Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hər şey Avropa İttifaqından asılıdır”

19.05.17, 12:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mahmud Məmmədquliyev: "Danışıqlar Azərbaycanın hazırladığı layihə əsasında aparılır"

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin “Report”un Şərqi Avropa bürosuna müsahibəsini oxucularımıza təqdim edirik

- Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlanmasını necə qiymətləndirirsiniz?
- Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar başlayıb. Sazişdə 3 əsas blok var. Birincisi, siyasi və təhlükəsizlik məsələləri, ikincisi, ticarət və sərmayə, üçüncüsü isə digər sahə və sektorlardır (nəqliyyat, energetika, mədəniyyət, insan hüquqları və s.) Biz ilk növbədə Azərbaycan üçün əsas olan siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə başladıq. Qarşı tərəf də bununla bağlı razılaşdı və aprelin 25-26-da ilk görüşümüz baş tutdu. Şübhəsiz, bəzi məsələlər hələlik açıq qalır. Çünki biz blokun hamısını keçməmişik, bu blokun bir hissəsidir, preambula, hansı sahədə əməkdaşlıq və s. Ola bilsin ki, yaxın zamanlarda bu blok üzrə videokonfrans keçirək. Onlar təxminən bir neçə gün bundan əvvəl ticarət və investisiya sahəsi ilə bağlı öz şərhlərini göndəriblər. Ümumiyyətlə, danışıqlar Azərbaycanın hazırlayıb təqdim etdiyi layihə üzərində gedir və onlar bu layihəyə yalnız öz təklif və şərhlərini verirlər. Artıq ticarətlə bağlı 60 vərəqdən çox şərh almışıq. Azərbaycan Xarici İşlər Nazirliyi siyasi və təhüləkəsizlik, İqtisadiyyat Nazirliyi isə ticarət və sərmayələr sahəsində danışıqları aparır. Biz aldığımız şərhləri onlara göndərmişik, bu günlərdə videokonfrans keçirməlidirlər. Əlbəttə, Azərbaycan XİN-in təmsilçiləri də orada iştirak edəcəklər. Artıq üçüncü blokda videokonfans olub, bir neçə məsələlər müzakirə edilib və mənim üçün burada daha çox əhəmiyyətli olanı elm sahəsidir. Mayın 22-də siyasi və təhlükəsizlik məsələlərinə aid növbəti videokonfransımız olacaq. Bundan başqa, Aİ ilə əməkdaşlıq komitəsi kimi bir mexanizmimiz var və mayın 30-31-də Bakıda görüşün keçirilməsi gözlənilir. Biz danışıqları davam etdiririk.
- Danışıqlar nə vaxt yekunlaşa bilər?
- Aİ ilə Azərbaycan arasında danışıqlar həm Bakıda, həm də Brüsseldə aparılacaq. Biz bununla yanaşı bütün texnologiyalardan istifadə edəcəyik. Videokonfranslar, videogörüşlər və s. Əgər hər hansı bir məsələnin üzbəüz müzakirəsinə ehtiyac yaranacağı təqdirdə lazım olarsa gediş-gəliş olacaq. O ki, qaldı müddətə mən hesab edirəm ki, bu vacib nüans deyil. Onsuz da bu ilin noyabrında “Şərq Tərəfdaşlığı” sammitinin zirvə görüşü olacaq. Çox güman ki, bu işləri sammitə qədər çatdırmayacağıq. Bizim üçün sənədin mahiyyəti və keyfiyyəti əsasdır. Bundan əvvəlki əməkdaşlıq və tərəfdaşlıq sazişində öz əksini tapan maddələr yeni sənəddə təkrarlanmamalıdır. Biz istəyirik ki, bu, strateji xarakter daşısın. Danışıqların bir və ya iki il uzanması da mümkündür. Düzdür, 1996-cı ildə Azərbaycan ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalananda ölkəmizin vəziyyəti başqa idi. Onlar həmin sənədi təqdim etmişdilər və biz də baxıb 80-90 faiz qəbul elədik. Amma burada biz strateji məsələni qoyuruq, sənədi hazırlayırıq. Ona görə də mənim üçün sənədin keyfiyyəti daha çox vacibdir.
- Bəs Aİ və Azərbaycan arasında viza rejiminin ləğvi ilə bağlı müzakirələr necə gedir? Bununla bağlı hər hansı bir irəliləyiş varmı və bu qərar nə zaman qəbul oluna bilər?
- Biz Aİ ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini bir-iki il əvvəl imzalamışq. Hazırda bu sənədin icrası monitorinq altındadır. Hər iki tərəfdən Rəhbər Komitənin bu yaxınlarda baş tutacaq üçüncü görüşündə bu işlərin necə icra olunduğuna baxılacaq. Bəzi məsələlər var ki, onları aradan qaldırmaq lazımdır. Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün məsələlər bitsin və artıq Azərbaycan və Aİ tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar aradan qaldırılsa, artıq vizanın götürülməsi ilə bağlı dialoqa başlayacağıq. Bundan sonra onların hazırlayacaqları fəaliyyət planını icra edə və ondan sonra vizanın aradan qaldırılmasına tam keçə bilərik. Bu proses baş verəcək, amma bunun üçün müəyyən vaxt lazımdır.
- Bu ilin noyabrında Brüsseldə keçiriləcək Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitindən Azərbaycanın gözləntiləri nədir? Azərbaycanla bağlı hər hansı bir sənədin imzalanması gözlənilirmi?
- Zirvə görüşü çərçivəsində hansısa bir sənədin imzalanması yaxşı olardı. Azərbaycan Riqa sammitinin təkrarlanmamasını vacib sayır. Çünki həmin sammitdə çox pis vəziyyət yaranmışdı. Belə ki, həmin sammitdə münaqişədən əziyyət çəkən 4 ölkə ilə bağlı sənəd müzakirə edildi. Ancaq üç ölkə ilə bağlı məsələdə eyni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə fərqli mövqe ortaya qoyuldu. Biz bunu tənqid etdik və öz mövqeyimizi ayrıca sənəd şəklində yazaraq onlara təqdim etdik. Ümumiyyətlə, bütün münaqişələrə yanaşma eyni olmalıdır. Məsələn, Avropa İttifaqı Ukraynaya dəstək verir, münaqişənin beynəlxalq prinsip və normalar əsasında həll olunmasını tələb edir. Biz hesab edirik ki, belə bir yanaşma Azərbaycana da şamil olunmalıdır. Bu, bizim üçün ciddi məsələdir, ikili standartlar olmamalıdır. Azərbaycanın gözləntiləri 4 ölkəyə da eyni yanaşmanın sərgilənməsidir. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hörmətlə yanaşır və Dağlıq Qarabağ münaqişənin beynəlxalq prinsiplər əsasında həllinin vacibliyini hesab edirlər. Ancaq indiyədək belə bir mövqe ortaya qoyulmurdu. Aİ əvvəllər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyini və problemin həlli ilə bağlı hansısa əldə olunacaq nəticələri dəstəkləyəcəyini bildirirdi. Bundan sonra Azərbaycan üçün vacib olan enerji, nəqliyyat və digər məsələlər barədə öz təkliflərimizi vermişik. Yəqin sentyabr və oktyabrda bu məsələlər müzakirə olunacaq. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənəd qəbul olunmalıdır. Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi, iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfi isə bir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç bir nəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçün bir çox ölkələrlə işləyirik. Ancaq hər şey Avropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də “Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq.
- İyunun 19-da Lüksemburqda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə Azərbaycanı kim təmsil edəcək? Görüşdə hansı məsələlər müzakirə olunacaq?
- Bu cür görüşlər xarici işlər nazirləri səviyyəsində keçirilir. Ona görə də Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Lüksemburqda növbəti zirvə görüşünə hazırlıq və digər məsələlər müzakirə olunacaq.
- Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar necə gedir? Bu istiqamətdə hər hansı bir irəliləyiş varmı?
- Bu istiqamətdə işlər davam edir, amma məni o qədər də qane etmir. Son görüşümüz ötən ilin iyununda olmuşdu. Hazırda Ümumdünya Ticarət Təşkilatından iyunun 28-29-da Cenevrədə İşçi Qrupun növbəti görüşünün keçirilməsi ilə bağlı məktub almışıq. Eyni zamanda, çoxtərəfli danışıqlarda kənd təsərrüfatında subsidiyalara dəstəyin verilməsi (Domestic support) müzakirə olunur. Biz İşçi Qrupun son görüşündən sonra hazırladığımız sənədləri onlara təqdim etmişik, yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı sənədləri, ən vacibi isə müəyyən qanunvericilik sənədlərini də hazırlayıb təqdim edəcəyik. Hazırda İqtisadiyyat Nazirliyi lə danışıqlar aparırıq. Əgər mallar və xidmətlər üzrə yeni təkliflər olarsa, iyunun sonlarında müzakirə edə bilərik.
- Azərbaycanla-Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasınını 25-ci ildönümü tamam olur. Bolqarıstana səfəriniz çərçivəsində bir çox nazirliklərdə görüşlər keçirdiniz. İki ölkə arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışıq və bu sənədi icra etmək lazımdır. Bizim birgə işləməyimiz üçün bəzi prioritet sahələr var, Nəqliyyat, Energetika, Turizm nazirliklərində keçirdiyimiz görüşlərdə də bunu açıqladıq. Əsas prioritet sahə enerji sektorudur - təbii ki, Azərbaycan qazının Yunanıstan vasitəsi ilə Bolqarıstana çatdırılmasıdır. İkinci prioritet sahə nəqliyyatdır. Bolqarıstan tərəfi Azərbaycan qazını qəbul edəcək Yunanıstan-Bolqarıstan interkonnektorunun qrafikə uyğun tikilib istifadəyə verilməsinə və 2020-ci ildə ilk "mavi yanacağ"ın qəbuluna çalışır. Həmçinin, “Şərq-Qərb”, “Cənub-Şimal” dəmiryolu xətti, Çindən Avropaya daşınacaq yüklərin Bolqarıstan üzərindən keçməsinə ciddi yanaşırlar. Üçüncü prioritet sahə turizmdir. Burada da birgə proqramın qəbul edilməsi, həmçinin, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi müzakirə olundu. Bolqarıstan Prezident Aparatı və Xarici İşlər Nazirliyində keçirdiyimiz görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, həmçinin, işğal olunmuş ərazilərə bolqar rəsmiləri və vətəndaşlarının qeyri-qanuni səfərlərinin qarşısının alınması da vurğulandı.

Bu xəbər oxundu
- - -