Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir”

17.05.17, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “Hər bir turist və ya iştirakçı erməni təcavüzündən xəbərdar olur”

“Dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir. Həm Avropa Oyunlarına, həm də İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir və bunu əməli surətdə sübut edir. İqtisadi məsələlərə gəldikdə, bu, həm də turizmin və daha doğrusu, qeyri-neft sektorunun inkişafı, idmanın inkişafı deməkdir”. Bu fikirləri siyasi ekspert Arzu Nağıyev səsləndirib O, bildirib ki, hər bir turist və ya iştirakçı Azərbaycan həqiqətlərini görür, erməni təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən, tarixi ənənələrimizdən, mədəniyyətimizdən xəbərdar olur: "Ən başlıca məsələlərdən biri də təbii ki, təhlükəsizlik məsələlərinin təşkilidir. Yəni belə miqyaslı tədbirlərdə iştirak üçün ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir və bunlar da yüksək səviyyədə həyata keçirilir".
Millət vəkili Eldar İbrahimov isə deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımdır. Hazırkı şəraitdə İslam həmrəyliyinin zəruri olduğunu deyən deputat söyləyib ki, məhz həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür: “Azərbaycan İslam, müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Bu baxımdan Bakıda İslam oyunlarının keçirilməsi bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir”.
E. İbrahimov qeyd edib ki, Azərbaycan İslam oyunlarına ev sahibliyi etməklə, dünyada daha bir uğura, zəfərə imza atacaq: “İstər prezident İlham Əliyev, istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyeva İslam Oyunlarının Azərbaycanda keçirilməsi üçün böyük əmək və zəhmət sərf ediblər. Oyunların bu cür yüksək səviyyədə baş tutması və keçirilməsi də ilk növbədə onların adı, zəhməti ilə bağlıdır. Əminik ki, İslam Oyunları hələ uzun illər yaddaşlarda dərin və silinməz izlər buraxmaqla yanaşı, İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfə verəcək”.
Azərbaycanın dünyada hər bir sahədə dialoq, əməkdaşlıq məkanına çevrildiyini vurğulayan deputat əlavə edib ki, son illər ölkəmizdə beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu tədbirlərin, forumların, idman və musiqi yarışlarının keçirilməsi Azərbaycanın inkişafının, dünyadakı nüfuzunun, sabitlik adası olmasının əyani göstəricisidir: “ Əgər Azərbaycanda inkişaf, tərəqqi, sabitlik olmasaydı, bu cür nüfuzlu tədbirlərə, yarışmalara ev sahibliyi edə bilməzdi. Bütün bunlar Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub”.

Bu xəbər oxundu
- - -