Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, siyasi qərardır”

18.05.17, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Asim Mollazadə: “Məqsəd Azərbaycana təzyiq göstərməkdir”

Natiq Miri:”Putinin bu məsələdən xəbəri var və bu olayı da Azərbaycana təzyiq mexanizmi hesab edirəm”

Fazil Mustafa:”Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar”

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi aktual mövzu olaraq qalır. Bu addımın nədən atılması anlaşılan olmasa da siyasi qərar olması dəqiqdir və əksər ekspertlər bunun təzyiq olduğunu bildirirlər.
Deputat Asim Mollazadə bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq göstərməkdir: “Bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir”.
ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan A.Mollazadə əlavə edib ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir: “Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir”.
Politoloq Natiq Miri diqqətə çatdırıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı qərarının hüquqdan daha çox siyasi olay kimi qiymətləndirilməlidir. O qeyd edib ki, həm Rusiyada, həm də konqresin ətrafında konkret maraqlar çərçivəsində hadisələr baş verir: “Mən düşünmürəm ki, Ali Məhkəmənin bu qərarı bilavasitə dövlət başçısından xəbərsiz verilib. Düşünmürəm ki, Azərbaycan kimi çox əhəmiyyətli geosiyasi mövqeyi olan bir ölkə ilə bağlı bu cür məsələləri prezidentin xəbəri olmadan ədliyyə naziri həll edə bilsin. Rusiya dövlət başçısının bu məsələdən xəbəri var və bu olayı da Azərbaycana təzyiq mexanizmi hesab edirəm. Təbii ki, bu maraqların içində müxtəlif istiqamətlər var. Azərbaycanın müstəqil siyasət yürütməsi bu istiqamətlərdən biridir. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında müqavilə hazırlanır. Payızda bu sənədin imzalanması gözlənilir. Təbii ki, Avropaya ciddi şəkildə inteqrasiya Rusiyanın maraqları çərçivəsində deyil. Bundan əlavə, son həftələrdə Azərbaycanla Türkiyə arasında hərbi təlimlər keçirilib. Rusiya mediasını izləsək görərik ki, bu hərbi təlimlər şimal qonşumuzun çox da xoşuna gəlməyib. Yəni, bu cür hadisələr Rusiyanı çox ciddi şəkildə qıcıqlandırır”.
N.Miri onu da bildirib ki, Azərbaycanla münasibətlərin yaxşı olması Rusiyanın geosiyasi maraqlarına xidmət edir: “Azərbaycan Cənubi Qafqazda çox həlledici ölkədir. Ayrıca, regionda təhlükəsizliyin təminatçı ölkələrindən biri məhz Azərbaycandır. Bu gün Azərbaycansız Rusiyanın Cənubi Qafqazda, bütövlükdə regionda siyasət yürütməsi o qədər də asan deyil”.
Politoloq qeyd edib ki, əgər proses bu şəkildə davam etsə və Azərbaycan bunun ölkəmizə təzyiq mexanizmi olduğuna əmin olsa, o zaman Bakı da Rusiyaya qarşı adekvat addımlar atmalıdır: “Azərbaycanda Rusiyanın xeyli sayda mədəniyyət və media mərkəzləri var. Bu mərkəzlərin qeydiyyatı dərhal ləğv edilə bilər. Ancaq biz bunu istəmirik və belə məsələlərin yaranmaması üçün mütləq mənada dialoq lazımdır. Əgər Rusiya məhkəməsinin qərarı ləğv olunmasa, ölkəmizin bu məsələdəki həssaslığı qəbul edilməsə, təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır. Ancaq bu o demək deyil ki, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə görə, Rusiya və Azərbaycanın münasibətləri düşmənçilik həddinə gəlməlidir. İki ölkənin maraqları buna yol vermir”.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa vurğulayıb ki, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir: “Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir".
F. Mustafa bildirib ki, bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir: "ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa AzərbaycanA qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər".
Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: "Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur".
Politoloq Qabil Hüseynli deyib ki, belə bir addım atılması ermənipərəst mövqedən irəli gəlir, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır: "Son bir neçə aydır ki, Rusiya ermənilərə xoş gələn ərməğanlar edir. Rusiya-Ermənistan silahlı qruplaşmasının yaradılması və erməninin komandir təyin edilməsi, Ermənistana "İsgəndər" raketləri də daxil olmaqla, pulsuz böyük miqdarda müasir silah və sursat verilməsi bu sıradadır. Üstəlik, sanki Ermənistana diqtə edilir ki, danışıqlar prosesindən geri çəkil. Danışıqlar prosesi bu gün demək olar ki, durğunluq dövrünü keçirir. Bu azmış kimi, Ermənistan müharibə ritorikasını daha da artırıb, Azərbaycanı təhdid və şantajedici bəyanatlarla hövsələdən çıxarmağa çalışırlar. Hazırda cəbhə bölgəsində vəziyyət gərgindir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Amma ordumuz da onlara layiqli cavab verir. Yəni Ermənistan təxribatlarla Azərbaycan iri miqyaslı müharibəyə cəlb etməyə çalışır. Rusiyadan təminat alınmasa idi, Ermənistanın bunu etməyə qətiyyən cəsarəti çatmazdı".
Q. Hüseynli hesab edir ki, ÜAK sıradan çıxarılmaqla Rusiyada vaxtı ilə sabiq baş nazir müavini Abbas Abbasovla bir olan, sonradan ondan ayrılan Söyün Sadıqovun "AzərRoss" təşkilatını canlandırmağa və onu işə salmağa çalışacaqlar.

Bu xəbər oxundu
- - -