Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Akademiyada institutların bağlanması gündəmdə deyil”

07.06.17, 11:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsa Həbibbəyli: “Əksinə akademiyada mövcud ştat vahidini saxlamaqla əlavə maliyyə vəsaiti tələb olunmadan yeni elmi-tədqiqat institutlarının açılması prosesi gedir”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin APA-ya müsahibəsini təqdim edirik.

- İsa müəllim, söhbətimizə sədri olduğunuz Toponimiya komissiyasının fəaliyyəti ilə başlamaq istərdik. Adların dəyişdirilməsi ilə bağlı komissiyaya müraciətlər daxil olurmu?
- Milli Məclisin nəzdində fəaliyyət göstərən Toponimiya komissiyası parlamentə ərazi idarəetmə qurumlarından olan müraciətlər əsasında adların dəyişdirilməsi, yenidən mənalandırılması məsələlərinə baxır. Əvvəlki illərdə bu istiqamətdə xeyli müraciətlər olub. Demək olar, bütün təkliflər komissiya tərəfindən dəyərləndirilib. Ad dəyişmək zəruri hallarda ola bilər. Adların hər biri ölkənin tarixi və milli düşüncəsi ilə bağlıdır. Ona görə də indiki halda müraciətlərin sayı təbii olaraq azalıb. Müraciət olduğu təqdirdə Toponimiya komissiyasında baxıb dəyərləndiriləcək. Mövqeyimiz bundan ibarətdir ki, yeni adlar təklif olunarkən yerin tarixi mənbələrdəki qədim adının nə olduğu müəyyənləşdirilməli, yaxud adın əhatə etdiyi coğrafi ərazinin toponimiyasından seçilmiş örnəklər əsas götürülməlidir. Kənardan gələn, süni adlara yol vermək olmaz. Bu istiqamətdə işimizi aparırıq və ciddi problemimiz yoxdur.
- Şəxs adları ilə bağlı məsələnin Terminologiya komissiyasından alınması gündəmdə idi. Siz təklif etmişdiniz ki, Rəyasət Heyətində bu məsələ ilə bağlı ayrıca komissiya yaradılsın. Bu məsələ nə yerdə qaldı?
- İndiki halda şəxs adlarının içində alınma adlar olduğu üçün Terminologiya komissiyası bu məsələ ilə məşğul olmağa borcludur. Şəxs adları isə ümumilikdə termin məsələsi deyil. Çünki şəxs adlarının 90 faizi Azərbaycan xalqının sözləri, dilinin imkanları əsasında yaranan adlardır. Bu adların tənzimlənməsi ilə bağlı Ədliyyə Nazirliyində bir qurum fəaliyyət göstərir. Çünki adlar son nəticədə orada qeydiyyatdan keçir. Təsdiq olunmuş siyahıların hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Yəni adları tərtib edir, müəyyənləşdirir. Hətta deyim ki, Şərqşünaslıq İnstitutunun əməkdaşı professor Aydın Abıyevin “Azərbaycan şəxs adları” adlı iki cildlik kitabı son illərdə nəşr olunub. Bu kitab istiqamətverici əsərdir, bütün adlar elmi cəhətdən əsaslandırılıb. Şəxs adlarının rəsmiləşdirilməsi işi tədqiqat mövzusu olmadığı üçün akademiyanın funksiya və səlahiyyətlərinə daxil deyil. Akademiya şəxs adlarının konseptual olaraq müəyyənləşməsinin prinsiplərini ortaya qoyur, adların elmi-terminoloji mahiyyətini öyrənir və s. Yəni təkliflər hazırlayır. Rəyasət heyətinin tərkibində şəxs adlarını araşdıran komissiyanın olmağını təklif edirəm.
- Azərbaycanda ad soyaddan sonra gəlir. Biz müxtəlif ölkələrdə bunun əksini görürük...
- Rəsmi yazılışda soyad, ad və atanın adı qeyd olunur. Çünki təkamül baxımından da hər hansı şəxs üçün soyad birincidir. Şəxsin babasının adı, öz adı və kimin oğlu olmağı sıra ilə gəlməlidir. Bu məntiqlidir. Deyilişdə isə adı qabaqda, soy adı sonra deyə bilirik. Dünyada olan təcrübələrin hamısı bizim üçün məqbul sayıla bilməz. Rəsmi yazılışda soyadın birinci gəlməsini məntiqli hesab edirəm.
- Qanunların dilinin anlaşılan olmaması ilə bağlı tez-tez narahatlıqlar eşidirik. Bu haqda nə deyə bilərsiniz?
- Qanunların dilində nöqsanların olduğu deputatların çıxışlarında da səslənir. Bu daha çox tərcümə olunaraq Milli Məclisə göndərilən qanun layihələrinə aiddir. Bu qanun layihələrində tərcümədən gələn kifayət qədər nöqsanlar olub.
Bu işlə bağlı əlavə və düzəlişlər aparılır, qanunların dili sahmana salınır. Milli Məclisin komissiyalarının hazırladığı qanun layihələri hüquqi ekspertizadan keçirilir. Professional, gənc yaşında olan hüquqi ekspertlər var. Onlar qanunun dilinə, məntiqinə diqqət yetirilər. Əlbəttə, burda unudulmuş, diqqətdən qaçan məqamlar ola bilər. Əgər baxsanız, indi hazırlanan qanunların dilində, leksikasında böyük təkmilləşmə müşahidə edə bilərsiniz.
- Akademiyanın institutlarının birləşdirilməsi zərurəti yenə varmı?
- Azərbaycan Milli Elmlər Akademiyası postsovet məkanında olan akademiyaların mütləq əksəriyyətindən daha doğru yol tutaraq, klassik modeli saxlamaqla, islahatlar aparmaq yolu ilə inkişaf edir. Bu islahatların içində institutların birləşdirilməsi məsələsi də var. Amma yalnız zəruri olduqda belə addımların atılması nəzərdə tutulur. Məsələn, Eroziya İnstitutu ilə Torpaqşünaslıq İnstitutunun birləşməsi prosesi baş verdi. Çünki adları fərqli olsa da, hər iki institutun funksiyaları eyni idi. Belə halda iki institutun birləşməsi zəruri idi. Zəruri olmayan hallarda akademiyada institutların bağlanması gündəmdə deyil. Əksinə akademiyada mövcud ştat vahidini saxlamaqla əlavə maliyyə vəsaiti tələb olunmadan yeni elmi-tədqiqat institutlarının açılması prosesi gedir. Bu istiqamətdə Biofizika İnstitutu, Molekulyar Biologiya İnstitutu yaradıldı. Yeni qurumların yaradılması mobilliyi artırır, dövlət əhəmiyyətli problemlərə diqqəti daha da qüvvətləndirir. Sosializm sistemindən ayrılan elə ölkələr var ki, onların akademiyasında nəinki iki, hətta üç-dörd institutu birləşdirdilər.
Bu, daha çox həmin ölkələrin o dövr üçün olan iqtidarlarının akademiyaya lazımi səviyyədə diqqət yetirməməsi səbəbindən baş verdi. Bizim ölkəmizdə isə ulu öndərimiz Heydər Əliyev ən çətin günlərdə akademiyaya gələrək dedi ki, hansı iqtisadi şəraitdən asılı olmayaraq akademiya da, onun institutları da yaşamalıdır. Ulu öndərin fikrinə görə, Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir, onu qorumaq və inkişaf etdirmək lazımdır. Bu siyasət ölkəmizin prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizin prezidenti akademiyanın qarşısında ciddi vəzifələr qoyub, eyni zamanda akademiyanın inkişafına diqqət və qayğı göstərir. Milli Elmlər Akademiyasında süni surətdə institutların bağlanması yoxdur və olmayacaq.
- Ensiklopediya Mərkəzinin direktoru dövlət qurumlarının abunəyə maraq göstərmədiyini, satışın aşağı olduğu haqqında narahatlıqlarını bildirmişdi. Bu sahədə irəliləyiş varmı?
- Qurumların abunə işinə maraq göstərməməsi problemi var. Halbuki, Ensiklopediya milli sərvətdir. Təyinatından asılı olmayaraq bütün qurumlarda olmalıdır. Təəssüf ki, bəzi qurumlarımız buna ikinci dərəcəli iş kimi baxırlar. Akademiya bu işdən çıxış yol axtarır. Milli Ensiklopediya Mərkəzi özünün satış mərkəzini təşkil edib. Düzdür, həmin satış mərkəzinə müraciətlər yüksək deyil, amma artan maraq müşahidə olunur.
- Ola bilərmi, qurumların qarşısına tələb qoyulsun ki, ensiklopediyanı məcburi şəkildə almalıdırlar...
- İndiki halda məcburi qərarın olmasından çox, maarifçilik işini artırmaq istiqamətində iş görürük.
- Azərbaycanın müdafiə sənayesi ilə bağlı akademiya və müvafiq dövlət qurumları arasında hansısa danışıqlar aparılırmı?
- Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında ölkəmizin müdafiə sənayesi üçün də məhsul istehsal olunur. Akademiya dövlətçilik maraqlarına, məqsədlərinə cavab verə bilən müdafiə sənayesi avadanlıqlarını hazırlanmasına üstünlük verir. Müdafiə sənayesi üçün nəzərdə tutulan avadanlıqların hazırlanması həm onların müasirliyini, həm də idarəetmə beyninin ölkəyə məxsus olmasını zəruri hal kimi qarşıya qoyub.
- Peşə təhsili haqqında qanun nə vaxta qəbul olunacaq və qanunda hansı məsələlər ehtiva olunur?
- Peşə təhsili haqqında qanunun üzərində iş aparılır. Biz bu işi Təhsil Nazirliyi, onun qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə aparırıq. Ölkə reallığı dərindən təhlil olunub öyrənilib. Biz sənəd hazırlayarkən dünya təcrübəsini də öyrənirik. Avropa Şurasının iki yüksək səviyyəli ekspertinin çıxışlarını dinləyib müzakirə etmişik. Bu yaxınlarda Macarıstanda peşə liseyində oldum, təcrübə ilə tanış oldum. Bundan başqa, bir neçə ölkənin qanunvericiliyini öyrənmişik. Avropa ölkələrinin, Çinin təcrübəsini öyrənirik, Cənubi Koreyanın təcrübəsi bizdə böyük maraq doğurur. Artıq öyrənmə prosesini başa çatdırmışıq. Təhsil Nazirliyində peşə təhsilinin fəaliyyətinə dair geniş müzakirə keçiriləcək. Məlumat üçün deyə bilərəm ki, qanun layihəsinin ilkin karkası hazırdır. İyunun axırına qədər işçi qrupunun müzakirəsini təşkil etməyi planlaşdırırıq. Peşə təhsilinə dünyada, o cümlədən, ölkəmizdə böyük maraq var. Azərbaycanda modern peşə təhsili məktəbləri qurulur, onlar üçün ixtisaslı mütəxəssislər hazırlanır. Peşə Təhsili haqqında qanun bunu tənzimləməli, bu sahənin daha da inkişaf etdirilməsinə zəmin yaratmalıdır.
- Sizin dediyiniz kimi peşə təhsilinə son vaxtlar maraq artıb. Artıq insanlar başa düşür ki, nüfuzsuz universitetlərdə ödənişli oxumaqdansa, peşə təhsili alıb mütəxəssis olmaq daha yaxşıdır. Biz indiyə qədər insanların marağını peşə təhsilinə nəyə görə yönəldə bilməmişdik?
- Bunun səbəbi çoxdur. Birinci səbəb ondan ibarətdir ki, SSRİ dağılandan sonra keçid dövründə peşə məktəblərinin maddi-texniki bazası demək olar, dağıdıldı. Onların bir çoxu özəlləşdirildi, yerində təyinata uyğun olmayan ticarət, ictimai iaşə müəssisələri tikildi. Bu dövrü peşə təhsili ağır məhrumiyyətlə keçirdi. İnsanlarda peşə məktəblərinə inam hissi itdi.
Amma ölkəmizdə böyük-iqtisadi inkişaf prosesləri gedir, sənayeləşmə uğurla davam etdirilir. Ona görə də əmək bazarının peşə təhsilli insanlara böyük tələbatı var. Ən son məlumata görə, ölkədə 81 peşə məktəbi öz fəaliyyətini bərpa edib və yenidən qurulub. Daha bir neçə yeni peşə məktəblərinin tikilib istifadəyə verilməsi gözlənilir. Cənubi Koreyanın mütəxəssislərinin iştirakı ilə Bakıda böyük peşə təhsili məktəbinin təməli atılacaq. Gənc nəsildə peşə məktəblərinə münasibət də dəyişilib. İnsanlar inanır ki, gedib orda öyrənə biləcəklər. Başqa tərəfdən əmək bazarının tələbatı böyükdür. Gənclər inanır ki, yaxşı peşə təhsili alsa, işlə təmin olunacaq.
- Siz bir neçə dəfə demisiniz ki, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi müzakirə olunmur. Amma cəmiyyətdə ciddi narahatlıqlar var və insanlar bağçaların nazirliyin tabeliyinə verilməsini vacib sayırlar...
- Biz məktəbəqədər təhsil haqqında qanun layihəsini hazırlayarkən Milli Məclisə də bu cür yazılı və şifahi müraciətlər olmuşdu. O zaman da verdiyim cavab bundan ibarət idi ki, qanunverici sənəddə hansı qurumun hansı nazirliyin tabeliyində fəaliyyət göstərməsi məsələsi qətiyyən yazılmır. Yazılıb ki, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti mövcud icra hakimiyyəti orqanı vasitəsi ilə həyata keçirilir. Mövcud icra hakimiyyətinin müəyyənləşməsi hüquqi prinsip deyil. Bu, siyasi-inzibati qərardır.

Bu xəbər oxundu
- - -