Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kommunal sahədə özbaşınalığa son

13.06.17, 15:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin sessiyasında Mənzil Məcəlləsinə dəyişiklik edildi

Dünən Milli Məclisin növbədənkənar iclası keçirilib. İclasın gündəliyinə bir sıra sənədlərin ratifikasiyası, Əmək, Vergi və Gömrük məcəllələrinə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Əmək pensiyaları haqqında", "Valyuta tənzimi haqqında", "Bədən tərbiyəsi və idman haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla, 38 məsələ daxil edilib.
“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) maddəsinə əlavə bəndlər təklif edilir. Təkliflərdə federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur. Deputat bildirib ki, respublika idman federasiyaları tərəfindən bu qanuna yuxarıda qeyd edilən əlavənin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.
Millət vəkili Fazil Mustafa deyib ki, son zamanlar bir neçə idmançılarımızla bağlı bu məsələ gündəmə gəldi ki, 5, 7 il qabaq dopinqdən istifadə ediblər. Deputat bildirib ki, ölkə prezidenti həmin idmançılara bayrağımızı qaldırdıqlarına görə mükafat verilməsini təmin edib: “Amma illər keçir, həmin idmançıların dopinqə görə medalları, titulları əllərindən alınır. Biz elə bir mexanizm düşünməliyik ki, belə adamlara layiq olmadığı halda pul getməsin. Bu adamlar dopinqdən istifadə edib insanları və idman ictimaiyyətini aldadıblar. Bunu edirlərsə, onların bu pulları xərcləməsinə imkan yaradılmasın. Ona görə də bu məsələ ilə bağlı müvafiq komitə müəyyən bir mexanizm düşünməlidir. Ən azından bu insanlara verilən vəsaitin verilməsi müəyyən bir müddətə qədər nəzərdə tutula bilər. Çünki dopinqdən istifadənin aşkara çıxarılmasına qədər bu pulun ödənilməsi dayandırılar. Bəzi idmançılarda belə bir hallar aşkar edildi. Bir qisim adamlar var ki, onlara verilən pullar artıq getdi və onları qaytarmaq mümkün deyil”.


“Siyasi partiyaların, QHT-lərin maliyyələşməsinə yenidən baxılmalıdır”


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, hər bir məsələnin arxasında maliyyə dayanır: “Maliyyə təmnatı olduqda bir çox məsələlər öz yerinə düşür. Həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır. Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər. Bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq zaman göstərdi ki, biz düzgün addım atmışıq”.
Millət vəkili qeyd edib ki, həm siyasi partiyalar, həm də QHT-lər maliyyə mənbəyi barədə məlumat verməlidirlər: “Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycanda almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik. Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir”.


“Bir mənzil üçün 150-200 manat aylıq pul alınır”

Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar: “Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”. O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: “Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

“Rusiyada yaşaydan kommunal ödəniş tələb edilir”

Deputatı Çingiz Qənizadə isə “biz 2009-cu ildə bu qanunu tətbiq etmişik. Təəssüf ki, bir çox hallarda qanun işləmir”,- deyə bildirib: “Çünki Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) burada marağı var, pul yığırlar. Kommunal xərclərin yığımında ayrı-seçkilik ola bilməz. Ancaq bəzən eşidirik ki, MKİS-lər deyir, bina çox gözəl yerdə yerləşir. Odur ki, kommunal xidmətlər üçün daha yüksək pul istənilir. Bu gün edilən dəyişikliklər boşluğu dolduracaq, konkretliyi təmin edəcək”. Çingiz Qənizadə bildirib ki, bəzən çoxmənzilli binalarda xoşagəlməz hallar müşahidə edilir: “Vətəndaş Rusiyada yaşayır, mənzil alıb, amma illərdir ki, orada yaşamır. Lakin buna baxmayaraq, ondan kommunal ödənişlər tələb edilir. Bu, doğru deyil. Çünki bir çox hallarda həmin şəxslər heç aldığı mənzili belə təmir etdirməyib. Həmkarım Elmira xanım deyir ki, bəzən mənzillərin 5-7 min manat borcu olur. Əslində, qeyd etdiyim insanlardan bu pulu tələb edirlər. İnsan yaşamadığı halda necə pul ödəyə bilər. Hesab edirəm ki, bu qanun qüsurları aradan qaldıracaq”.
İclasda həmçinin “Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub. Qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur: “Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq. Bildiyiniz kimi ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul ola bilmirlər. Onlar müəyyən bal toplasa da, bakalavr pilləsinə qəbul ola bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəffəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək”.
Deputat onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.


“Diplom almağı çətinləşdirmək lazımdır”

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır: “Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar. Ona görə də bizdə də diplom almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır”.
Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb.
Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar: “İldə Azərbaycanda 70-80 min abituyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır. Qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onalrın 20 mini xarici ölkəyə üz tututb. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur”.

Əli

Bu xəbər oxundu
- - -