Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkmənçay – 1828: tarixi xronika

18.05.17, 6:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

12-ci yazı

1828-ci il 21 mart. Peterburq. “Türkmənçay” müqaviləsi haqqında manifest.
“Gülüstan” müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsi haqqında manifest özünü çox gözlətmədi. 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və Rusiya ilə İran arasında sülh bağlanması haqqında manifest verildi. Ən geci çar I Pyotrun (1689-1725) zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsi burada təsbit edildi. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “qədim Ermənistanın bir hissəsi” elan olundu.
“İrəvan və Naxçıvan xanlıqlarının “Erməni vilayəti” adlandırılması haqqında” senata çar fərmanı.
Elə həmin gün - 1828-ci il martın 21-də Rusiyaya ilhaq olunmuş iki Azərbaycan xanlığı haqqında belə bir adda vilayət yaradılması barədə fərman verildi. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilib: “1888. - Марта 21(1828 - К.Ш.) (Распубликовань Сенатом 27 марта - прим. издателей). Именный, данный Сенату. - О именовании присоединенных к России Ханств Эриванского и Нахичеванского Обласmию Армянскою. Силою Трактата, с Персиею заключенного, присоединенная к России от Персии Ханство Эриванское и Ханство Нахичиванское, Повелеваем во всех делах именовать отныне Областию Армянского и включить оную в Титул Наш. Об устройство сей Области и порядке ея управления Прави-тельствующий Сенать в сове время получит надлежащая повеления”. Ermənilər bunu sevinclə qarşıladı.

***

K.Arqutinski-X.Lazarevə: “İranla bağlanmış sülh bir çox cəhətdən mənə gözəl dəqiqələr bəxş etdi ki, Naxçıvan və İrəvan əyalətlərinin Erməni vilayəti adlandırılması heç də onlardan sonuncu deyildi... Yeni vilayətlərin sakinləri, bizim həmsoylarımız Erməni vilayəti adında bəzi özünəməxsus halları mükafat alır. Gözəl və olduqca faydalı fikirdir”.
1828-1917-ci il, oktyabr. Türkmənçay müqaviləsi: məzmunu və həyata keçirilməsi. Burada adətən edildiyi kimi Türkmənçay müqaviləsinin maddələrinin qısa məzmununu təkrar etməklə kifayətlənmək olardı. Lakin adətən olduğu kimi bunun da heç bir elmi əhəmiyyəti olmazdı. Ona görə də hər bir müqavilə, о cümlədən Türkmənçay da dinamikada nəzərdən keçirilməlidir.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin ayrı-ayrı maddələrinin məzmunu Türkmənçayda əks olunmuş, onun IX və X maddələrində nəzərdə tutulmuş məsələlərə aid xüsusi ticarət aktı imzalanmışdı.
Türkmənçay müqaviləsinin preambulasında sülhün zərurətindən və onu imzalayanların (İ.Paskeviç, A.Obrezkov və Abbas Mirzə) səlahiyyətindən bəhs olunurdu.
Birinci maddə ilə əbədi zamanadək sülh elan olunurdu. Türkmənçay müqaviləsi əsasən, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması ilə, rəsmən isə RSFSR və İran arasında 1921-ci ildə bağlanmış müqavilə ilə qüvvədən salınmışdı. Yeni müqavilə imzalanarkən təkrarən tarixi ədalətsizliyə yol verilmişdi. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi.
İkinci maddə ilə Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsilə əvəz olunduğu bildirilirdi.
Üçüncü maddədə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra yuxarıda qeyd edildiyi kimi I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında “Erməni vilayəti” yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi.
Çavçavadze Aleksandr Gersevanoviç (1786-1846) - gürcü knyazı, şair, general-mayor. Atası vaxtı ilə Peteburq sarayında səfir idi. Çavçavadze Napoleonun Rusiyaya hücumu zamanı Barklay de-Tollinin adyutantı olmuşdu. Gürcü ədəbiyyatında lirik şair və maarifçi kimi məşhurdur. A.Qriboyedov onun qızı Nina (1812-1857) ilə evlənmişdi.
Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdi. “Erməni vilayəti” adlandırılan qurum 1840-cı ildə ləğv edilmişdi. 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunmuşdu.
Dördüncü maddədə sərhədlər göstərilirdi. Sərhədlərin ərazi üzrə müəyyənləşdirilməsi üçün 1829-cu il yanvar ayının 18-də Rusiya-İran protokolu tərtib edilmiş, Paşkeviç və Abbas Mirzə tərəfdən sərhəd xətti şəxsən yoxlanıldıqdan sonra imzalanmışdı. Həmin sərhəd xətti sonralar keçirilmiş bəzi dəyişikliklərlə müasir dövrədək davam edir.
Beşinci maddədə İran IV maddənin müəyyən etdiyi sərhəd xətti ilə Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların Rusiyaya məxsus olduğunu tanıyırdı.
Altıncı maddə təzminatın miqdarını (iyirmi milyon gümüş manat) müəyyən edirdi. VI maddə Rusiyanın xarici siyasətinin işğalçı mahiyyətini açıq-aşkar göstərir. Bu maddə tərəflər arasındakı münasibətlərdə gərginlik yaradan məsələlərdən olmuşdu. Təzminatın 5 gururu müqavilə imzalanmasınadək alınmışdı. Təzminatın verilməsini təmin etmək üçün Cənubi Azərbaycanın bir neçə şəhərində rus qoşunları saxlanmışdı, təzminat ödənildikcə qoşunlar çıxarılmalı idi. 1827-ci ilin sonunadək qismən 8 gurur ödənilmişdi. Qalan hissə 1830-cu ilədək ödənilməli idi. Lakin 1829-cu ildə Tehranda Qriboyedovun öldürülməsindən sonra (IX maddənin şərhinə baxın - K.Ş.) Peterburqda İran elçiliyini qəbul edən rus çarı Nikolay 9-cu gururdan imtina etmiş, 10-cu gururun ödənmə müddəti beş ilədək uzadılmışdı. Son gururun verilməsi 1854-cü ildə tamamilə ləğv edilmişdi. Beləliklə, altıncı maddə həmin ildə əhəmiyyətini itirmişdi.
Yeddinci maddə ilə Abbas Mirzənin vəliəhd kimi tanınması rəsmən etiraf olunurdu. Abbas Mirzənin 1833-cü ildə vəfat etməsilə yeddinci maddənin taleyi həll olundu.
Səkkizinci maddə Gülüstan müqaviləsinin V maddəsini təsdiq edirdi, yəni Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olurdu. Bu maddə Türkmənçay müqaviləsinin qüvvədən düşməsinin elan edilməsinədək fəaliyyətdə olmuş, rəsmən 1921-ci il RSFSR-İran müqaviləsinin 11 maddəsilə ləğv edilmiş, İranın Xəzər dənizində öz bayrağı altında üzmək hüququ təsbit olunmuşdu.
Doqquzuncu maddə İranda Rusiyanın daimi diplomatik missiyasının təsis edilməsini nəzərdə tuturdu. Bu maddə üzrə 1828-ci il aprel ayının 15-də İranda daimi diplomatik missiyanın təsis edilməsi haqqında fərman verildi. A.S.Qriboyedov İranda nazir rezident təyin edildi. Missiya bütün ştatı ilə sentyabrın 9-da Təbrizə yola düşmüş və oktyabrın 6-da ora çataraq ratifikasiya fərmanını Abbas Mirzəyə təqdim etmişdi. “Ağıldan bəla”nın müəllifi yeni vəzifədə bütün qüvvəsini çarizmin İranda müstəmləçəkilik siyasətini reallaşdırmağa yönəltmişdi. Hər vasitə ilə təzminatın alınmasını (6-cı maddə) təmin etmək, əsirlər məsələsi (13-cü maddə) üzrə canfəşanlıq, ermənilərin köçürülməsi naminə (15-ci maddə) hər cür vasitələrə əl atmaq deyilənlərə sübutdur. Bütün bunlar ciddi diplomatic qalmaqallarla müşayət olunmuşdu. Nəticədə Qriboyedovun fəaliyyətindən ciddi narazılıq artmağa başladı. 1829-cu il yanvarın 30-da Qriboyedov bir neçə nəfər istisna olmaqla missiyanın digər üzvlərilə birlikdə öldürüldü. İran Abbas Mirzənin oğlu Xosrov Mirzənin başçılığı altında Peterburqa üzrxahlıq elçiliyi göndərmişdi. Onuncu maddə ticarət konsulluqları açılması və b. məsələlərdən bəhs edirdi. Artıq qeyd edildiyi kimi gömrük və ticarətlə bağlı digər problemlər Xüsusi ticarət aktında verilmişdi. Türkmənçay müqaviləsindən sonra rus-İran ticarət münasibətində ciddi dəyişikliklər baş vermişdi. Bu maddəyə uyğun olaraq İranda Rusiyanın üç baş konsulluğu (Təbriz, Rəşt, Astrabad) açılmış, sonralar sayı artırılmışdı.
On birinci maddə ilə qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış işlərin bərpası tənzimlənirdi.
Müqavilənin on ikinci maddəsində Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olan təbəələrə onların satılması üçün üç il vaxt verilməsindən; on üçüncü maddədə hərbi əsirlərdən, on dördüncü maddədə azərbaycanın (Cənub – K.Ş.) bütün əhalisi və məmurlarına bağışlanmağa əta olunduğundan, ailələri ilə birgə İrandan Rusiyaya keçmələrindən və s. bəhs olunurdu.
Müqavilənin on ikinci, on dördüncü və on beşinci maddələri hələ uvaxt yerlərdə müxtəlif cür izah olunurdu. Ona görə də Qriboyedov bu maddələr haqqında xüsusi şərh yazmışdı.

***

1828-ci il 23 sentyabr. İrəvan. A.S.Qriboyedov – Qraf İ.F.Paskeviçə. Təliqə №52: - ... Türkmənçay müqaviləsinin indiyədək hər iki tərəfdən yanlış təfsir olunan üç maddəsi haqqında fikrimi şərh etməyi artıq hesab etmirəm. Əgər cənab aliniz Tiflis hərbi qubernatoruna və İrəvan, Qarabağ, Talış və başqa sərhəd rəislərinə göstəriş versəniz ki, bir və eyni məsələ üzrə müxtəlif təfsirlər olmasın, onda onlar bizim təbəələrin etməli olmadıqları və buraxmadıqları köçməyə yeni ehtirasdan çəkindirsinlər.
1) XII maddə ilə hər iki dövlətin Arazın hər iki tərəfində tərpənməz əmlakı olan təbəələrinə üç illik müddətverilmişdir ki, bu müddət ərzində onu sərbəst sata və dəyişə bilsin. Bu və ya başqasının köçmək azadlığı haqqında bir söz də deyilməmişdi.
2) XIV maddə ilə öz tənqidinə görə yurddaşına zərərli təsir göstərə bilən əqidəsizlər və fərarilərə, mahiyyət etibarilə xanlar, bəylər və mənəvi rəislər və ya mollalara sərhəd yaxınlığında məskunlaşmağa icazə verilməmişdi. Digər sakinlərə gəldikdə, onlardan bir dövlətdən digərinə keçmiş və ya bundan sonra keçəcəklər, hakimiyyət altında olduğu hökumətin icazə verdiyi hər yerdə məskən sala və ya yaşaya bilər.
Qeyd. Onların keçdiyi və ya keçəcəyi dövlətə gəldikdə, heç heç yerdə deyilməmişdir ki, o buna icazə, bilet və sərbəst buraxılış verməlidir.
3) XV maddə ilə əlahəzrət şah tərəfindən Azərbaycanın bütün sakinlərinə və məmurlarına tam bağışlama əta edilir. Üstəlik traktatın bağlandığı gündən hesablanaraq o məmur və sakinlərə öz ailəsi ilə birgə İran əyalətlərindən Rusiyaya sərbəst keçmək, hərəkət edən mülkiyyətini aparmaq və ya satmaq üçün bir il vaxt verilir; hərəkət etməyən mülkiyyətə gəldikdə onun satışı üçün beş il müddət müəyyən edilir.

Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -