Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Buna nail olacağıq”

18.05.17, 13:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik”

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bununla bağlı bütün Azərbaycan xalqını təbrik edirəm”.
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir: “Çünki bu günə qədər Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib. Bu qazma qurğusunun inşasında iştirak etmiş bütün işçiləri təbrik edir, onlara minnətdarlığımı bildirirəm. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır. Xarici tərəfdaşlarla növbəti uğurlu layihənin uğurla icra edilməsini görürük. Bu da reallıqdır. Çünki Azərbaycan uzun illərdir ki, xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm ARDNŞ-dən qoyulan vəsait 1 milyard dollara yaxındır. Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, bu sərmayələr eyni zamanda Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, işçilər yaxşı maaş alsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin. Bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər, həm özləri, həm də ölkə üçün böyük fayda qazanırlar. Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycan neft sənayesinin banisidir, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir”.

“Əsrin müqaviləsi” imzalanmasaydı.... ”

Azərbaycan prezidenti qeyd edib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb.
Dövlət başçısı deyib ki, Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb: “Dərin Özüllər Zavodunun tikintisinə ulu öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlanıb. Başqa variantlar da var idi, Xəzərin digər sahillərində bu zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində Dərin Özüllər Zavodu üçün tikinti yeri Bakı seçildi. Bu zavodun ölkəmizin, neft sənayesinin inkişafı üçün əvəzolunmaz rolu var. Hələ 70-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. Müstəqillik dövrünə gəlincə, əgər 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən Xoşbəxt Yusifzadə ilə birlikdə biz danışıqlarda iştirak etmişik. 1994-cü ilin may ayında İstanbulda və 1994-cü ilin iyul-avqust aylarında ABŞ-ın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda həm də elə edək ki, xarici investorlar qaçmasın, onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir. Bizim uğurlu inkişafımızın əsas mənbəyi xüsusən 1990-cı illərdə “Əsrin müqaviləsi” və bu layihədən əldə olunan gəlirlərdir”.

"Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik

Prezident İlham Əliyev deyib ki, 1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir.
Dövlət başçısı qeyd edib ki, hazırda digər layihələr üzərində də iş gedir.
Azərbaycan prezidenti bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan "Abşeron" qaz-kondensat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz "Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.
Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

“Xarici investorlar üçün gözəl şərait yaradılıb”

Azərbaycan prezidenti bildirib ki, bu gün xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub.
Dövlət başçısı deyib ki, həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: “Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır. Beləliklə, bu gün ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işləri apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.

Bu xəbər oxundu
- - -