Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hər zaman ailəmə bağlı olmuşam”

23.05.17, 11:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vüqar Rəhimzadə: “50 illik həyatımın 30 ilə yaxını mətbuatla bağlıdır”

May ayının 24-də məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyidir. Bu münasibətlə yubilyar APA-ya müsahibə verib. Müsahibəni ixtisarla oxucularımıza təqdim edirik.

- Həyatınızda, xüsusilə də uşaqlıq və gənclik illərinizdə ən yaddaqalan məqamları necə xatırlayırsınız?

- Uşaqlığımda, gənclik dövrümdə yaddaqalan anlarım çox olub. Amma mənim üçün ən unudulmaz gün 1990-cı ilin 9 oktyabr tarixidir. Bir məqamı da qeyd edim ki, qələmimi demək olar, bütün sahələrdə sınamışam. Ümummilli lider Heydər Əliyevlə bağlı olan mövzulara isə həmişə xüsusi diqqətlə yanaşmışam. Bu baxımdan fəxr edirəm ki, mənim ilk və ən mötəbər müsahibim ulu öndər Heydər Əliyev olub. İndiyədək yadımdadır, müsahibə 1990-cı il oktyabrın 9-u saat 19:00-da baş tutdu. Mənim həyatımın ən yaddaqalan anı dünya şöhrətli siyasi xadim, dahi insan, böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə ilk dəfə görüşdüyüm gün olub.
Artıq 50 yaşım var. Sevinirəm ki, indiyədək yaşadığım 50 illik həyatımın 30 ilə yaxını sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox insanları tanıdıb, əsl dostlar qazandırıb.

- Mətbuatdan söz düşmüşkən, qeyd edək ki, siz, həmçinin Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavinisiniz. Yəqin iş qrafikiniz kifayət qədər gərgin olur...

- Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı göstərilir. Xüsusi vurğulamaq lazımdır ki, istər Mətbuat Şurası, istərsə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlətin bu sahədəki siyasətinə dəstək istiqamətində öz fəaliyyətlərini uğurla davam etdirir. Hər iki qurum ölkədə mətbuatın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, eyni zamanda, KİV ilə ictimaiyyət - dövlət qurumları arasında daha sıx münasibətlərin qurulması sahəsində daim fəal çalışır, bununla bağlı mütəmadi olaraq tədbirlər, görüşlər keçirilir, müzakirələr aparılır. Mən də bu qurumlarda təmsil olunan bir şəxs kimi çalışıram ki, Azərbaycan jurnalistikası daim uğur qazansın, müasirləşsin. Hesab edirəm ki, görülən bu uğurlu işlər öz bəhrəsini verir, ölkəmizdə bütün sahələr kimi, mətbuat da sürətlə inkişaf edir.

- "İki sahil" qəzetinin ölkə mətbuatındakı rolu barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, "İki sahil" 1991-ci ildə nəşrə başlayıb. Qəzetimiz hər zaman dəqiq, obyektiv, ədalətli və qərəzsiz mövqeyi ilə seçilib. Dövlətçilik və milli maraqlar naminə mübarizə aparan "İki sahil" həmişə düzgün yolda olub. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi ağır vəziyyətdən çıxarmaq üçün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik. Göründüyü kimi, güclü, müstəqil Azərbaycanın mövcudluğu bizim düzgün, ədalətli mövqedə olmağımızın bir daha təsdiqidir. Bu gün Heydər Əliyev ideyaları yaşayır, ölkəmiz möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Təbii ki, qəzetimiz yarandığı ilk illərdə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır, dövlət başçımızın yürütdüyü uğurlu siyasi kursun ən böyük dəstəkçilərindən biridir. Bununla qürur duyuruq.
Qeyd edim ki, “İki sahil” qəzeti ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, möhtərəm prezidentimiz İlham Əliyevin sədrliyi ilə öz işini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində də hər zaman qətiyyətli mövqe ortaya qoyub. Bununla yanaşı, müəllifi ümummilli liderimiz olan yeni neft strategiyasının Azərbaycanın inkişafındakı əvəzsiz rolu, adı dünyanın nəhəng şirkətləri sırasında çəkilən SOCAR-ın uğurlu fəaliyyəti ilə bağlı araşdırma və təhlili yazılar dərc etmişik və bu istiqamətdəki fəaliyyətimizi səylə davam etdiririk. Təbii ki, “İki sahil” gündəlik ictimai-siyasi qəzet olaraq daim ölkə daxilində və xaricdə baş verən hadisələri diqqətdə saxlayır, insanları doğru, dəqiq və qərəzsiz informasiya ilə təmin edir. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, “İki sahil” müasir Azərbaycan mətbuatının formalaşması və inkişafında böyük rolu olan qəzetlər sırasındadır.

- Siz mətbuatımızın kapitanlarından biri olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüsünüz...

- Sözsüz ki, ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qurub yaratdığı və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin sədri olduğu bir partiyada təmsil olunmaq böyük şərəfdir. Partiya yarandığı gündən Siyasi Şurasının üzvüyəm və eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın düşmüş olduğu faciələrdən qurtulması üçün 1992-ci ilin oktyabrında ulu öndərimiz Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biriyəm. Bütün bunlara görə sonsuz qürur hissi keçirirəm.

- Siz həm də 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmusunuz...

- Tamamilə doğrudur. 2000-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsi üzrə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, II çağırış Milli Məclisə deputat seçilmişəm. Deputat olduğum 5 ildə bir çox qanun layihəsinin müzakirəsində və qəbulunda yaxından iştirak etmişəm, seçicilərimlə mütəmadi olaraq görüşlər keçirmiş, onları narahat edən problemlərin həllinə çalışmışam. Bununla yanaşı, bir çox xarici səfərlərdə olmuşam, ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmişəm. Təbii ki, bütün bunlar mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, deputat, jurnalist və ya sadə vətəndaş olmağından asılı olmayaraq, hər kəs öz xalqına, Vətəninə şərəflə xidmət etməlidir.

- Eyni zamanda, Bakı Slavyan Universitetində tələbələrə jurnalistikanın sirlərini öyrədirsiniz. Bu baxımdan daim gənclərlə ünsiyyətdə olan Vüqar Rəhimzadə onlara hansı tövsiyələri vermək istərdi?

- Birmənalı şəkildə qeyd edim ki, bu gün Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Təsəvvür edin, bu gün bizim gənclərin ən pis geyinəni o dövrün ən yaxşı geyinəni hesab olunardı. Artıq müqayisəni özünüz aparın. İndi müasir, qüdrətli dövlətimiz var. Mən vaxtilə bir mərtəbəli kiçik məktəbdə oxuyurdum. İndi həmin məktəbin əvəzində müasir standartlar səviyyəsində dörd mərtəbəli məktəb binası tikilib. Düzdür, bu gün ölkəmizdə kifayət qədər savadlı, qabiliyyətli, öz Vətənini, torpağını, dövlətini sevən gənclərimiz var. Lakin mövcud mükəmməl şərait, informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda bəzi gənclərin tənbəlliyi məni narahat edir. Gənclərin savadlı, bilikli, dünyagörüşlü olması bizim üçün ən vacib məsələlərdən biridir. Bunun üçün dövlətimiz və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb. Gənclərə tövsiyəm bu olardı ki, yaradılmış münbit şəraitdən maksimum dərəcədə, səmərəli şəkildə istifadə etsinlər, öz bilik və bacarıqlarını daha da artırsınlar. İstənilən addımı atanda, hansısa işin qulpundan yapışanda düşünsünlər ki, cəmiyyət, Vətən üçün nə fayda verəcəklər. Hesab edirəm ki, yaşından, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir vətəndaş ilk növbədə Vətənini, xalqını düşünməlidir.

- Vüqar müəllim, siz müxtəlif vaxtlarda prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Eyni zamanda Ali Media Mükafatı, həmçinin bir sıra digər mükafatlara layiq görülmüsünüz…

- Təbii ki, bütün bu təltiflər möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən mənim kiçik xidmətlərimə verilən böyük qiymətdir. Mən dövlətimizin başçısına ürəkdən minnətdarlığımı bildirirəm. Mən bütün həyatım boyu, hər zaman dövlətimə, xalqıma şərəflə xidmət etməyi hər şeydən üstün tutmuşam. Sözsüz ki, bundan sonra da belə olacaq. Müqəddəs bildiyim, mənim üçün əsas olan bu prinsiplər daim fəaliyyətimin ana xəttini təşkil edəcək. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı, daha güclü Azərbaycan naminə hər bir vətəndaşımız möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstək olmalıdır.

- Maraqlıdır, işində prinsipial, qətiyyətli və tələbkar olan baş redaktor Vüqar Rəhimzadə bəs ailədə necə tanınır?

- Ailə mənim üçün ən müqəddəs anlayışlardan biridir və hər zaman ailəmə bağlı olmuşam. Demək olar ki, boş vaxtlarımı onlarla keçirirəm.
Bakı Dövlət Universitetinin məzunu olan böyük oğlum Səlim hazırda dövlətimizin müqəddəs sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqla hərbi xidmət borcunu şərəflə yerinə yetirir. Ortancıl oğlum Rauf da Bakı Dövlət Universitetində sonuncu kursda təhsil alır. Kiçik oğlum Fuad isə hələ orta məktəbdə oxuyur. Həyatda ən böyük amallarımdan biri onların sağlam, milli ruhda böyüyüb, boya-başa çatmaları, Vətənə layiq şəxsiyyət kimi yetişmələridir. Təbii ki, bunun üçün əlimdən gələni edirəm. Mənimlə yanaşı, Bakı Dövlət Universitetinin məzunu olmuş həyat yoldaşım da var gücü ilə övladlarımızın sağlam ruhda böyüməsinə çalışır. Tələbkar ata olmaqla yanaşı, heç vaxt onlardan sevgimi, qayğımı da əsirgəməmişəm. Yeri gələndə danlamışam, yeri gələndə isə əzizləmişəm. Amma hər zaman onlara həyatda ədalətli olmağı, heç vaxt doğru yoldan çıxmamağı aşılamışam.

Bu xəbər oxundu
- - -