Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb

09.06.17, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə hökmünün elan olunması üçün Meşginşəhr Məhkəməsinə çağırılıb.
Mayın 29-da göndərilən çağırış vərəqəsinə qeyd olunub ki, fəal bir həftə ərzində Meşginşəhr Məhkəməsinin 102-ci Şöbəsinə müraciət etməlidir.
Tanınmış fəal məhkəməyə türkcə yazdığı məktubda cəza qanununun 380-cı maddəsinə istinad edərək qanunsuz çağırışa məhəl qoymayacağını bildirib.
Abbas Lisaninin çağırışla bağlı Meşginşəhr Məhkəməsinin 102-ci Şöbəsinə yazdığı məktubda deyilir: “Məhkəmə hökmünün elanı üçün mayın 29-da çağırış vərəqəsi göndəribsiniz. Lakin cəza qanununun 380-cı maddəsinə əsasən məhkəmə hökmü dosyenin tərəflərinə, vəkil və prokurora göndərilməlidir. Məni qeyd etdiyim maddənin ikinci bəndinə görə də məhkəməyə çağırmaq olmaz. Çünki, burada iffətə zidd, həmçinin daxili və xarici təhlükəsizliyə qarşı hərhansı cinayət törədilməyib. Ona görə də, yaxşı olar ki, məhkəmə hökmünü mənim özümə göndərəsiniz. Mən qanunsuz çağırışa görə məhkəməyə gəlməyi qanunsuzluğa baş əymək kimi qəbul edirəm”- deyə məktubun bir hissəsində qeyd olunub.
Cəza qanununun 380-cı maddəsində məhkəmə hökmünün dosyenin tərəflərinə, vəkillər və prokurora elan olunmasının vacib olduğu bildirilir. Həmin maddəyə əsasən tərəflərin məhkəməyə gəlməsinə ehtiyac yoxdur.
380-cı maddənin 1-ci bəndində qeyd olunur ki, məhkəmənin çıxardığı hökm 3 gün ərzində elan olunmalıdır. 2-ci bənddə isə bildirilir ki, iffətə zidd cinayətlərdə hökmdə şikayətçinin bilməsi haram sayılan məsələlər varsa, həmçinin daxili və xarici təhlükəsizliklə bağlı cinayət törədilibsə, hökm ayrı-ayrılıqda bir başa açıqlanmalıdır.
Tanınmış fəal 2017-ci il martın 7-də son məhkəmə iclasında meşginşəhrli fəalların birininin toyunda çıxış etdiyi üçün sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Abbas Lisani Güney Azərbaycanda ən tanınmış milli-mədəni fəallar sırasındadır. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb, rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

Bu xəbər oxundu
- - -