməli, bu sahəyə məsul olan şəxslər ciddi şəkildə cəzalandırılmalı, ictimaiyyətin narahatlığına son qoyulmalıdır!”.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov: “Azərbaycanda ölüm hökmünün ləğvindən, artıq 20 ilə yaxın bir müddət ötüb. Özü özlüyündə bu humanist addımdır və düşünürəm ki, bu qərarın verilməsini, ictimaiyyət də yüksək qiymətləndirilir. Barələrində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları dəyişdirilərək, onlara ömürlük həbs cəzaları tətbiq edildi. Ümumiyyətlə götürdükdə, insan həyatı barəsində qərar vermək, hələ desəm ki, ölüm qərarı vermək, nə qədər ağır, məsuliyyət tələb edən bir məsələdir. İnsan haqqında qərar verməmişdən öncə, onun haqqında toplanılmış materiallar diqqətlə araşdırılmalı, təkzibedilməz faktlarla, tutarlı şəkildə sübuta yetirilməlidir. O səbəbdən mən də deyə bilərəm ki, ölüm hökmünün ləğvi insanpərvərliyə, humanizmə söykənmiş bir qərardır. Amma törədilmiş elə cinayətlər var ki, onları qəti şəkildə bağışlamaq olmaz. Belə cinayətlərdən biri də Vətənə xəyanətdir. Vətənə xəyanət etmiş bir insanı bağışlamaq olarmı? Düşünürəm ki, yox. Bu cinayəti törətməklə fərd nəinki vətəndaşı olduğu dövlətə, vətənə xəyanət etmiş olur. Vətənə xəyanət etmiş şəxs eləcə də öz millətinə, xalqına xəyanət etmiş olur ki, bunun da cəzası yalnız, konkret şəxs barəsində ölüm hökmünün çıxarılması ola bilər. Sadəcə, bir də qeyd etmək istərdim ki, bu cür məsuliyyət tələb edən qərarları çıxarmaq heç də asan məsələ deyil. Törədilmiş cinayətlər, tutarlı faktlar və təkzibolunmaz materiallarla sübuta yetirilməlidir. Bundan sonra, cinayəti törətmiş şəxs haqqında qərar verilə bilər”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, ölüm hökümünü ləğv etdi. Bu beynəlxalq hüquq normalarına və humanizm dəyərlərinə verilən qiymət idi. İnsan hüquq və azadlıqları daima cəmiyyətin inkişafının əsas faktoru olub. Buna baxmayaraq dövlətin vətəndaşa tanıdığı humanizm dəyərlərindən suistifadə edənlər də olur: “Tarix boyu vətənə, xalqa qarşı satqınlıq edənlərin cəzalandırılması üçün ən layiqli qərar ölüm hökmü olub. Çünki, belə bir ağır cinayətlərə qarşı humanizm ideyaları yol verməməlidir. Burada bütöv bir xalqın gələcəyi sual altında olur. Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə üz-üzədir. Düşmən bütün istiqamətlərdə ölkəmizə qarşı təxribatçı və pozucu fəaliyyətdən istifadə edir. Qeyd edim ki, adi vətəndaşdan əlavə hərbiçinin düşmənə satılması isə bütün dəyərləri məhv etmək deməkdir. Dövləti və xalqı ləkələməkdir, düşmənlə eyni cəbhədə olmaqdı. Düşmənlə eyni cəbhədə olan təbii ki, öldürülməlidir. Bir qrup hərbiçi və mülki şəxsin Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı ağır cinayət olaraq, ölümə bərabərdir. BAXCP sədri Qüdrət Həsənquliyevin ölüm hökmününün bərpası ilə bağlı təklifləri əsasən dövlət və xalqa qarşı düşmənlə əməkdaşlıq edənlərə şamil olunmasını tələb edirsə, bu qəbul edilməlidir. Hesab edirəm ki, belə təkliflərin verilməsi analoji addımların qarşısını ala bilər. Ölkədə belə bir olayın yaşanması, qəbul edilməzdi. Bu milli birliyimiz və büyövlüyümüzə qəsddir. BAXCP-nin bəyanatı Milli Məclisdə müzakirə edilməlidir. Azərbaycan müharibə şəraitindədir. Və müharibədə ölüm hökmü qüvvədə olur. Xaricdə, xüsusilə Rusiyada oxuyan kursantlar ciddi nəzarətə götürülməlidir. Rusiyanın hərbi məktəblərində etməni müəllimlər çoxluq təşkil edir. Bu yaxınlarda Ermənistanın eks müdafiə naziri Seyran Ohanyanda Rusiyanın hərbi məktəblərinin birinə təyinat alacağı qeyd edilirdi. Azərbaycan öz hərbi kursantlarına alternativ məktəblər seçməlidir . Rusiya Ermənistanın müttəfiqi və işğala dəstək verən ölkədir”.

Cavid

Bu xəbər oxundu
- - -