Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dinlə bağlı ideologiya ən böyük təhlükədir”

22.05.17, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəşad Mahmudov: “Din adından istifadə olunan bütün cərəyanlar birmənalı olaraq həmişə dövlətçilik prinsiplərinə zidd gedir”

Millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovun BakiPost.az-a müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Rəşad doktor, müsahibəyə başlamazdan əvvəl səhər 6-7-dən əməliyyatda olduğunuzu və bir neçə cərrahiyə apardığınızı dediniz. Elə başlayaq sırf işinizdən. Ürək əməliyyatının digər əməliyyatlardan fərqi nədir? Çətinliyi nələrdən ibarətdir?

- Ürək cərrahiyyəsində bu gün dünyada sərhəd qalmayıb. Anadan olduğu dəqiqədən etibarən 90-100 yaşına kimi insana əməliyyat göstərişi olur və Azərbaycanda, eləcə də Bakı Ürək Mərkəzində bu əməliyyatlar tətbiq edilir. Hətta artıq ürək cərrahiyyəsi, kardiologiya ana bətnindəykən belə həyata keçirilir. Bu prosedurlar ölkəmizdə tətbiq olunmasa belə, ürək cərrahiyyəsinin digər sahələrdə olan inkişaf göstərir ki, yaxın gələcəkdə bunlar da Azərbaycanda mümkün olacaq.
Bunun üçün lazım olan bütün şərait var. Bakıda tək və ilk olan JCI deyilən akkreditasiyadan keçmiş xəstəxanadır. Bu akkreditasiya qonşuluğumuzdakı bəzi ölkələrdə var. Bildiyim qədərilə heç Rusiyada belə bu akkreditasiyadan keçmiş xəstəxana yoxdur. JCI tibbi xidmət üzrə ən yüksək kateqoriyadır.
Bunlardan əlavə, xəstəxananın maddi-texniki bazasının region üçün çox yüksək səviyyəli olması – hibrid əməliyyatxanadan tutmuş, ən müasir reanimasiya imkanları yaradan mərkəz olması deməyə əsas verir ki, müdaxilə edə bilməyəcəyimiz xəstəlik yoxdur. Bu gün ürək-damar xəstəlikləri ölümün və əlilliyin səbəbləri içərisində birinci yerdədir. Bu, ölkəmiz üçün də keçərlidir. Bu səbəbdən mərkəz açıldıqdan sonra İtaliyadan və bir çox Avropa ölkələrindən yüksək ixtisaslı həkimlər gətirmişik. Onlarla bu xidmətin bütün sahələrini əhatə etməyə çalışırıq.
Elə bu həftə içərisində 2 aylıqdan tutmuş, 90 yaşına qədər fərqli yaş qruplarında fərqli xəstəliklərdən əziyyət çəkən xəstələrdə əməliyyatlar aparıldı. Azərbaycanda işlədiyim 12 il ərzində 8500-dən artıq əməliyyat aparmışam. Eləcə də ölkəmizin 10-a yaxın rayonunda açıq ürək əməliyyatlarının aparıla biləcəyini göstərmişik. Bölgələrdə 1000-ə yaxın əməliyyatlar həyata keçirilib. Təkcə Naxçıvanda 1200-ü keçən açıq ürək əməliyyatları aparılıb. Qazax, Lənkəran, Cəlilabad, Qəbələ, Şamaxı, Füzulinin Böyükbəhmənli kəndində belə 3-4 saat davam edən ən mürəkkəb anadangəlmə ürək qüsurları əməliyyatları keçirilib. Bu da səhiyyəmizin ən ucqar nöqtədə belə yüksək səviyyədə həyata keçirdiyinin göstəricisidir.

- Amma səhiyyəmizlə bağlı ictimai rəy, tam mənada siz deyən kimi ağ rəgdə deyil...

- Əlbəttə, dediklərim heç də o anlama gəlməməlidir ki, hər şey idealdır. Biz var olan problemimizi, ölkəmizin səhiyyəsində mövcud sıxıntıları yeri gələndə, həkim kolleqalarımızın özünün tibbi bilgilərinin reallıqları haqqında bəs qədər bilgiyə sahibik. Bunların aradan qaldırılması, yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.
Hesab edirəm, rəqabət mühitinin yaradılması, dövlətin səhiyyəyə böyük diqqətinin olması bu sahəyə ictimai nəzarətin yüksək olması problemlərin tez bir zamanda həll olmasına kömək edəcək.
Yüksək kvalifikasiyalı xəstəxanaların olması birmənalı olaraq həm də rəqabət sistemi içərisində səhiyyənin inkişafına təkan verəcək. Necə ki, bir zamanlar mən Neftçilər Xəstəxanasında olanda orada qurduğumuz sistem ölkədə xoş rəqabət yaratdı. Əvvəllər sağalmasını xəyalına gətirməyən xəstələr belə artıq ölkədə güvən içərisində problemlərini həll eləməyə çalışır. Xəstələrə Avropa sisteminə yaxın bir tibb xidmətini göstərmək, var olan xidmətin səviyyəsini daha da yüksəyə gətirə bilmək bizim üçün çox qürurvericidir.

- Ali təhsilinizi 90-cı illərin əvvəllərində Türkiyədə almısınız bildiyim qədərilə...

-Bəli, 90-cı illərdə təhsil üçün getmişəm və universitetdə tibb təhsili, arxasınca magistratura, doktorantura dediyimiz uzmanlıq sistemi – toplamda 12 il təhsil almışam. Sonra da 2 ilə yaxın xəstəxanada ürək-damar cərrahı olaraq ayrıca sərbəst şəkildə fəaliyyət göstərib Bakıya dönmüşəm.

- Tibb sahəsi üzrə sizinlə birgə neçə tələbə göndərilmişdi?

- Tibb sahəsi üzrə həmin illərdə çox az adam göndərilirdi. Hər qrup içərisində maksimum 5-6 nəfər olurdu. Mənim üçün sevindirici haldır ki, uzun illərdən bəri çiyin-çiyinə fəaliyyət göstərdiyim Abasəli Abasəliyev də eyni dövrdə Türkiyəyə gedən tələbələrdən olub. Bu gün Bakı Ürək Mərkəzində birlikdə - mən ürək cərrahiyyəsində, o isə kardiologiya şöbəsində - işləyirik. Abasəliyevin başqa bir qürurverici tərəfi də var. Biz sovet sisteminin təhsilindən çıxmış tələbələr idik və Türkiyə türkçəsi indiki qədər doğma deyildi. Həmin illərdə biz çətinliklə başladıq, lakin bütün çətinliklərə baxmayaraq, 6 illik təhsili bitirdikdən sonra Abasəli doktor universitetin birincisi seçilmişdi. O zaman üçün yerli tələbələrin bunu alma imkanı daha çox idi, nəinki sovetlərdən gəlmiş birinin. Bütün yerli tələbələr içərisində azərbaycanlı tələbənin birinci seçilməsi bizim qürurumuz idi.

- Sabiq təhsil naziri Firidun Cəlilov bir müddət əvvəl mətbuata xeyli maraqla qarşılanan açıqlama vermişdi. Bildirmişdi ki, 90-cı illərin əvvəllərində Türkiyəyə təhsil almağa göndərilən tələbələrin çoxu FETÖ-yə qoşulub. Bu barədə nə deyə bilərsiniz?

- Türkiyə qardaş ölkədir, mən özümü oranın təhsil sisteminə borclu bilirəm. Amma bu məsələlər Türkiyənin öz daxili siyasətidir. Bunun da Azərbaycanın daxilində istifadə olunmasını qətiyyən uyğun bilmirəm. Ölkələrdə fərqli düşüncələr, fərqli yanaşmalar ola bilər. Türkiyə dünyəvi ölkədir. Belə yerlərdə bəlli bir ideologiyaların əmələ gəlməsi təhlükəlidir. Hələ dinlə bağlı ideologiya, mənə görə ən böyük təhlükədir. Din insanlara kütləvi şəkildə istifadə olunanda ən böyük narkotik effekti verir, insanlar nə düşdüyünün fərqində olmur. Din adından istifadə olunan bütün cərəyanlar birmənalı olaraq həmişə dövlətçilik prinsiplərinə zidd gedir. Dini yaşamaq istəyirsənsə, içində, məscidində yaşa, Allahla öz aranda yaşa...
90-cı illərdə gedən insanlara gəlincə, deyə bilərəm ki, belə meyllər tibbdə oxuyanlarda olmurdu. Çünki tibbdə oxumaq çox çətindir və bu tələbələrin vaxtı elə də çox olmur. Vaxtında qurtarıb, uzmanlıq sistemlərini keçmək lazımdır. Türkiyədə uzmanlıq imtahanından keçmək 30 min nəfərdən 400 yerə seçilməkdir. Biz də buna görə həmin periodlarda sosial hadisələrdən uzaq qalmışdıq.
90-cı illərdə gedənlərin ən pis tərəfi o idi ki, dövlət tərəfindən dəstək az idi. Buna görə də xeyriyyə cəmiyyətləri, din adı altında və ya başqa yollarla tələbələrə yaxınlaşırdılar, ünsiyyət qururdular, onlara öz dəstəklərini təklif edirdilər. İmkanı olmayanlar, yer, maddi sıxıntıları olanlar əlbəttə bu təklifə razılıq verirdilər. Bəziləri bunu hətta göydəndüşmə hesab edirdilər. Azərbaycanlı və digər tələbələrin siyasi cərəyanlardan xəbəri yox idi. Heç Türkiyədə belə 2 il bundan əvvələ kimi dəyər verilən siyasi düşüncələrdən biri fətullahçılıq idi. FETÖ-çü olduğu deyilən universitetlər ən yaxşı universitetlər sayılırdı. Bütün dövlət xadimləri də onların açılışında iştirak edirdi. Heç kim bilə bilməzdi ki, bir gün onlar təhlükəyə çevriləcəklər.
Həmin dövrdə Azərbaycan kimi ölkələrdən gedənlərin maddi imkanlarının zəifliyindən istifadə eləmə şansları birmənalı olaraq daha çox idi. Bir baxımdan Firidun müəllimin dedikləriylə razıyam. Gedən tələbələrin 90 faizini deyə bilmərəm, amma ən azından 40-50 faizinin ciddi şəkildə bu cərəyanın təsiri altında olduğunu görmüşəm. Ona görə yox ki, onlar bu şeylərə hazırlanırdı, sadəcə maddi imkansızlığa görə onların evlərində qalmağa məcbur idilər. Düşüncələri də elə idi ki, orada sənə mənfi heç nə aşılamırlar, dindən, Allahdan danışırlar. Yəni var olan imkanlar daxilində də təhsilini davam etdirirsən.
Amma onu da deməliyəm ki, onlara qoşulan tələbələrin heç də hamısı bu təsir altında qalmadı. Bunlar içərisində bəlli müddət sonra öz həyatına davam edənlər də oldu, var olan sistem içərisində qalanlar da. Bəlkə də onlar heç gələcəkdə nələr olacağını bilmirdilər, amma mövcud olmaları reallıqdır.

- Tələbələri öz çətirləri altına almaqdan ötrü daha hansı üsullardan istifadə edirdilər, necə münasibət qururdular, nələrdən istifadə edirdilər?

- Nələrdən istifadə etdikləri ilə bağlı konkret nəsə deməyim mümkün deyil. Biz isə ora gedəndə qarşımıza birmənalı olaraq dəyər qoyuldu: dövlətin yataqxanalarından başqa heç bir yerə gedə bilməzsiniz.
Bizim dövrümüzdə dövlətin yataqxanalarında qalan heç bir tələbənin sonrakı həyatında bu tip problemlər olmadı. Orada ən çox istifadə olunan amil insanın imkansızlığıdır. Bu o demək deyil ki, onların hansısa fərqli düşüncələri olub. Xeyr, onların tək dərdi olub: oxumaq üçün qalmağa yer. Qalmağa yer axtarırsansa və kimsə sənə bir yer təklif edirsə, sən əlbəttə ki, ona minnətdarlıq hissi duyursan. Bu dəyərlərdən istifadə olunub, daha sonra isə fərqli siyasi düşüncəyə çevrilib. Bu da orada olan tələbənin günahı deyil. Qurunun oduna yaşı da yandıraraq öz gənclərimizə dəyərsiz davranmaq doğru olmaz. Çünki onların arasında kifayət qədər dəyərli düşüncələri olub ölkəyə fayda verən insanlar var. Ərdoğan belə 2 il əvvələ kimi onları tərifləyirdi. Bu o demək deyildi ki, onlarla eyni fikri bölüşürdü. O təriqət içərisinə düşmüş insanları da, məncə, reabilitə etmək dövlətin ən ümdə borclarından biridir.

- Səhiyyənin inkişafı və ən əsası bu kimi halların olmaması üçün ilk növbədə həkimin maaşı qalxmalıdır?..

- Maaşın artırılması vasitələrdən biridir. Səhiyyənin inkişafı üçün səhiyyə xidmətini verən bütün insanların təhsil sistemini bacardıqca mükəmmələ doğru dəyişdirmək lazımdır. Yetəri qədər bilgiyə sahib olmayan bir insana daha çox pul versən nə ala bilərsən ki? Həm də maaşı qaldırmaq lazımdır, həm də lazım olan texniki bazasını və gündəlik sərf etdiyi dərmanlar. Bunları qlobal olaraq düşünüb addım atmaq lazımdır.

Sadəcə xəstə xoşbəxt olsa, həkim olmasa nəticə almaq mümkün deyil. Sonuncu iclasda da dedim: Azərbaycanda xəstə haqları ilə bağlı çox söhbət gedir. Amma həkim haqlarının olmadığı yerdə xəstə haqlarından danışmaq olmaz. Bunu eyni anda düşünmək lazımdır. Sən uzaq başı həkimi öz sənətini atmağa məcbur edəcəksən, bununla nə qazanacaqsan? Haqq dediyin qarşılıqlı olur. Haqq dediyin sərhədlərdir, səninkiylə mənimki eyni olmalıdır. Bundan o tərəfə keçmək olmaz. Bu səbəbdən xəstə haqlarıyla bağlı qanunlardakı dəyişikliklərin həkim haqları ilə paralel aparılması məsələsini qabartmışıq. Yoxsa qanun olar, nəticə verməz. Dəyərli, potensiallı səhiyyəçilərin bu sənətdən uzaqlaşıb başqa işlərlə məşğul olmasını gözə ala bilmərik. Həkimlik sənəti ilə məşğul olan insanlar nə qədər ön plana çıxarsa, bizim övladlarımız da bundan örnək götürüb, o sənətə getmək istəyər.

Bu xəbər oxundu
- - -